Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

Heydər Əliyev mərkəzi, Monroe-nun ətəyi və insan haqları…


Zaha Hadid
Zaha Hadid

-

Məşhur memar, Britaniya kraliçasının fəxri “dama” titulu verdiyi, ərəb əsilli Zaha Hadid-in Patrik Schumacher-lə birlikdə Bakıda tikdiyi Heydər Əliyev Mərkəzi London Dizayn Muzeyi tərəfindən “İlin Dizaynı” mükafatına layiq görülüb.

“The Guardian” qəzetində dərc olunmuş məqalədə deyilir ki, münsiflər heyətinin bu layihəni real həyatda – yəni Bakıda görmüş yeganə üzvü Piers Gough onu “Marilyn Monroe-nun küləklə qalxmış ətəyi qədər “saf və seksual” adlandırıb. Ziddiyyətli bənzətmədir.

Britaniya qəzetləri də yazırlar ki, münsiflər tərəfindən Hadid-in “şah əsəri” kimi qiymətləndirilmiş işi beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

Kiminin yadına ətək düşür, kiminin də…

Nəhəng tikilinin görünüşü, məsələn beynəlxalq insan haqları təşkilatı Human Rights Watch-un yadına Hollivud ulduzunun yubkasını yox, Azərbaycanda getdikcə pisləşən insan haqlarının vəziyyətini salıb.

Təşkilat xatırladıb ki, başqa bir ambisiyalı tikili – 2012-ci ilin Eurovision Mahnı Yarışının keçirilməsi üçün tikilmiş Crystal Hall layihəsinə görə minlərlə insan mənzillərindən zorla çıxarılıb.

"Hökumət sakinlərə qədərincə müavinət ödəmədən şəhər boyunca qanunsuz müsadirələr və evdənçıxarılmalara əl atıb" – deyir HRW nümayəndəsi Giorgi Giorgia.

O həmçnin bildirib ki, 2013-cü il prezident seçkiləri ərəfəsində onlarca siyasi fəal, müxalifətçi və jurnalist qondarma ittihamlarla həbs olunub

“The Guardian” yazır ki, Heydər Əliyev mərkəzinin tikintisi üçün 250 evin dağıdılması bir yana, tikintinin özünün qanuniliyi beynəlxalq aləmdə şübhə altına alınıb. (ardı aşağıda)

Bosniya və Serbiya qulları

Məqalədə deyilir ki, hələ 2010-cu ildə mərkəzin tikintisinin davam etdiyi bir vaxtda Beynəlxalq Tikinti və Tikinti Materialları İşçiləri həmkarlar ittifaqlarının konfederasiyası - BWI Avropada ən irimiqyası insan alveri faktlarını faş edib. Təşkilatın sənədlərində deyilir ki, Bosniyadan və Serbiyadan olan miqrant fəhlələr Heydər Əliyev mərkəzinin tikintisində ağır şəraitdə işləməyə məcbur ediliblər.

Qəzet xatırladır ki, Hadid-in başqa layihələri, məsələn Qətərdə keçirilməsi nəzərdə tutulan dünya futbol çempionatı üçün stadionların tikintisində də buna bənzər insan haqları pozuntuları qeydə alınıb. Bu stadionların tikintisində son iki ildə 500 miqrant fəhlə həyatını itirib.

Bütün bunları Hadid-ə deyəndə o, bildirir ki, “bu, hökumətin problemidir, mən memar kimi belə şeylərə baxmıram” – yazır “The Guardian”.

Hadid-in ofisi bəyan edib ki, Bakı layihəsinin podratçısının xeyir-duası tikintilərin təftiş və qiymətləndirilməsini həyata keçirən və Cenevrədə mənzillənmiş beynəlxalq qurum - Société Générale de Surveillance – SGS tərəfindən verilib.

Merilyin Monroe
Merilyin Monroe

Hadid-in ofisi onun Çində həyata keçirilmiş layihəsini də belə təmizə çıxarır. Memarın nümayəndələri deyirlər ki, Pekində iri kommersiya mərkəzi tikiləndə şəhərin qədim tarixi küçələri artıq sökülüb qurtarmışdı.

Lakin Human Rights Watch təşkilatından Hugh Williamson deyir

Marilyn Monroe-nun ətəyi...
Marilyn Monroe-nun ətəyi...

ki, tikinti sahəsinin hələ tikintidən əvvəl sökülüb düzlənməsi hələ hər şeyin qaydada olduğundan xəbər vermir.

Onun fikrincə, çox vaxt belə hallarda evləri sökülənlərin kompensasiyası barədə mübahisələr bitməmiş olur.

Korrupsiyanın tikdiyi “saf və seksual” bina

Britaniyada arxitektura və dizayn məsələlərindən yazan nüfuzlu Gizmodo internet saytında dərc olunmuş məqalədə də diqqət məhz bu məqama, Heydər Əliyev mərkəzinin tikintisi ilə bağlı beynəlxalq və yerli etirazlara, ölkədəki rejimin avtoritarlığına, insan haqlarının bərbad vəziyyətinə, seçki saxtakarlıqlarına, hakimiyyətin atadan oğula ötürülməsinə cəlb edilir.

Məqalədə Oksford Universiteti tarixçilərindən birinə istinadən deyilir ki, “Hadid birbaşa Əliyevin adını daşıyan obyektin tikintisi üçün sifarişi qəbul etməklə onun şəxsiyyətinə pərəstişə xidmət göstərib”.

“Bu, ecazkar bir binadır. Və biz demək istəmirik ki, Zaha Hadid-in dizaynları xoşagəlimli deyil...Lakin dizayn gözəllik sözünün sinonimi deyil. Böyük dizaynlar böyük problemləri həll edir, problemlərin yaranmasına səbəb olmur, - yazır məqalənin müəllifi Kelsey Campbell-Dollaghan –Bu binanın arxasnda gizlənən tarixçəni görməməzliyə vurmaqla Dizayn Muzeyinin munsifləri vətəndaşları təməl insan hüquqları uğrunda çarpışan bir ölkə barədə cinayətkarcasına saxta ideyanı əbədiləşdiriblər. Onlar həmçinin “əsl yaxşı dizayn nə deməkdir” barədə saxta bir ideyanı da əbədiləşdiriblər”.

Müəllifin gəldiyi qənaətə görə, dizayn təkcə metrik ölçülər yox, həm də siyasət deməkdir.

“Burada isə söhbət pulu korrupsiyalı hökumət tərəfindən ödənmiş “saf və seksual” binadan gedir, - yazır müəllif, - Əlbəttə, gözəldir, lakin bu qədər təmtəraq üçün əsas varmı?”

“Architects’ Journal” dərgisinin redaktor əvəzi Rory Olcayto “The İndependent” qəzetinə bildirib ki, “bu bina müasir memarlığın ecazkar nümunəsi ola bilər, lakin Dizayn Muzeyinin keçmiş DTK diktatorunu şərəfləndirən bir binanı mədh etməsi təəccüblü görünür”.

Rory Olcayto bildirib ki, bunu kim bilməsə də, Dizayn Muzeyinin direktoru Dejan Sudjic bilməlidir. Axı onun “Möhtəşəmlik kompleksi” (Edifice Complex) kitabında söhbət memarlarla diktatorların münasibətindən gedir.

Atası da avtoritar idi, özü də

“The İndependent” Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson-un sözlərini xatırladır: “Əliyev avtoritar lider olub, indi isə onun oğlu avtoritar liderdir”.

Heydər Əliyev
Heydər Əliyev

“Azərbaycanda hazırda insan haqları geniş miqyasda pozulur və binaya mükafat məhz bu kontekstdə verilib” – deyir Hugh Williamson.

Onun fikrincə, bizneslər işlədikləri yerdə insan haqlarının vəziyyətinə diqqət yetirməlidirlər.

Demokratiya Naminə İncəsənət (Art for Democracy) insan haqları qrupunun rəhbəri Rebecca Vincent də bu fikirdədir ki, incəsənət insan haqları ilə birbaşa bağlıdır, çünki ifadə azadlığını təcəssüm etdirir.

İnsan haqları fəalı bildirir ki, Azərbaycanda insan haqlarının vəziyyəti getdikcə pisləşir və Zaha Hadid kimi fiqurların bu məsələni qaldırması son dərəcə əhəmiyyətli olardı.

Memarın mənəvi məsuliyyəti

Dama Zaha bu mükafata layiq görülmüş ilk qadın memar olsa da, bu, onun insan haqları ilə bağlı üzləşdiyi ilk tənqid deyil.

Amma münsiflər heyətinin üzvləri öz qərarlarını müdafiə edirlər.

Yazıçı və radioteleviziya yayınçısı Ekow Eshun “The İndependent” qəzetinə bildirib ki, “biz qarşımızdakı işə qiymət vermişik…Biz işə baxmışıq”.

Lakin bir sıra sanballı memarları bu kimi cavablar qane etmir.

Hazırda Dünya Ticarət Mərkəzinin rekonstruksiya meydanında iş başında olan məşhur memar Daniel Libeskind hələ ötən il bu barədə suala cavabında demişdi ki, memarlar öz işləri üçün mənəvi cavabdehlik daşıyırlar.

Heydər Əliyev Mərkəzi layihəsi
Heydər Əliyev Mərkəzi layihəsi

Heydər Əliyev mərkəzinin tikintisi
Heydər Əliyev mərkəzinin tikintisi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG