Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

-

Dostoyevsky kimdir? Qatı rus şovinisti, yoxsa böyük humanist?

"Amma icazə vermək olmaz ki, türklər körpələrin gözlərini oyub töksünlər, bu qəddarlığın kökünü birdəfəlik kəsmək üçün, əzabkeşləri birdəfəlik xilas etmək, tiranların əlindən silahı birdəfəlik almaq lazımdır.

Narahat olmayın, silahlarını əllərindən alandan sonra, onlar - türklər bizim kazan tatarları kimi xalat və sabun istehsal edib satacaqlar. "

Rus yazıçısı Fyodor Dostoyevsky publisistik yazılarını "Yazıçının gündəliyi" adıyla hissə-hissə ayrıca buraxılış şəklində çap etdirirdi. O öz müasiri olan Lev Tolstoyun "Anna Karenina" romanının qəhrəmanlarını - Levini və başqa liberalları tənqid edir. Türkiyə ilə savaşa qarşı çıxdıqları, Balkanlardakı slavyanların müdafiəsinə qoşulmadıqları üçün.

Fyodor Dostoyevsky

YAZIÇININ GÜNDƏLİYİ

əvvəli burda

IV. LEVİNİN SARSILMAĞI. SUAL:

MƏSAFƏ İNSANPƏRVƏRLİYƏ TƏSİR EDƏ BİLƏRMİ? BİR ƏSİR TÜRKÜN BİZİM BƏZİ XANIMLARIN HUMANİZMİ BARƏDƏ FİKRİ İLƏ RAZILAŞMAQ OLARMI? MÜƏLLİMLƏRİMİZ BİZLƏRƏ NƏ ÖYRƏDİRLƏR AXI?

Amma sarsılma hələ davam edir: Levin birbaşa və inadkarcasına bəyan edir ki, slavyanların əzablarına acımaqdan, «slavyanların məruz qaldıqları işgəncələrə birbaşa mərhəmətdən heç bir halda söhbət gedə bilməz. Sergey İvanoviç deyir:

"Anna Karenina"

"Anna Karenina"

... Burada söhbət müharibə elan etməkdən getmir, bu, insanlıq, xristianlığın özünü göstərməsidir. Qardaşlarımızı, bizimlə bir dindən, bir qandan olanları öldürürlər. Lap tutaq ki, qardaşlarımız, bizimlə bir dindən, bir qandan olanları deyil, sadəcə uşaqları, qadınları, qocaları öldürürlər. Əgər rus xalqı bu dəhşətlərə son qoymağa qaçırsa, bu, niyə kimisə qıcıqlandırmalıdır ki? Təsəvvür edin ki, siz küçədə gedirsiniz və bir dəstə sərxoşun hansısa qadını, ya da uşağı döydüyünü görürsünüz, məncə, siz bu adama qarşı müharibə elan olunub-olunmadığını soruşmadan əzabkeşi müdafiə etməyə tələsərdiniz.

- Amma döyənləri öldürməzdim, - Levin dedi.

- Yox, öldürərdin.

- Bilmirəm. Əgər mən belə bir şeyin şahidi olsam, hisslərim mənə nə diqtə eləsə, onu da edərdim, amma bəri başdan dəqiq deyə bilmərəm. Slavyanların məruz qaldığı əzablara qarşı isə belə birbaşa hiss yoxdur və ola da bilməz.

- Bəlkə sənin üçün yoxdur. Amma başqaları üçün var, - Sergey İvanoviç narazı şəkildə üz-gözünü qırışdırdı. – Pravoslavların başqa dinlərdən olanların əlindən çəkdikləri əzablar dildən-dilə ötürülərək, xalqımıza çatıb və onun yaddaşına həkk olunub. Xalq öz qardaşlarının çəkdiyi əzabları eşidib və dilə gəlib.

- Ola bilər, - Levin söhbətdən yayınmağa çalışaraq dedi, - amma mən bunu görmürəm, xalq mən özüməm, amma mən bunu hiss eləmirəm…

Yenə də: "Xalq mən özüməm ". Bir daha təkrar edim: cəmi iki saat əvvəl Levin mujikdən inancı öyrənmişdi, ən azından o mujik Levinə necə inanmağı göstərmişdi. Mən nə mujiki tərifləmirəm, nə də Levini alçaltmaq fikrim yoxdur, ümumiyyətlə, onların hansının daha dərindən inanmağı, hansının ruhi-mənəvi halının ali olması barədə düşünmək fikrində deyiləm. Amma gəlin razılaşaq ki, elə təkcə bu fakta görə Levin anlamalı idi ki, onunla xalq arasında müəyyən bir fərq var. Amma budur, o deyir ki: "Xalq mən özüməm ". Bəs, o özünün xalq olmasına niyə belə əmindir? Çünki kəl arabasını qoşmağı bacarır, təzə xiyarın balla daha dadlı olduğunu bilir. Adama bax! Bu nə özündənrazılıq, bu nə qürur, bu nə dikbaşlıqdı!

Amma əsas məsələ bunda deyil. Levin iddia edir ki, slavyanların məruz qaldıqları əzablara qarşı heç bir mərhəmət hissindən söhbət gedə bilməz. Ona deyirlər ki, "xalq öz qardaşlarının çəkdiyi əzabları eşidib, dilə gəldi ", o isə cavabında deyir ki: "Ola bilər, amma mən bunu görmürəm. Mən özüm xalqam, amma belə bir şey hiss eləmirəm!".

Lev Tolstoy

Lev Tolstoy

Yəni mərhəmət hiss eləmir? Fikir verin, slavyanların məruz qaldıqları əzablara qarşı mərhəmət hissi barədə Levinlə Sergey İvanoviçin mübahisəsi sanki mübahisəni Levinin qələbəsi ilə bitirmək məqsədi ilə aparılır. Məsələn, Sergey İvanoviç var gücü ilə iddia edir ki, əgər Levin küçədə sərxoşların bir qadını döydüyünü görsəydi, mütləq onu xilas edərdi! "Amma döyənləri öldürməzdim!" – Levin iddia edir. - "Yox, öldürərdin ", - Sergey İvanoviç iddia edir, amma aydın məsələdir ki, cəfəngiyyat danışır, çünki döyülən qadını sərxoşların əlindən alanda hansı adam o qadını döyənləri öldürür? Qadını onu döyənləri öldürmədən də xilas etmək olar. Əsas məsələ isə budu ki, söhbət küçədəki dava-dalaşdan getmir, bu müqayisə düz deyil. Söhbət slavyanlardan, onların məruz qaldıqları əzablardan, işgəncə və qətllərdən gedir və Levin slavyanlar barədə nə danışdığını yaxşı bilir. Ola bilər, o həmin qadına kömək edib-etməyəcəyini dəqiq bimir. O heç nə görmür, heç nə hiss eləmir və s. Amma dəqiq bilir ki, slavyanların məruz qaldığı əzablara qarşı heç bir mərhəmət hissi duymur (söhbət sərxoşların qadını döyməyindən getmir) və iddia edir ki, slavyanların gördükləri əzablara qarşı heç bir mərhəmət hissi yoxdur və ola da bilməz. Bəli, o bax, belə, qəti şəkildə deyir.

Burada kifayət qədər maraqlı psixoloji fakt var. Kitab cəmi 2 ay yarım bundan əvvəl çıxıb, 2 ay yarım bundan əvvəl isə dəqiq məlum idi ki, slavyanların məruz qaldıqları işgəncələr barədə saysız hekayətlər tam həqiqətdir, bütün millətlərdən olan minlərlə şahidin gözləri qarşısında baş verən həqiqət. Bu son il yarım ərzində slavyanların çəkdikləri barədə eşitdiklərimiz ən xəstəhal, ən iltihamlı təxəyyülü olan adamın da fantaziyalarını üstələyir.

Əvvəla, məlumdur ki, bu qətllər təsadüfi deyil, sistematik, qəsdən təşkil olunmuş və hər cür təqdir edilmişdir. Bu qətllər minləri və on minləri əhatə edir. Onların məruz qaldıqları işgəncələr barədə biz indiyə qədər nə oxumuş, nə də eşitmişik. İnsanların uşaqlarının gözləri qarşısında diri-diri dəriləri soyulur, anaların gözləri qabağında körpələr nizələrə taxılır, qadınlar zorlanır, zorlanma vaxtı qadını xəncərlə doğramağa başlayırlar, ən əsası, körpələrə işgəncə verir və onları təhqir edirlər.

Levin deyir ki, o heç nə hiss eləmir, və həvəslə iddia edir ki, slavyanların məruz qaldıqları işgəncələrə qarşı heç bir mərhəmət yoxdur və ola da bilməz. Amma cəsarət göstərib, cənab Levini inandırım ki, bu mərhəmət ola bilər və mən özüm dəfələrlə bu mərhəmətin şahidi olmuşam. Məsələn, mən öz hisslərini ifadə eləməyi xoşlamayan bir cənab gördüm, o, iki yaşlı bir oğlan uşağının bacısının gözləri qarşısında gözlərinin iynə ilə deşilməyini və sonra paza oturdulduğunu, uzun müddət ölməyib, bağırdığını eşidəndə az qala xəstə düşdü, gecələri yatmadı və düz iki gün xəstəhal gəzib dolaşdı, əlləri heç bir işə yatmadı. Cənab Levini inandırıram ki, o adam vicdanlı, dürüst bir adamdı, Strütski deyil, Puqaçovun dəstəsinə də heç bir aidiyyatı yoxdur.

Mən sadəcə, demək istəyirdim ki, slavyanların məruz qaldıqları işgəncələrə qarşı mərhəmət hissi, özü də bütün təbəqələrin hiss elədiyi, çox güclü mərhəmət hissi ola bilər. Amma Levin iddia edir ki, bu ola bilməz və o özü heç nə hiss eləmir. Mənim üçün bu, tapmacadır. Əlbəttə, hissiyyatsız, kobud, duyğuları təhrif olunmuş insanlar da var. Amma Levin, göründüyü qədər, olduqca həssas biri kimi təsvir olunur. Burada əsas amil bəlkə məsafədir? Bəlkə bunu ancaq bu psixoloji amillə izah etmək olar: "Özüm görməmişəm, olanlar çox uzaqda olub, odur ki, heç nə hiss eləmirəm ".

Zarafat bir yana, təsəvvür edin ki, Mars palenetində də insanlar var və orda körpələrin gözlərini oyurlar. Ola bilər ki, bunu eşidəndə bizim, yerdə yaşayanların mərhəmət hissi elə də oyanmasın? Yəqin ki, eyni şey yer üzündə uzaq məsafələrdə baş verir: "Əşşi, dünyanın o başında olandan bizə nə!"

Rus-Türk müharibəsi, 1877, Rəssam: Nikolay Orenburgsky

Rus-Türk müharibəsi, 1877, Rəssam: Nikolay Orenburgsky

Yəni o bunu açıq şəkildə deməsə də, belə hiss eləyir, yəni heç nə hiss eləmir. Onda, əgər məsafə insanpərvərliyə, humanizmə belə təsir edirsə, onda yeni sual yaranır: hansı məsafədən sonra insanpərvərlik sona çatır? Levin isə insanpərvərlik məsələsində doğrudan da böyük bir tapmacanı təmsil edir. O qəti şəkildə deyir ki, bilmir, bəlkə də öldürərdi:

Əgər belə bir şey görsəydim, hisslərim mənə nə diqtə edirsə, onu da edərdim, amma bəri başdan deyə bilmərəm ki, nə edərdim.

Deməli, o nə edə biləcəyini bilmir! Bununla belə, o həssas adamdır və həssas bir adam kimi, o, türkü öldürməkdən qorxur. Gəlin, belə bir səhnə təsəvvür edək: Levin əlində silah və süngü dayanıb, ondan iki addım o yanda isə bir türk əlindəki oğlan uşağının gözlərini oymağa hazırlaşır. Oğlanın yeddi yaşlı bacısı dəli kimi çığırır və qardaşını türkün əlindən almağa çalışır. Və budur, Levin dayanıb, düşünür, tərəddüd edir:

- Nə edəcəyimi bilmirəm. Mən heç nə hiss eləmirəm. Mən xalqam. Slavyanların məruz qaldıqları işgəncələrə qarşı heç bir mərhəmət hissi yoxdur və ola da bilməz.

Yox, ciddi danışaq, bizə dediklərindən sonra, o nə edərdi? Axı, o uşağı necə xilas etməmək olar? Yəni doğrudanmı indi o körpəni türkün əlindən almaq əvəzinə, onun işgəncələrinə göz yummaq lazımdır?

- Hə, onu türkün əlindən almaq olar, amma gərək türkü itələyib, yıxım.

- Lazımdısa, itələ!

- İtələyim! Axı o uşağı vermək istəməyəcək, qılıncına əl atacaq. Onda belə çıxır ki, mən o türkü öldürməliyəm?

- Onda öldür!

- Yox, axı necə öldürmək olar?! Yox, türkü öldürmək olmaz. Yox, yaxşısı budur, qoy o uşağın gözlərin oyub, ona işgəncə versin, mənsə Kitinin yanına gedirəm.

Levinin danışdıqlarından sonra belə çıxır ki, bu situasiyada o məhz belə hərəkət etməlidir. O açıq şəkildə deyir ki, bir türkü öldürməli olduğu təqdirdə, qadına və ya uşağa kömək edib-etməyəcəyini bilmir. Onun türklərə dəhşətli dərəcədə yazığı gəlir.

- İyirmi il əvvəl olsaydı, biz susardıq (Sergey İvanoviç deyir), indisə rus xalqının səsi gəlir, o bir nəfər kimi ayağa qalxmağa və əzab çəkən qardaşlarının yolunda özünü fəda etməyə hazırdır; bu, böyük güc nümayişi və alicənab addımdır.

- Axı onlar təkcə ianə verməyə hazırdılar, türkləri öldürməyə deyil, - Levin çəkinə-çəkinə dedi. – Xalq öz mənəviyyatı naminə ianə verməyə, qurbanlar gətirməyə hazırdır, daha qatilliyə deyil...

Yəni, başqa sözlərlə ifadə eləsək: "Ay qızcığaz, bu pulu, ianəmizi götür ki, bizim mənəviyyatımız təmizlənsin, amma qardaşının gözünü oyacaqlar, buna heç nə edə bilmərik. Axı tükrü öldürmək olmaz..."

Sonra da müəllif qoy Levin barədə desin:

... O, razılaşa bilmirdi ki, onun qardaşı da daxil olmaqla, onlarla insan, hadisələrin cərəyan elədiyi yerdən qayıdanların danışdıqlarına əsaslanıb, qəzetlərin xalqın qisas və qətllərlə ifadə olunan iradəsini və fikirlərini yazdığını iddia edirlər.

Bu, ədalətsizlikdir – heç bir qisasdan söhbət gedə bilməz. Bizim bu qaniçənlərlə müharibəmiz hələ də davam edir və biz ancaq ruslara aid humanistlik faktları barədə eşidirik. Cəsarətlə demək olar ki, Avropa ordularından çox azı öz düşməni ilə bizimki kimi humanist rəftar edərdi. Elə bu yaxınlarda, bizim qəzetlərin bəzilərində bir fikir irəli sürülmüşdü ki, ələ keçirilmiş türkləri törətdikləri vəhşilik və verdikləri işgəncələrə görə repressiya etmək daha xeyirli olmazdımı? Onlar əsirləri və yaralıları uzun sürən işgəncələrdən, burun və digər orqanlarını kəsəndən sonra öldürürlər. Onların südəmər körpə öldürmək üzrə ixtisaslaşmış mütəxəssisləri, silah yoldaşlarının gülüşləri altında körpəni iki ayağından tutub, iki yerə ayıran ustaları var.

Bu əclaflaşmış millət törətdikləri vəhşilikləri boynuna almaq istəmir. Sultanın nazirləri iddia edir ki, əsirlərin öldürülməsi mümkün deyil, çünki "quran bunu qadağan edir ". Elə bu yaxınlarda insanpərvər german imperatoru türklərin ruslara qarşı qəddarlıq ittihamını çaşqınlıqla rədd elədi və bildirdi ki, onlara inanmır. Bu əclaf millətlə insanca rəftar etmək mümkün deyil, amma biz onlarla insan kimi rəftar edirik.

Cəsarət tapıb, hətta öz şəxsi fikrimi bildirirəm ki, əsirlərin və yaralıların öldürülməsində gürahkar bilinən türklərin repressiyasına əl atmasaq yaxşıdır. Çətin ki, bu, onların qəddarlığını azaldar. Deyilənə görə, onlar indi də əsir düşəndə başlarının indicə kəsiləcəyindən əmin, qorxmuş və inamsız gözlərlə baxırlar. Qoy, bu repressiyalar rusların müharibədə göstərdikləri insanpərvərliyi və böyük ürəklərinə xələl gətirməsin.

Amma icazə vermək olmaz ki, onlar körpələrin gözlərini oyub töksünlər, bu qəddarlığın kökünü birdəfəlik kəsmək üçün, əzabkeşləri birdəfəlik xilas etmək, tiranların əlindən silahı birdəfəlik almaq lazımdır. Narahat olmayın, silahlarını əllərindən alandan sonra, onlar - türklər bizim kazan tatarları kimi xalat və sabun istehsal edib, satacaqlar. Amma silahları onların əllərindən döyüş vasitəsilə almaq lazımdı. Amma döyüş qisas deyil. Levin türklər sarıdan arxayın ola bilər.

Levin elə ötən ildən türklərə görə arxayın ola bilərdi. Məgər o, rus insanını, rus əsgərini tanımır? Odur, yazırlar ki, rus əsgərləri döyüşdə türkləri öldürsələr də, əsir götürdükləri türklərlə öz əsgər paylarını bölüşür, onlara rəhm eləyirdilər. İnanın, bu əsgər bilirdi, bilirdi ki, əgər özü türklərin əlinə əsir düşsə, bax elə indi əsirlikdə olan bu türk onun başını kəsər, o biri başların yanına düzüb, başlardan aypara düzəldərdi, ayparanın ortasında isə başqa bədən üzvlərindən ibarət bir ulduz quraşdırardı. Əskər bütün bunları bilir və yenə də döyüşdə yorğun düşmüş, əsir alınmış türkü yedizdirməyinə davam eləyir: "Axı xristian olmasa da, o da insandı ".

İngilis qəzetlərindən birinin müxbiri belə halların şahidi olduqdan sonra yazırdı "Bu, centlmenlər ordusudur ". Levin başqalarından yaxşı bilə bilərdi ki, bu, doğrudan da centlmenlər ordusudur. Başqa şəhərlərdəki bolqarlar əlahəzrət baş komandandan soruşanda ki, qaçmış türklərin varidatını neynəsinlər, o, cavab vermişdi: "Onların varidatını onlar qayıdana qədər qoruyun, zəmilərini biçib, məhsullarını hazır edin, o məhsuldan ancaq üçdə birini götürün və zəhməthaqqınızı istəyin ". Bunlar da centlmen sözləridir və təkrar edirəm, Levin türklərə görə arxayın ola bilərdi: bunun harası qisas, harası repressiyadı?

Bundan başqa, rus cəmiyyətini yaxşı tanıyan Levin, bunu da anlaya bilərdi ki, türklər həm də yalançı avropaçılığımızı və bizim təhsilli çevrələrdəki naqolay, qurama, birxətli sentimentallığımızı xilas edəcək. Levin vaqonlarda aparılan türk əsirlərinə gül, tütün, konfet atan rus xanımlarından xəbərdardırmı?

Yazırlar ki, qatar tərpənəndə türklərdən biri dayanıb, qatarın arxasınca dəsmal yellədən humanist rus xanımlarına tərəf xayxıraraq tüpürüb. Düzdü, o duyğusuz türkün kobud hərəkəti ilə razılaşmaq da çətindir, amma Levin anlaya bilərdi ki, bizim xanımların türkləri əzizləməyi tarixi sentimentallıq və yalançı, liberal avropaçılıqdı: "Baxın, biz belə humanistik, avropasayağı inkişaf etmişik, özü də bunu göstərməyi bacarırıq!"

Amma Levinin özü də elə bu sentimental avropaçılığı göstərib, onu təlqin etməklə məşğul deyilmi? Türkləri müharibədə öldürürlər, bəli, özü də dürüst döyüşdə. Özü də bu qisas deyil, sadəcə onların əlindən silahı almağın başqa yolu yoxdur. Keçən il də belə idi. Axı onları öldürməyək deyə, əllərindən silahları almasaq, onlar o dəqiqə yenə də qadınların döşlərin kəsməyə, körpələrin gözlərini oymağa başlayacaqlar. Onda necə edək? Türk öldürməyək deyə, onların körpələrin gözlərini oymalarına imkan verək? Axı bu, anlayışların təhrif olunmasıdı, axmaq və naqolay sentimentallıqdı, bu, təbiətin tamamən iyrəncləşməyidi.

Bir də ki, axı türkü öldürməli olan əsgər, özü də həyatını qurban verir, əzablara və işgəncələrə dözür. Yəni rus xalqı təkcə qisasa, təkcə qətlə görəmi ayağa qalxıb? Bir də, axı nə vaxtdan öldürülənlərə, qılıncdan keçirilənlərə, zorlanan qadınlara və körpələrə, başqa ümid yeri olmayanlara, heç kimin müdafiə eləmədiyi əzabkeşlərə görə ayağa qalxmaq kobud, gülməli, ədəbsiz iş, qisas yanğısı və qaniçənlik olub! Sentimentallığın yanında bu nə duyğusuzluqdu!

Axı Levinin özünün də körpəsi, oğlu var, axı o öz körpəsini sevir, axı o uşağı çimizdirəndə, bu, evdə bir növ ayin kimidir. Bəs necə olur ki, o, insanların kütləvi şəklidə öldürülməyini, uşaqların başlarının yarılmağını, yaralı körpələrin öldürülmüş, döşləri kəsilmiş analarının yanında iməkləməyini oxuyanda ürəyi parça-parça olmur? Dağıdılmış şəhərlərinin birində bir bolqar kilsəsində iki yüz belə meyit tapılıb. Levin bunların hamısını oxuyub, dərin düşüncələrə qərq olur və deyir:

- Kiti bü gün şəndir, yeməyini iştahla yeyib, oğlumuzu çimizdiriblər, indi o məni tanımağa başlayıb: dünyanın o başında nəsə baş verirsə, ondan mənə nə var? İşgəncələrə məruz qalmış slavyanlara qarşı heç bir mərhəmət yoxdur və ola da bilməz, çünki mən heç nə hiss eləmirəm.

Levin öz epopeyasını bununlamı bitirir? Müəllif bu adamı bizə dürüst və vicdanlı adam kimi təqdim etmək istəyir? «Anna Karenina»nın müəllifi kimi adamlar, cəmiyyətimizin müəllimləridir, bizsə, sadəcə, onların şagirdləriyik. Bəs, onlar bizə nə öyrədir?

Tərcümə: Günel Mövlud

Ardı var

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG