Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:13

-

«VAHİD SİYAHI HAZIRLAMAQ MÜMKÜN OLMAYACAQ»

Avropa Şurasının Parlament Assambleyası ispaniyalı deputat Pedro Agramunta Azərbaycanda siyasi məhbuslar üzrə məruzə hazırlamağı həvalə edilib. Yerli hüquq müdafiəçiləri 2010-cu ilin iyun ayından Azərbaycan üzrə məruzəçi olan Pedro Agramunta vahid siyahı təqdim edə biləcəklərmi? Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə «Media forum» saytına deyib ki, siyasi məhbusların vahid siyahısını hazırlamaq mümkün olmayacaq: «Hüquq müdafiəçiləri arasında birliyin olmadığı, hərənin bir siyahı hazırladığı şəraitdə vahid bir siyahı tutmaq olmaz. Əvvəllər problemli məhbuslar üzrə işçi qrupu vardı. Bu qrup müxtəlif hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı şəxslərin məsələsini müzakirə edirdi. Ehtimal olunur ki, yaxın vaxtlarda belə bir işçi qrup bərpa olunsun. Bu zaman hansısa məruzəçilərə ehtiyac olmayacaq. Hesab edirəm ki, Azərbaycan dövləti bir dialoq təşkil edərək bu məsələləri işçi qrupu formatında çözəcək».

TƏHSİLİ SİYASƏTDƏN TƏCRİD ETMƏK LAZIMDIR

«Azadlıq» qəzeti təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə müsahibə dərc edib. Etibar Əliyev Mikayıl Cabbarov nazir təyin olunandan keçən bir ili belə dəyərləndirir:

«İctimaiyyətin, təhsil ekspertlərinin, alimlərin, QHT nümayəndələrinin iştirakı ilə təhsilin düşdüyü vəziyyətlə bağlı geniş müzakirələr aparılmalı, islahat proqramları və layihələrin qiymətləndirilməsi və monitorinqi işinə başlanmalı idi. Bu bir ilin içərisində müstəqil Akkreditasiya qurumunun yaradılması haqqında müzakirələr aparılmalı və təcili ali məktəblərdən başlayaraq orta təhsil müəssisələri də daxil olmaqla bütün təhsil müəssisələrinin akkreditasiyasına başlamaq lazım idi. Məktəb təhsilinin keyfiyyətinin qiymətləndirilməsinin meyarları hazırlanmalı, dərslərə davamiyyət də daxil olmaqla dərs mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər planı hazırlanmalı və bu işi pozanlara qarşı sərt qərarlar qəbul olunmalı, təhsil müəssisələrinə müstəqillik verilməsi istiqamətində addımlar atılmalı idi. Azərbaycan orta təhsil sistemi 12 illik təhsilə keçməlidir. Lakin bu istiqamətdə hələlik heç bir iş görülmür. Məktəb-cəmiyyət münasibətlərini tənzimləyən mexanizmlər işlənməlidir».

BAKIDA 1 OTAĞIN QİYMƏTİ 71 MİN DOLLARDIR

«Bizim yol» qəzeti: Daşınmaz əmlak bazarında qiymətlər durmadan artır. Ötən ilin may ilə müqayisədə Bakıdakı mənzillərin 31 faizdən çox bahalaşması müşahidə edilib. Tələb artsa da, bazarda təklif aşağı düşüb. İlin əvvəlindən isə bazarda ümumi qiymət artımı 13.6 faiz olduğu halda, təkrar yaşayış mənzil bazarında 16.82 faiz, ilkin yaşayış mənzil bazarında isə 10.47 faiz artım müşahidə edilib. «MBA Consulting Group»un təkrar mənzil bazarında ötən aya dair apardığı tədqiqatda təklifin 0,7 faiz azaldığını göstərir. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,76 faiz azalma var. Bazarda hesablanmış orta qiymət isə iyun ayı ərzində 2074 dollar/kv.m-dən 2111 dollar/ kv.m-ə (1,7 faiz) qədər yüksəlib.

VASİF TALIBOVDAN «HELL» QADAĞASI

«Yeni Müsavat» qəzeti yazır ki, Bakıdakı mağaza və marketlərdən məşhur «Hell» içkisi yığışdırılır. Enerji içkisinin marketlərdən yığışdırılması ilə bağlı göstərişi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov verib. Baş çəkdiyimiz bir neçə marketdə öyrəndik ki, yeni enerji içkisi olan «Hell» rəqiblərini sıradan çıxararaq, onların bazarını bağlayıb. Ona görə də Bakıdakı marketlərə «Hell» içkisinin satışı ilə bağlı qadağa qoyulub. Aldığımız məlumata görə, artıq Bakıda Vasif Talıbovun himayə etdiyi iş adamlarına məxsus böyük marketlərdən bu içki markası yığışdırılıb. Qəzet yazır ki, «Red Bull»un Azərbaycanda rəsmi satış distributoru «Cahan Holdinq»dir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus holdinq bütün ölkə ərazisində bu içkinin satışını təşkil edir.

VAŞİNQTONDA NATO-AZƏRBAYCAN TƏDBİRİ

«AzərTAc»: ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şurada «NATO Qafqazda: Azərbaycanın misalı» mövzusunda tədbir keçirilib. Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 ildə keçdiyi tarixi yola nəzər salıb, əməkdaşlığın inkişaf etdiyini söyləyib.

ABŞ dövlət katibinin köməkçisinin müavini Eric Rubin NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramında Azərbaycanın iştirakının uğurlu nəticələrindən danışıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG