Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Mehman Hüseynov Nəsimi polisində başına gələnləri danışır


Bloqqer Mehman Hüseynov

Bloqqer Mehman Hüseynov

-

İyulun 7-də iş yerinin yaxınlığından Nəsimi Rayon Polis İdarəsinə aparılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, bloqqer Mehman Hüseynov sərbəst buraxılandan sonra AzadlıqRadiosuna saxlanma səbəblərindən danışıb:

- Səhər 9 radələri olardı, RATİ-dən çıxıb mağazaya getdim, qayıdanda elə Xəqani küçəsində bir-neçə maşından çıxan bir leytenant, 7 nəfər mülkigeyimli mənə tərəf gəldi. Mehman Hüseynov olub-olmadığımı soruşdular və mən təsdiqlədim. Bu zaman üstümə cumub tutmaq istəyirdilər. Bildirdim ki, zorakılıq etməyin, əgər mənim tutulmağımla bağlı sifariş varsa, heç yerə qaçan deyiləm, hara deyirsiniz getməyə hazıram. Mindik maşına məni əvvəlcə Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə apardılar. Rəis mənə dərs keçir kimi danışırdı. Məsləhət görürdü ki, indiki işimdən əl çəkim və s. Mən isə bildirdim ki, məni vəkillə təmin edin ondan sonra sizin suallarınıza cavab verəcəm. Bundan sonra məni Nəsimi Rayon Polis İdarəsinə apardılar.

- Səni konkret nəyə görə polisə aparmışdılar?

- Müstəntiq dedi ki, məni aprel ayında bir mağaza sahibinin şikayəti əsasında saxlayıblar. Həmin şikayət ərizəsi ilə tanış oldum. Ərizədə yazılmışdı ki, guya mən onun Nəsimi polisinin yaxınlığında olan mağazasına gəlmişəm, ona mağazadan bir qədər aralı gecə barından reportaj hazırlamaq istədiyimi demişəm. Guya ondan barın kimə məxsus olduğunu soruşmuşam. O, bunu bilmədiyini deyib və guya buna görə onu söyüb, sonra da döymüşəm. Hətta ətrafa xeyli adam yığılıb və mən onları da söymüşəm. Sonra həmin adam yazır ki, onu hədələyib, Mehman Hüseynov olduğumu deyib ərazidən uzaqlaşmışam.

- Bəs, bu şikayətə cavabınız nə oldu?

- Mən belə bir hadisənin olmadığını, ümumiyyətlə bir il ərzində Səbail rayonundan kənara çıxmadığımı və hər hansı bir araşdırma da aparmadığımı, ümumiyyətlə araşdırmaçı jurnalist olmadığımı dedim. Bildirdim ki, bu mənə qarşı həyata keçirilən şantaj və böhtan kampaniyasıdır. Bildirdim ki, ən azı mağazanın müşahidə kameralarına baxa bilərsiniz və əgər belə bir hadisə olubsa onu üzə çıxara bilərsiniz. Həmin mağaza Nəsimi Polis İdarəsinin yanındadır və orda da təhlükəsizlik kameraları var. Həm də soruşdum ki, aprel ayından edilən şikayəti indi niyə araşdırırsınız ki? Bir cavab vermədilər. Həm də onlara bildirdim ki, bəlkə mənim adımdan kimlərsə istifadə edib, onu da araşdırsınlar...Bundan sonra məni Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına apardılar. Orda da mənə dedilər ki, ağıllı uşaqsan, bu işlərdən əl çək, polisləri çox tənqid eləmə... Sonra saç və geyimimlə bağlı suallar verdilər ki, bu nə saçdır, bu nə geyimdir və s. İstəyirdilər onlara kobud cavab qaytarım, amma onların dediklərini təbəssümlə qarşılayırdım. 20 dəqiqəyə yaxın söhbətdən sonra sərbəst buraxıldım. Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Mehman Hüseynovun Nəsimi polisinə aparılmasını təsdiqləyib:

«Bir vətəndaşın həm DİN-ə, həm də Nəsimi polisinə şikayəti olub. Şikayətçi yazıb ki, Mehman Hüseynov ona hədə-qorxu gəlib. İzahat alındıqdan sonra Mehman Hüseynova qanunları pozmamaqla bağlı xəbərdarlıq edilib və buraxılıb».

2012-ci il iyunun 12-də «Eurovision» mahnı müsabiqəsindən sonra Mehman Hüseynov polis əməkdaşına qarşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. İki gündən sonra M. Hüseynovu buraxıblar. Cinayət işinə hələ də xitam verilməyib.

MEHMAN HÜSEYNOV NAMƏLUM ŞƏXSLƏR TƏRƏFİNDƏN SAXLANIB

Bloqqer Mehman Hüseynov iyulun 7-də səhər saat 09:25-də Xaqanı küçəsində (Hesablama Palatasının binası ilə üzbəüz) naməlum şəxslər tərəfindən bəlli olmayan istiqamətə aparılıb.

Bu barədə «Turan» informasiya agentliyi məlumat yayıb.

Hadisənin şahidi olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşının agentliyə dediyinə görə, bloqqeri saxlayanlar onu qara rəngli cip «Prado» avtomobilinə əyləşdirərək digər ağ rəngli maşının müşayiəti ilə aparıblar.

RATİ-nin direktoru Emin Hüseynov hadisə barədə DİN-in «102» sorğu xidmətinə məlumat verdiklərini deyib.

Məlumata görə, RATİ əməkdaşları iki gün ərzində ofisin həyətində şübhəli adamların olduğunu görüblər. Şənbə günü onlardan biri RATİ-nin ofisinə gələrək özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Mehman Hüseynovun yerini soruşub. Ondan vəsiqəsini tələb etdikdə həmin şəxs ərazidən uzaqlaşıb.

Nəsimi polisindən onların belə bir axtarış aparmadıqlarını deyiblər.

RATİ direktoru Emin Hüseynov AzadlıqRadiosuna Mehman Hüseynovun bir neçə dəqiqə əvvəl sərbəst buraxıldığını deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG