Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

-

ATƏT Parlament Assembleyasının sonuncu günü, iyulun 2-də Bakı Bəyannaməsi qəbul edilib.

140 bəndlik bəyannamədə ATƏT regionunda münaqişələrin həlli ilə bağlı tədbirlərin görülməsi, irəliləyişin sülh yolu və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktı və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması kimi öhdəlik qoyur.

Sənəddə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.

Bundan başqa bəyannamədə münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanların ölümünə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.

ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının vacibliyinə diqqət çəkilir.

Bakı bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılıb. Bu ölkənin ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur. ATƏT ölkələrindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.

Sənəddə Əfqanıstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması, ərzaq təhlükəsizliyi, immiqrasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, işgəncələrə qarşı mübarizə və s. məsələlərə də toxunulur.

Bəyannamə layihəsi bənd-bənd səsə qoyularkən Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sənədin sonuncu bir neçə bəndinə etiraz edib və həmin bəndlərin layihədən çıxarılmasını istəyib. Amma səsvermə zamanı Azərbaycan nümayəndəsinin bu təklifi qəbul edilməyib.

BAKINI NARAHAT EDƏN BƏNDLƏR

Sənədin 139-cu bəndində ATƏT PA hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən narahat olduğunu bildirir:

- Bir qədər əvvəl açıq-aşkar siyasi çalarlı məhkəmə işi çərçivəsində həbs cəzasına məhkum olunan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi, hüquq müdafiəçisi Anar Məmmədlinin durumundan dərin narahatlığını bildirir və Azərbaycanın səlahiyyətli orqanlarını təkidlə israrla çağırır ki, cənab Məmmədliyə münasibətdə ədaləti bərpa yollarını tapsın, ona və siyasiləşmiş məhkəmə işlərinin qurbanına çevrilmiş digər vətəndaşlara insan haqlarının qorunması və hüququn aliliyi sahəsində fəaliyyətlərini davam etdirməyə imkan yaratsın;

Bəyannamənin 140-cı bəndində ATƏT PA Azərbaycan hökumətini təkidlə Bakıda ATƏT Bürosunun açılmasına təkrar icazə verməyə çağırır və Azərbaycan hökumətinin Bakıdakı Layihə Koordinatorunun mandatını genişləndirməsində israr edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG