Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:35

Alqışlar-zad... Qiyamət olacaq...


-

Vurğun Maşıyev

YALNIZLIQ

Dedim özüm-özümə sürpriz hazırlayım doğum günümə.

Şəhərin bahalı yerində yerləşən lüks bir restoranla razılığa gəldim: axşam 9 radələrində mənə sürpriz etsinlər. İşıqlar sönəcək və “ad günün müüübaarəək” musiqisinin müşayiətilə tort kəsiləcək. Alqışlar-zad. Qiyamət olacaq.

Səhəri gün heç nədən xəbəri olmayan biri kimi girirəm ora və saat 9-a yaxın nəsə qəribəlik hiss edirəm ortalıqda.

Görəsən, nə olur axı? Hamı nəsə qəribə aparır özünü. Aman Allah! Mənə sürpriz hazırlayıblar? İnana bilmirəəəəm! Ağlamayım, ağlamayım deyirəm ancaq göz yaşlarıma hakim ola bilmirəm. Ard-arda gəlir əclaflar gözlərimdən dayanmadan.

Adamlar qəfil, əllərində üstündə şamlar düzülmüş tortla gələndə təsirlənmişdim. Hamısını bir-bir qucaqlayıb gözlərindən öpdüm. “Nə ehtiyac var idi axı, ay bala? dedim. Adam bir xəbər edər heç olmasa. Aman Allahım! Doğum günümü unutmamaqları necə də qəribədir! Yaramazlar hələ sürpriz də hazırlayıblar..

Ard-arda şəkil çəkdiririk. Əlbəttə, sabah uşaqlar twitter-də kadrları görəndə dəli olacaqlar. Heç kimim yoxdu axı mənim. Elə bilirlər doğum günüm qeyd olunmayacaq. Oğraşlar.

Restoran müdiri yaşıma görə şam düzdürməsin torta?! Saata baxıram: 21:21. O da məni fikirləşir. (Bəziləri ayrıldıqdan sonra başqa qucaqlara üz tutarlar ancaq mən əqrəblər üst-üstə gəlsə, “O da məni düşünür” zənn edərəm.) Arzu tutub şamları üfləməliyəmmiş. Ofisiant dedi. Hamı belə edirmiş çünki. Bicbalaya bax hələ sən! Guya bilmirəm mən. İlk dəfə deyil ki, qeyd edirəm.

“Gələn ilə qədər,” – deyirəm – “hamımızın işi xeyirli olsun! Başqa bir arzum yoxdu. Mən çox yaxşıyam zatən” Ancaq aldanmırlar. Uşaq deyillər axı. Gözlərimə baxan kimi başa düşürlər o saat. Xeyli gülürük. Ölürük gülməkdən.

Hər kəsin nömrəsini və doğum günlərini telefona qeyd etdikdən sonra tərk edirəm oranı. Halbuki bir azdan masaya gələcək hesabın ağırlığını hiss edirəm. Tortlar, içkilər.. Ətlərinə dolayıblar məni əməlli-başlı. Axmağam məgər? Bilmirəm ki, hamısı pulludu?

Çıxandan sonra bir xeyli gəzdim. Qəribə bir melanxoliya çökmüşdü üstümə. Susdum uzun müddət. “Yalnızlıq – təsadüfən girdiyin bir restoranda həyatındakı ən son xəbərləri ofisiantlarla paylaşmaqdır” – dedim öz-özümə. “Yalnızlıq – “bir neçə gündür, burda deyildim” dediyim zaman “Doğrudan?” deyə reaksiyalar almaqdır. Yalnızlıq – işdən sonra telefonun enerjisinin bitməyini vecinə almamaqdır. Axşamın qaranlığında bulvardan evə qayıdarkən öz-özünə mahnılar oxumaqdır yalnızlıq.”

XS
SM
MD
LG