Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

«Ayı işi» yenidən qayıdır


Anar Məmmədov
Anar Məmmədov

-

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov «Ayı işi» bağlı «Yeni Müsavat» qəzetinə qarşı iddianı yenidən gündəmə gətirib.

Bu barədə AzadlıqRadiosuna Anar Məmmədovun vəkili Ruslan Məmmədov məlumat verib.

Vəkilin dediyinə görə, onların belə bir addım atmasına səbəb son vaxtlar qəzetin yenidən həmin məsələni tez-tez gündəmə gətirməsi olub.

«Vaxtilə «ayı işi» ilə bağlı ilk məlumat yazan «Azadlıq» qəzeti olmuşdu. Bizim əlimizdə Ali Məhkəmənin qərarı var idi ki, qəzetlərin yazdığı hadisə olmayıb. Qəzetlərə qət olunmuşdu ki, cərimə ödəyib üzr istəsinlər. «Azadlıq» qəzeti təkzib verib, üzr istədi. «Yeni Müsavat» üzr istəmədi və bizə belə təklif etdilər ki, bu kampaniyanı bitirib bizimlə əməkdaşlığa başlayırlar. Biz də bu razılaşmadan sonra məhkəmə icraatını dayandırmışdıq. Amma onlar son günlər yenidən başlayıblar həmin məsələdən yazmağa. Ona görə biz qərara gəldik ki, bu işi başa çatdıraq. Nizami rayon Məhkəməsinə müraciət etmişik. Məhkəmə qərar çıxarıb ki, baş redaktor üzr istəməli və 4 min manat cərimə ödəməlidir. Ali Məhkəmənin qərarı olduğu üçün qanun buna imkan verir. Cərimə bizim üçün o qədər də əhəmiyyətli deyil, biz o, qəzetin üzr istəməsini tələb etmişdik. Üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar və bu yolla onlar məhkəmə qərarını icra edəcəklər».

RAUF ARİFOĞLU: «GÜNAH BİZDƏN GETDİ»

«Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu isə musavat.com-a Anar Məmmədovun yenidən belə bir qərara gəlməsini səhv addım adlandırıb:

«Onu bizdən hörmət etdiyim adamlar xahiş etmişdilər. Lakin, deyəsən, o gənc elə bilir biz üstümüzə düşən iki min manat cəriməyə görə susmuşduq. İndi aradakı xahişləri də, aylarla davam edən «Ayı» sükutunu da yerə vurdu. Bunun altını özü çəkəcək - günah bizdən getdi. O da atası kimi Fərahimin üzərində qələbə çalmaq üçün özünün cinayətkar əmisi oğluna dəstək verməyə qalxıbsa, səhvə yol verib. Fərahim İlqaroğlu məhz onun əmisi oğlunun sifarişi ilə döyülüb, 4 dişi sınıb, xəstəxana yollarında qalıb; üstəlik Anarın nazir atası onu himayə edir. Və təbii ki, bu halda biz Ziya Məmmədov və onun çevrəsindən yazmalıydıq. Anar Məmmədova bu toxunursa, dünəndən toxunsun».

Qəzetin hüquqşünası Vaqif Hüseyn isə apellyasiya şikayəti verəcəklərini və sona qədər öz hüquqlarını müdafiə edəcəklərini deyib.

Anar Məmmədov 2010-cu ildə «Azadlıq» və «Yeni Müsavat» qəzetində dərc olunmuş, onun dostları ilə birlikdə Qəbələdə məmurlardan birinə məxsus restoranda 1 milyon manat ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edib. O, yazılanları şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirib və maddi təzminat olaraq qəzetlərdən üst-üstə 500 min manat istəyib. Məhkəmə sonda Anar Məmmədovun iddiası təmin edərək hər qəzetin ayrılıqda ona 4 min manat ödəməsi və üz istəməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG