Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

-

Diplomatik, rəsmi, xidməti və xüsusi pasportları olan Azərbaycan vətəndaşları dünyanın 39 ölkəsinə vizasız getməsi mümkündür. Bu hüquqdan səfərə çıxanların ailə üzvləri də yararlana bilərlər. Azərbaycan Xarici İşlər Nazirliyinin internet səhifəsində vizasız gedilə biləcək ölkələrin siyahısı verilib.

2014-cü ilin mayınadək bu siyahıda daha çox – 46 ölkənin adını oxumaq olardı.

ADİ VƏTƏNDAŞ 15 ÖLKƏYƏ VİZASIZ GEDƏ BİLƏR

Adi pasporta sahib Azərbaycan vətəndaşı 15-dək ölkəyə vizasız gedə bilər. Bunların 11-i postsovet dövlətləridir.

Diplomatik və xidməti pasportları olanların xaricə səfər imkanları daha genişdir. Belə pasport sahibləri daha çox ölkəyə vizasız gedə bilərlər. Çinin xüsusi inzibati ərazisi olan Honq-Konq istisna edilməklə, həmin ölkələrdə onların 30 gündən 90 günədək vizasız yaşamaq hüququ var. Honq-Konqda bu müddət 14 günlə məhdudlaşır.

«VİZASIZ GEDİŞ-GƏLİŞ 2 QRUPA BÖLÜNÜR»

Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənovun fikrincə, bir çox hallarda rəsmi qurumlar və bəzi kütləvi informasiya vasitələri vizasız gediş-gəlişi yanlış olaraq Azərbaycan vətəndaşlarının hamısına şamil edirlər:

«Bu, yanlış məlumatdır. Vizasız gediş-gəliş iki qrupa bölünür. Bunlardan biri ümumvətəndaş, digəri diplomatik və xüsusi pasportları olanları nəzərdə tutur. Ümumvətəndaş pasportları olanlar Türkiyə və İrana, eləcə də 11 keçmiş sovet respublikasına vizasız gedib-gələ bilər. Azərbaycan vətəndaşlarının Baltikboyu ölkələrə və Türkmənistana vizasız səfər etməsi isə mümkün deyil. Xarici İşlər Nazirliyinin səhifəsində adıçəkilən 39 ölkəyə vizasız gediş-gəliş də ancaq diplomatik, xidməti və xüsusi pasportları olanlar və onların ailələri üçün keçərlidir».

İKİ ÖLKƏ İLƏ BİRTƏRƏFLİ MÜQAVİLƏ VAR

Azərbaycanlıların adi pasportla vizasız gedib-gəldiyi iki ölkədə isə bu müqavilə birtərəfli qaydada işləyir. Söhbət Türkiyə və İrandan gedir.

Əvəz Həsənov

Əvəz Həsənov

Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedib-gəlsələr də, bu iki ölkə vətəndaşlarının Azərbaycana gəlişi yalnız viza ilə mümkündür. Diplomatik pasportla Türkiyəyə gedənlər bu ölkədə 3 ay vizasız yaşaya bilsə də, ümumvətəndaş pasportu olanlar bir ayla yetərlənməlidirlər. Türkiyə vətəndaşlarına gəlincə, onlara münasibət fərqlidir. Azərbaycanlılar Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşları yalnız beynəlxalq hava limanlarından yararlanarkən, vizasız gələ və gəldikləri ölkənin giriş vizasını alıb bu ölkəyə daxil ola bilərlər.

Rəsmi Tehran 2009-cu ilin dekabrında viza rejimini birtərəfli qaydada ləğv etsə də, Azərbaycan qarşılıqlı addım atmağa tələsmədiyini açıqlayıb.

İranın Azərbaycandakı konsulluğunda düşünürlər ki, Bakı da viza rejimini ləğv etsə, bu iki ölkə arasında münasibətlər daha da yaxşılaşar.

Azərbaycan parlamentində səslənən rəqəmlərə görə, 2013-cü ildə bu ölkədən İrana, azı, 2 milyon adam səfər edib. Bu, İrandan Azərbaycana gələnlərin sayından dəfələrlə çoxdur.

«GƏRƏK SƏRHƏDDƏN HEÇ QUŞ UÇURMAYASAN»

Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov Azərbaycanın İran vətəndaşlarında viza istəməsini belə əsaslandırır:

«Bu, Azərbaycanın yerləşdiyi coğrafi məkanın mürəkkəbliyi, həm də tranzit ölkə kimi cəlbedici olması ilə bağlıdır. Misal üçün, İrandan, Pakistandan, Uqandadan adamlar gəlir, 30 gün qalırlar. Başqa ölkələrə gedə bilməyəndə də burada qalırlar. Azərbaycan hökuməti bunu istəmir. Azərbaycan readmissiya (geriqaytarılma) sazişini imzalayıb və viza məsələsi bundan sonra daha da ciddiləşəcək. Necə deyərlər, gərək sərhəddən heç quş uçurmayasan. Əks halda, sərhədi keçən hər bir əcnəbinin geriqaytarılma xərcini Azərbaycanın özü çəkməli olacaq».

Azər Allahverənov

Azər Allahverənov

ORTAYA BİR SUAL ÇIXIR

Ekspert Azər Allahverənov da İran və Türkiyə vətəndaşlarına viza tətbiqini daha çox Azərbaycanın təhlükəsizliyi ilə əlaqələndirir:

«Soruşa bilərsiniz ki, niyə bəs Rusiya, Gürcüstan və digər keçmiş sovet respublikaları ilə vizasız gediş-gəliş var? Çünki bu məkanda oturuşmuş bir sistem mövcuddur. Yəni informasiya mübadiləsi baxımından Azərbaycanla MDB ölkələri arasında daha geniş əməkdaşlığın olması bu ölkələrlə vizasız gediş-gəlişə imkan verir. Amma Türkiyə və İrana münasibətdə durum fərqlidir. Bu üzdən Azərbaycan həmin ölkələrin vətəndaşlarına vizalı gediş-gəliş tətbiq edir. Ola bilsin ki, bu məsələ nə vaxtsa gündəmdən çıxsın və hər iki qonşu ölkənin vətəndaşları Azərbaycana vizasız gedib-gəlsin».

SİYAHIDA ADI KEÇƏN ƏCNƏBİLƏR…

Vizasız gediş-gəlişə icazə verən qarşılıqlı müqavilələr olsa da, xarici ölkə vətəndaşları ilə bağlı Azərbaycanın özünün də ayrıca siyahısı var.

Xarici İşlər Nazirliyinin hazırladığı bu siyahıda adı keçən əcnəbilər Bakının razılığı olmadan işğal altındakı Azərbaycan torpaqlarına səfər etdikləri üçün arzuolunmaz şəxs sayılır və Azərbaycana buraxılmırlar.

Şərhləri göstər

XS
SM
MD
LG