Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

«Facebook», «feysbuk», ya «feysbuq»?


-

İyulun 3-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

BATAQLIQ RƏQƏMLƏRİ

«Azadlıq» qəzeti iqtisadçı ekspert Rövşən Ağayevin məqaləsini dərc edib. Müəllif yazır ki, artıq buraxılış imtahanlarında «2» və ya «3» alan şagirdlərin çoxluğu təhsilimizin düşdüyü bataqlığın nə qədər dərin olduğunu bilmək üçün yetərli deyil.

«Doğrudur, bu göstəricinin səviyyəsinə görə də təhsilimizdə durumun faciəvi olduğunu çəkinmədən söyləyə bilərik. TQDK-nın yaydığı məlumatlar əsasında aparılan ümumiləşdirmənin nəticələrinə görə, bu il təxminən 110.5 min şagird 9-cu sinfi, 82.5 min şagird 11-ci sinfi bitirib. 9-cu sinfi başa vuranların ən azı 30 faizi, 11-ci sinfi bitirənlərinsə 20 faizi bir fəndən «2» alıb. Ümumilikdə buraxılış imtahanı verən 193.5 min 9-cu və 11-ci sinif şagirdindən 126.9 min nəfəri və ya 66 faizi buraxılış imtahanlarından «2» və «3» qiymət alıb».

KRIM TATAR MƏCLİSİNİN SƏDRİ «YENİ MÜSAVAT»A DANIŞDI

Refat Chubarov
Refat Chubarov

Krım Tatar Məclisinin sədri Refat Çubarov Azərbaycanda bir günlük səfərdə olub. «Yeni Müsavat» qəzetinə müsahibəsində deyir:

«Orda yaşayan hər bir insanın - istər rus, ukraynalı, Krım tatarı, yaxud başqası, yaxud Rusiyanı dəstəkləyən olsun - həyatında yüzlərlə yeni problemlər yaranıb. Bəzi problemlər insanları çox ağır durumla üzləşdirib. Çünki ora yarımadadır. Sərhədlər qapalı, ora nə yatırımlar var, nə dünya tanıyır, turistlərin də sayı azalıb. Yaz başlayandan orda yüz minlərlə insan turistlərə xidmət edib qazanırdı. İndi o qazancdan məhrumdurlar. Bundan başqa, yeni qanunlar Ukrayna qanunlarından çox fərqlidir. Rusiya qanunları insanlara çox az fürsət verir, buna alışmaq çətindir. Rusiyaya sığınan insanlar düşünmədilər ki, onların uşaqları Krımda deyil, böyük Rusiya ordusunda xidmət keçəcəklər. Ukrayna ordusuna 18 yaşı tamam olan gəncləri götürmürdülər, orda müqaviləli sistemə keçilmişdi. Həmçinin vətəndaşlıq, xaricə getmək, nəqliyyat məsələsi indi xeyli çətinləşib. Yarım il əvvəl mən Simferopolda uçağa minib Bakıya gələ bilirdim. İndi isə Simferopol-Moskva-Kiyev-Bakı marşrutu ilə gəldim, yəni məsrəflər çox ağırlaşıb. Məncə, Rusiya ilə birləşməkdən yüzdə-yüz məmnun olan insanların sayı xeyli azalıb.

BU İL TAXIL İSTEHSALINDA 600 MİN TON AZALMA GÖZLƏNİR

«Bizim Yol» qəzetinin yazdığına görə, FHN Dövlət Taxıl Fondu buğda qəbulu üçün şərtlərdə dəyişiklik edib. Dövlət Taxıl Fondu üçün iyulun 2-dən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 240 AZN olmaqla buğda qəbuluna başlayır. Fermerlərdən taxıl qəbulu ilə bağlı yeni şərtləri «Bizim Yol»a şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yerli istehsal olunmuş məhsulların bu standartlara uyğun gəlmədiyini deyir. Mütəxəssisin proqnozuna görə, bu il taxıl istehsalında 600 min ton azalma gözlənilir: «Keçən ilə nisbətən istehsalda kəskin azalma gözlənilir. Bunun səbəblərindən biri səpin və yığım zamanı əkin sahələrinə yaxşı qulluq edilməməsidir. Məlum kadr dəyişikliyi ilə əlaqədar olaraq, nazirliyin başı öz işlərinə qarışdı. Bundan başqa fermerlər bu il susuzluqdan ciddi əziyyət çəkdilər, əkin sahələrində zərərvericilər və xəstəliklər geniş yayılmışdı. Vaxtlı-vaxtında lazımi tədbirlər həyata keçirilmədi. Nəticədə həm məhsuldarlıq aşağı düşüb, həm də məhsul istehsalı azalıb».

AZƏRBAYCANLI ALİM ABŞ-IN ÜÇ BEYNƏLXALQ JURNALININ REDAKSİYA HEYƏTİNƏ SEÇİLİB

AzərTAc: Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun beynəlxalq layihələr və informasiya şöbəsinin müdiri, dosent Mətanət Mehrabova ABŞ-ın «Science Publishing Group»una daxil olan indeksli üç beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib. Radiasiya Problemləri İnstitutundan AzərTAc-a bildirilib ki, hazırda M. Mehrabova «Science Publishing Group»un xüsusi jurnalının hazırlanması prosesində iştirak edir.

«AZƏRİQAZ»DA RƏİSİN QADIN İŞÇİYƏ İNTİM TƏKLİFİ QALMAQAL YARATDI

«Qafqazinfo»: İyulun 8-də Hacıqabul Rayon Məhkəməsində «Azəriqaz» İstehsalat Birliyinin Hacıqabul qaz istismar sahəsinin rəisi Elşən Rəhimovun öz işçisi Yaqut Ağayevaya qarşı iddia ərizəsinə baxılacaq. Rəis işçisinin CM-in 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalandırılmasını tələb edir. Amma məhkəmədə diqqətçəkən məqam budur ki, Yaqut Ağayeva rəisini ona əxlaqsız təkliflər etməkdə günahlandırıb.

«FACEBOOK», «GOOGLE», «EUROVISION». AKADEMIK SON QOYMAĞA ÇAĞIRIR

«Media Forum»: İyulun 2-də Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda «Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemləri» mövzulu dəyirmi masa keçirilib. Tədbirdə Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev KİV-də tez-tez yol verilən dil xətalarından söz açarkən bildirib ki, sosial şəbəkələrin adları öz imlamızda yazılmalıdır. Məsələn, «Google» «Quql» kimi yazılmalıdır. «Facebook»a gəlincə, akademik bunun «Feysbuq» kimi yazılmalı olduğunu bildirib. «Eurovision» mahnı yarışının adındakı «euro»nun Azərbaycanda avro, «vision»un viziya (məsələn, televiziya) kimi işləndiyini xatırladan Tofiq Hacıyev qeyd edib ki, bu yarışın adı öz imlamızda «Avroviziya» kimi yazılmalıdır, «Eurovision» yazmaq yanlışdır. Bununla belə Tofiq Hacıyev KİV-də dərc olunan mətnlərdə bir müddət mötərizədə «Google», «Facebook», «Eurovision» yazılışlarının verilməsinə də tərəfdar olduğunu diqqətə çatdırıb. Dəyirmi masanın iştirakçıları öz imlamızda yazmaq təklifini bəyənsələr də, onlardan bəziləri «Feysbuq» yox, «Feysbuk» yazılışına tərəfdar çıxıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG