Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

-

ANAR MƏMMƏDLİ: «HAKİMİYYƏT İMİTASİYA EDİR»

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, vicdan məhbusu Anar Məmmədli vəkilləri vasitəsilə «Turan» İnformasiya Agentliyinin suallarına cavab verib. Anar Məmmədli deyir ki, Azərbaycan hökumətinin hazırda Avropa Şurası və ATƏT-ə mötəbər qurumlar kimi hörmət bəslədiyini düşünmür:

«Bu baxımdan sədrlik dönəmində Azərbaycanda insan hüquqları, siyasi azadlıqlar və demokratik təşkilatlara təminat sahəsində köklü dəyişikliklərin olacağına inanmıram... Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Avropaya inteqrasiya prosesində maksimum şəkildə imitasiya etməyə çalışır. Bunun digər nümunəsi Avropa Birliyinin Şərq Tərəfdaşlıq təşəbbüsündə iştirakımız sayıla bilər. 2009-cu ildən bu prosesə qoşulsaq da, hələ də inteqrasiyada ciddi məsafə qət etməmişik. Əksinə ölkədə bəzən aşkar, bəzən də gizli şəkildə Avropaya inteqrasiya prosesinə qarşı rəsmi təbliğat aparılır. Mən təəssüflə bildirirəm ki, hakimiyyətin vətəndaş cəmiyyəti üzərində yaratdığı hüquqi-siyasi nəzarət nəticəsində ölkəmizin Avropaya inteqrasiya prosesinə dair rəsmi siyasətə opponentlik edən QHT-lərin sayı getdikcə azalmaqdadır».

MOSKVA AZƏRBAYCANA QORXULU SÜRPRİZ EDƏ BİLƏR

«Azərbaycan son 10 gün ərzində çox ciddi bir sınaq qarşısında idi. Mən həm AŞ PA-nın, həm də ATƏT-in keçirilən toplantılarını nəzərdə tuturam». Politoloq Zəfər Quliyev ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən toplantısı, burdakı müzakirələr və Rusiya əleyhinə qəbul olunan yekun qətnaməni «Yeni Müsavat» qəzetinə şərh edərkən bunları söylədi. Z. Quliyevin fikrincə, indiki mərhələdə yenidən açıq formada Qərbi bu məsələdə dəstəkləmək rəsmi Bakı üçün çox riskli olardı: «Bu mənada faktiki olaraq çox uğurlu bəhanə tapıldı. Belə ki, ABŞ-ın təklif etdiyi qətnamədə əsas diqqət Ukrayna-Rusiya münasibətlərinə, Krım məsələsinə verildi. Lakin Qarabağ məsələsi, ümumiyyətlə, bu qətnamədə əksini tapmadı. Bu da Bakıya imkan verdi ki, əsas bu məsələni bəhanə gətirərək «Qarabağda da Azərbaycanın suverenliyi, ərazi bütövlüyü pozulub, bu məsələyə ikili standartlarla yanaşmaq olmaz» desin. Ona görə də Azərbaycan öz etirazını bildirdi və bu qətnaməni fəal formada dəstəkləmədi. Beləliklə, risklər nisbətən azaldı».

AZƏRBAYCAN TƏHSİLİNİN «İKİ» PROBLEMİ

«Bizim Yol» qəzeti 2013-2014-cü təhsil ilinin buraxılış imtahanlarının nəticələrindən yazır. Belə ki, buraxılış imtahanında iştirak etmiş 40 minə yaxın 9-cu sinif şagirdindən 5 minə yaxını «Ana dili», 6500 nəfəri «Riyaziyyat» fənnindən «2» qiyməti alıb. Təhsil eksperti Nadir İsrafilov bizimyol.info saytına açıqlamasında deyir ki, şagirdlər məktəb proqramının 49-76 faizini mənimsəmirlər. TQDK-nın əsaslandırmasına görə, bu nəticələrin səbəbi orta məktəblərin çoxunda tədris prosesinin normal aparılmamasıdır. Müəllimlərin əksəriyyətinin peşəkarlıq qabiliyyəti çox aşağıdır. Onlar yeni texnologiya və tədris üsullarından istifadə edə bilmirlər. Ekspertin fikrincə, bu gün təhsilimizin tək problemi imtahanda «2» alanlar deyil. Onun sözlərinə görə, şagirdlərin məktəblərdən yayınma halları əsas problemimizdir: «Rəsmi statistikaya nəzər salsaq, görərik ki, 1990-2014-cü illərdə əhalinin sayı iki milyon artıb. Şagirdlərin sayı isə 100 mindən artıq azalıb. Bu da kütləvi şəkildə təhsildən yayınma halıdır».

ELM SAHƏSİNDƏ GƏNCLƏR NİYƏ AZDIR?

«Azadlıq» qəzeti AMEA-da gənc alimlərin az olmasından yazır: «Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilədək İnkişaf Konsepsiyası»nda elmdə orta nəsil alimlərinin demoqrafik böhranı, yaşlı alimlərin sayının artması probleminə toxunulub. Konsepsiyada qeyd olunub ki, bu durğunluğun əsas səbəbi AMEA-da uzunmüddətli kadr sabitliyinin olmasıdır. Nəticədə AMEA alimlərinin 20 faizi 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb. Həm 2-3 min alimin ixtisarı, həm də alimlərin böyük əksəriyyətinin təqaüd yaşında olması ciddi problemdir. Bu həm də onu göstərir ki, bu illər ərzində yeni kadrlar yetişdirilməyib.

BAKIDAKI ÖZƏL ORTA MƏKTƏBLƏRDƏ AĞLASIĞMAZ QİYMƏTLƏR

Modern.az saytı Azərbaycanda özəl orta təhsil məktəblərində illik təhsil qiymətlərini öyrənməyə çalışıb. Araşdırma zamanı məlum olub ki, lisey və məktəblərin hərəsinin müəyyənləşdirdiyi öz qiyməti var. Qısa araşdırmamız nəticəsində bəlli oldu ki, özəl orta məktəblər arasında təhsilin qiyməti 1500 manatdan 40 min dollaradək yüksəlir. Məsələn, «The International School of Azerbaijan» məktəbində təkcə hazırlıq illik 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı illik 40 min dollara (təxminən 31200 manat) yaxındır. Xəzər Universitetinin tərkibində olan «Dünya» məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. «Kaspi» Liseyində illik təhsil haqqı 4500 manatdır. Bu məbləğə tədris, dərnəklər, gündə bir dəfə yemək və məktəbli formasının verilməsi daxildir. Nəqliyyat xidməti üçün isə ayda 70 manat, illik isə 500 manat ödəmək lazımdır. «Erudit» məktəbində – təhsil haqqı 4500 manatdır. Ödəniş il ərzində aparıla bilər. Bütün özəl məktəblərdə olduğu kimi, bu məktəbdə də şagirdlərin məntiqləri yoxlanır, bilik səviyyələrinə görə seçilirlər. Məktəbin xidmət servisi var, lakin bu xidmət təhsilhaqqına aid deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG