Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Keçmiş könüllülərin hökumətlə vəsiqə savaşı


Nüsrət Səmədov
Nüsrət Səmədov

-

«Hərbi biletimdir. Bax, burada da yazılıb ki, 190 saylı hərbi hissənin tərkibində döyüşlərdə olmuşam. General Ağayev Ağcabədidə pambıq məntəqəsində təzə korpus yaratmışdı. O korpusun tərkibində xidmət etmişəm. Keçdiyim döyüş yolları bu sənəddə möhürlə təsdiqlənib».

GÜNÜ KƏND ÇAYXANASINDA KEÇƏN KÖNÜLLÜ...

Şəkinin Yuxarı Zəyzid kəndinin sakini Nüsrət Səmədov keçmiş könüllülərdəndir. İndi günü-güzəranı kənd çayxanasında keçir. Müharibənin ağrı-acısı və işsizlik onu üzür. Hər dəfə dərmanpulu üçün qapı döyməksə onun gündəlik həyat tərzinə çevrilib.

Deyir, 1992-ci ilin dekabrında könüllü olaraq Azərbaycanın bütövlüyü uğrunda döyüşlərə qoşulub. Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinin tərkibində döyüşüb. 1996-cı ilin fevralında ordudan tərxis olunub. Üstündən 15 il ötüb. Hələ də müharibə veteranı olduğunu təsdiqlədə bilmir:

«ÖVLADIMA GÖSTƏRİM Kİ...»

«Şəki arxivlər şöbəsinə müraciət etmişik. Məktub gəlib ki, Bakı həll etməlidir. Bakıya da yazdım, cavab yoxdur. Veteran təqaüdü də istəmirəm. Notariusda imtina ərizəsi də yazaram. O vəsiqəyə görə düşən pulu yetim-yesirə versinlər. Sadəcə, mənə vəsiqə versinlər, övladıma göstərim ki, həqiqətən də vaxtilə bu torpaq uğrunda döyüşmüşəm».

Keçmiş könüllü döyüşçü iddia edir ki, indi cibində veteran vəsiqəsi gəzdirənlər od-alov görməyənlərdir:

«Biz həmişə əsgər qıtlığından əziyyət çəkmişik, ancaq indi televizorda elan edirlər ki, 96 min nəfər keçmiş döyüşçüyə veteran vəsiqəsi verilib. O əsgərlər harada idi? Vuruşmağa adam tapılmırdı, bizi ordan-buraya, buradan-oraya qovurdular. Orada əsl vuruşanların heç birinin vəsiqəsi yoxdur».

«ARXİVDƏ BÜTÜN BU SƏNƏDLƏR VAR»

Yuxarı Zəyziddə veteran vəsiqəsi üçün illərdir qapı döyən təkcə Nüsrət Səmədov deyil. Onun həmkəndlisi Elman İsmayılov vaxtilə torpağa görə döyüşdüyünü təsdiqləyən və ona güzəştlər verə biləcək veteran vəsiqəsi tələb edir:

Elman İsmayılov
Elman İsmayılov

«O vaxt «qrad» düşdü, sənədlərim maşında yandı. Mən döyüşdən sənədsiz qayıtmışam. Ancaq orada mənim adıma yemək, geyim sənədləşdirilirdi, adım siyahılardaydı. Arxivdə bütün bu sənədlər var. Axı 20 il əvvəl öldürülüb torpağa basdırılanı tapıb çıxarıb müəyyənləşdirə bilirlər. Mən ki sağam, komandirlərimin, döyüş yoldaşlarımın bir qismi də sağdır. Sənədlərimin də kökü arxivdədir».

«...SƏNƏDLƏRİ ALIB ƏRİZƏYƏ QOŞARIQ»

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözlərinə görə, indi bu nazirliyin tabeliyindəki hissələrdə olmuş keçmiş könüllü döyüşçülərin veteran vəsiqəsi üçün müraciətləri diqqətsiz qalmır:

«Döyüşdüklərini təsdiqləyən sənədlər üçün mütləq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlidirlər. Oradan müvafiq sənədləri alıb, ərizəyə qoşaraq, Müdafiə Nazirliyinin mərkəzi arxivinə göndərməlidirlər. Əgər Müdafiə Nazirliyinin yox, başqa qurumun strukturlarında xidmət ediblərsə, o zaman ərizəni və əldə etdikləri sənədləri həmin strukturlara göndərməlidirlər».

«BİZ... SAXTAKARLIQ İSTƏMİRDİK»

Keçmiş döyüşçülər iddia edirlər ki, vaxtilə onlardan vəsiqəyə görə rüşvət istəyiblər:

«Vermədik, çünki biz onlardan saxtakarlıq istəmirdik. Deyirdik döyüşmüşüksə, vəsiqəni niyə pulla almalıyıq?».

Sonrakı müraciətləri isə, söylədiklərinə görə, cavabsız qalıb.

XS
SM
MD
LG