Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

-

İyulun 6-da Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib. Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər partiyanın sədri seçilib.

Sülhəddin Əkbər AzadlıqRadiosuna müsahibəsində deyib ki, 2013-cü ilin dekabrında Təşkilat Komitəsi yaradılmışdı. Bu müddətdə nizamnamə və proqram hazırlanıb.

- Biz belə hesab edirik ki, dünya liberallaşır, qloballaşır. Azərbaycan da bu tendensiyadan kənarda qalmamalıdır. Azərbaycan da liberallaşmalı, demokratikləşməlidir. Bunun üçün ölkədə orta sinif möhkəmlənməlidir. Orta sinfin maraq və baxışlarını ifadə edən siyasi partiyanın yaranmasına ehtiyac var.

- Partiyanızın xətti necə olacaq?

- Bu, orta sinfin partiyası olacaq. Liberal demokratik dəyərlərə söykənən bir partiya olacaq. Əsas prinsiplərimiz fərdiyyətçilik, azadlıq, azad bazar iqtisadiyyatı, liberalizm, demokratiya və insan haqlarıdır. Xaricə oriyentasiya da Avroatlantik məkana, Avropa Birliyinə və NATO-ya inteqrasiya xətti olacaq. Partiyamız liberal demokratik siyasi düşüncəyə malik, sağ mərkəzçi müxalifət partiyası olacaq. Mötədil xətt tərəfdarı olacağıq.

- Azad Demokratlar Partiyasının seçkilərdə iştirakı necə olacaq?

- Şəxsən mən bələdiyyə və parlament seçkilərində iştirakın tərəfdarıyam. Bu fikrimi səsləndirdim, qurultay da dəstəklədi. Yeni təsis olan bir partiya olsaq da çalışacağıq ki, bələdiyyə seçkilərində səmərəli iştirak edək. Ancaq əsas hədəfimiz parlament seçkilərində iştirak olacaq.

- Digər partiyalarla əlaqələriniz necə qurulacaq?

- Digər partiyalarla strateji əlaqələrimiz iki prinsip əsasında qurulacaq. Birinci, siyasi ideoloji xətti bizim partiyamızla üst-üstə düşən siyasi partiya və qüvvələrlə. İkinci, Azərbaycanda bütün demokratik potensialın mobilizasiyasına imkan verən ən geniş əsaslı ümumdemokrat, ümummilli birlik forması yaradılarsa. Bu iki halda biz birliklərdə, koalisiyalarda iştirak edəcəyik. Taktiki birliklərə gəldikdə isə bu seçkiqabağı siyasi şəraitdən asılı olacaq. Ölkənin demokratikləşməsi, siyasi islahatların aparılması sahəsində hər bir siyasi qüvvə ilə dialoqa və əməkdaşlığa hazırıq.

- Siz Milli Şurada da təmsil olunurdunuz. Bundan sonra Milli Şuradakı fəaliyyətinizi necə quracaqsınız?

- Milli Şurada fərdi qaydada təmsil olunurduq. Partiyanın siyasi kursu bəllidir. Üzvlərimiz partiyanın strateji qərarına uyğun olaraq Milli Şurada fərdi qaydada fəaliyyətlərini dayandırıblar.

- Qeydiyyatla bağlı nə vaxt müraciət edəcəksiniz?

- Təsis qurultayımız indilərdə qurtardı. Daha sonra Ali Məclisin birinci sessiyasını keçirdik. Qısa zamanda sənədlərimizi hazırlayıb rəsmi qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik.

Azad Demokratlar Partiyası müvəqqəti olaraq Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında yerləşir. Bu günkü təsis qurultayı isə Vətəndaş Həmrəyliyi Partiyasında keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG