Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:00

Neft boruları atamın təzyiqli damarlarına bənzəyir...


Emin Piri
Emin Piri

-

Emin Piri

Burda bir xalq uyuyur

Böyük Qafqaz, Kiçik Qafqaz,-

Qafqaz sıra dağları

bir az da baş daşlarına oxşayır

bircə yazısı çatışmır:

“Burda bir xalq uyuyur.”

Bizə qul olmağı anamız öyrətdi!

İstidən, ya aclıqdan,

ya da qandal kimi bələyə

etiraz eləyib ağlayanda,

bir ana laylasıyla susdurulduq

köləliyə xoş gəldin deyib.

Daram çəkilmiş neft boruları

Atamın təzyiqli damarlarına bənzəyir.

Ürəyinə qayıtmırsa,

bəs, hara axır bu qan?

Işsiz vaxtlarımda evdən çıxanda

Anamın namaz üstə

dediyi duaları qoydum cibimə

Yolpulu əvəzi.

“Xalqım, xalqım” deyib

timsah kimi ağlama.

Axıtdığın göz yaşı deyil,

vicdanının gözlərindən

öz sifətinə tüpürməyindir.

“ölərəm, əldən əgər getsə vətən”

deyənlər

uzunömürlü kimi təqaüdə düzüldülər

işğaldan sonra.

Canavar südünə

susayıb dodaqlarım

Ergenekondan bəri ilk dəfə

belə yalnızam...

...Qonşumuzdakı Gülöyşə xalanın

bir əlini dəzgah aparıb

hələ sovet vaxtı.

qocalıb indi

bütün bədənini gəzir qırışlar.

Gəzib hər yerini axtarıb tapıb

bircə tapa bilmır həmin əlini.

O qırışların

o əli axtardığı,

özlədiyi kimi

özlədim səni, Vətən!..

XS
SM
MD
LG