Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

-

Əmlak Komitəsinin sədri Kərəm Həsənov iyulun 4-də Astarada rayon sakinlərini qəbul edib. Heydər Əliyev Mərkəzinin önündə toplaşan sakinləri daha sonra bu Mərkəzin akt zalında qeydə alıblar. Qeydiyyatçılar Astara, Lənkəran və Lerik rayonlarından gələn 30-dan çox adamın qəbula yazıldığını bildiriblər. Bu adamlar AzadlıqRadiosunun müxbirinə, əsasən, daşınmaz əmlak qeydiyyatından şikayətə gəldiklərini söyləyiblər.

«PULU BİR DƏFƏ ÖDƏYƏRLƏR DƏ...»

Astara rayon Ərçivan kənd sakini Rafiq Məmmədov da onlardan biridir:

«Evim 1994-cü ildə özəlləşdirilib. Mülk kağızı da almışam. Qalmışdı torpağı özəlləşdirmək. Torpaq komitəsinin günahı ucbatından kəndin icra nümayəndəsi mənə şəhadətnamə verməyib. Yeni «kupça» – mülk kağızı almamı istəyirlər. Ona görə məndən pul umurlar. Bir dəfə pul verib almışam, bu dəfə vermək istəmədim. Pulu bir dəfə ödəyərlər də. Ona görə gəlmişəm».

«BİR ADAMIN... PULU ÇOX OLDUĞUNA GÖRƏ»

Rayonun digər sakini Hüseyn Xalıqov da uzandıqca-uzanan bir problemindən söz açır:

«Burada haqsızlıq hökm sürür. Bizim cənub zonasında haqq-hesab kitabı itib. Axı 7 ildir əlləşirik. Heydər Əliyev çek verib ki, bizə haqq çatsın, amma vermirlər (özəlləşdirmə çekləri nəzərdə tutulur – red.). Hüquq-mühafizə orqanları da deyir ki, 15 faiz sizə düşməlidir, ancaq vermirlər. Məhkəmə baxmır bu işə. Bir adamın – sahibkarın pulu çox olduğuna görə, bizə baxan yoxdur. Bu barədə kömək istəyirəm».

Şikayətçilərin qəbulu başlanır. Qəbula gələn qadın ona məxsus olan daşınmaz əmlakını sənədləşdirə bilmədiyini söyləyir:

«Bir evdir, iki dükan».

Komitə sədri vətəndaşın problemini çözmək üçün işçilərinə tapşırıq verir.

SƏNƏDLƏR VAR, QEYDİYYAT YOX...

Başqa bir sakin torpağını özəlləşdirə bilmədiyini deyir. Onun sözlərinə görə, ata-babadan qalma torpağını bələdiyyə alqı-satqı yolu ilə adına keçirməyi tələb edir:

«Sənədlər var, 28 sotdur, amma «kupça» ala bilmirik».

Əmlak Komitəsinin Lənkəran nümayəndəsi Nazim Məmmədov söhbətə müdaxilə edir:

«Astarada islahat vaxtı şəhadətnamə verməyiblər. Onlar bələdiyyə ilə alqı-satqı eləməlidirlər».

Komitə sədri məhkəməyə üz tutmağı məsləhət görür və bu barədə şikayətçiyə kömək vəd edir.

«KƏRƏM HƏSƏNOV NƏYƏ GƏLİR?»

Qəbuldan razı çıxanlar da var, narazı qalanlar da. Yaxınlıqdakı çayxanada Astara şəhər sakini Zabir Ağayev qəbula düşə bilmədiyini deyir:

«Dünən istədik ki, qəbula yazdıraq adımızı, amma yazmadılar. Dedilər, sabah yazarıq. Bu gün də adam əlindən yazılmaq mümkün olmadı».

Rayonun bir başqa sakini Vaqif Məmmədov daha çox öncədən öyrədilmiş adamların qəbula yazıldığını iddia edir:

«Nazir və komitə sədrləri rayonlarda görüş keçirərkən, əvvəlcədən öyrədilmiş adamlar oraya buraxılır. Beləcə, nazirin və yerlərdə işləyən məmurların ünvanına təriflər başlanır. Uzağı, bir-iki nəfərin də şikayəti qəbul olunur. Kərəm Həsənov nəyə gəlir? Bu gün ən böyük korrupsiya Kərəm Həsənovun komitəsindədir. Reyestr xidmətləri insanların başına nələr gətirirlər. Bu qəbul nəyə lazımdır, axı?».

Şərhləri göstər

XS
SM
MD
LG