Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

Naxçıvanda kombayn tapmacası: fermer deyir yoxdur, ...«Aqrolizinq» deyir var


Kombayn
Kombayn

-

Kombayn qıtlığıyla üzləşən naxçıvanlı fermerlər əkin sahələrini biçdirə bilmirlər. Fermerlər deyir ki, «Naxçıvan Aqrolizinq» ASC öz kombaynlarını satışa çıxardığından biçində problemlər yaşanır. Onların sözlərinə görə, sahələrə buraxılan az sayda kombayn, hələlik, yüksəkvəzifəli məmurların taxılını biçir.

«NAXÇIVAN ALİ MƏCLİSİ SƏDRİNİN MÜAVİNİNƏ MƏXSUS...»

Babək rayonundan olan fermer Qadir Quliyev 1 hektar ərazidə taxıl əkdiyini, amma məhsulu biçməyə kombayn tapmadığını deyir. O, kombaynla bağlı «Naxçıvan Aqrolizinq» ASC-yə bir neçə dəfə üz tutsa da, müsbət cavab ala bilmədiyindən gileylənir:

«22 təzə kombaynı satışa çıxarıblar deyə, sahələrə salmaq istəmirlər. Qorxurlar ki, texnikanın təzəliyi pozular, onları alan olmaz. Bu, xəyanətdir. Taxıl kimi strateji məhsul yerdə qalıb, amma bunlar kombaynları bazada yatırıblar. Yerdə qalan kombaynlarla da öz yerlərini biçirlər. Yaşadığım Sirab kəndinə cəmi 1 kombayn göndəriblər. O da Naxçıvan Ali Məclisi sədrinin müavininə məxsus 20 hektar yeri biçir. Bu adam hər kənddə azı 10 hektar sahə əkdirib. Sonra icra hakiminin, ondan da sonra qohum-əqrəbanın yerləri biçiləcək. Bizə çatınca, taxıl quruyacaq, məhsul zay olacaq».

«ÖZLƏRİ MİLYON QAZANIR...»

Şərur rayon sakini Vasif Həmidov da kombayn çatışmazlığından şikayətlənir:

«Yalnız öz yerlərini biçdirirlər. Bizə kombayn vermirlər. Deyirlər, kombaynlar satışa çıxarılıb. Prezident kombaynlara 20-30 milyon manat ayırıb ki, satışa çıxarsınlar? Naxçıvanda özbaşınalıqdır. İki hektar sahədə taxıl əkmişəm. Xeyli xərcim çıxıb. Bir az da geciksə, taxıl ələ gəlməyəcək. Əkin vaxtı xərcləri qarşılamağa kredit götürmüşdüm. Belə getsə, qoyduğum xərci də çıxara bilməyəcəyəm. Özləri milyonlar qazanır, gözləri doymur, amma bizə krediti qaytarmağa da imkan vermirlər. Məqsədləri odur ki, məcbur qalıb torpaqlarımızı ataq, sonra da özləri götürüb əksin. Əkin vaxtı bir problem çıxarırlar, biçin vaxtı da ki, belə».

«BİZ HEÇ KİMƏ FƏRQ QOYMURUQ»

«Naxçıvan Aqrolizinq» ASC əkin sahələrinə yetərincə kombayn buraxıldığını bildirir. Bu qurumdan AzadlıqRadiosuna verilən məlumatda mülkiyyətçilərə fərq qoyulmadığı da vurğulanır:

«Biz heç kimə fərq qoymuruq. Kombaynlar bir tərəfdən başlayıb biçir. Kimin növbəsi nə vaxt çatacaqsa, onda da biçdirəcək».

XS
SM
MD
LG