Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

Rafiq Əliyev: «Xalqa arxalanmaq dövrüdür»


Rafiq Əliyev
Rafiq Əliyev

-

İyulun 1-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

ATƏT-İN BAKI TOPLANTISI AZƏRBAYCANA BAŞAĞRISI GƏTİRƏ BİLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, ATƏT Parlament Assambleyasının iyulun 1-də keçiriləcək iclasında Rusiyaya dair qətnamə layihəsində Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi qalacaq və Rusiya Azərbaycanı hədəf seçəcək. Sabiq dövlət katibi Vəfa Quluzadə qeyd edib ki, məsələyə tam obyektiv yanaşmaq lazımdır:

«Rusiyanın Azərbaycana qonşu olmasını unutmaq olmaz. İkincisi, Rusiyanın Azərbaycana qarşı təcavüz imkanları başqalarından qat-qat artıqdır. Həştərxanda Rusiyanın hərbi dəniz donanması dayanıb, istənilən vaxt, bir neçə saatın içində Bakının sahillərində ola bilər. Digər tərəfdən, Dağıstanda 40 mindən artıq güclü əsgəri heyəti yerləşir. Bu biri tərəfdən də Rusiya Ermənistanın müttəfiqidir və Ermənistanda Rusiyanın üç hərbi bazası var. Bu bazalarda Rusiyada yaşayan xeyli erməni çalışır. İndi baxın, görün biz nə qədər kövrək vəziyyətdəyik. Ona görə də Azərbaycan rəhbərliyinin Rusiyanı qıcıqlandıra biləcək addımlar atmaması tamamilə özünü doğruldur».

EVSİZİ MƏNZİL SAHİBİ ETMƏYİN 3 YOLU

Azərbaycanda kirayələrdə yaşayan gənclər üçün dövlət hansı imkanları yarada bilər? «Bizim Yol» «xalq evləri» ilə bağlı xarici ölkələrin təcrübəsini araşdırıb. Müəllif yazır ki, bir il ərzində ölkə üzrə təxminən 80 min nikah bağlanır. Onların ən azı yarısının mənzilə ehtiyacı var. Amma indiyədək ipoteka ilə cəmi 14,9 min ailə ev sahibi olub. Deməli, ipoteka kreditləri ehtiyacın heç 1 faizini də ödəmir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hazırda hər min nəfərə düşən mənzil sayı 2,2 və ya 234 kv.m-dir. Beynəlxalq təcrübəyə görə, əhalinin mənzillə təminatının 3 modeli mövcuddur: ipoteka fondlarıdır ki, Azərbaycan hökuməti də, əsasən, bu təcrübədən istifadə edib; ikinci model tikinti-əmanət banklarının yaradılmasıdır; Avropada geniş yayılmış üçüncü modelə «sosial evlər» deyirlər. Hazırda qonşu Türkiyə də bu modeldən istifadə edir. Burada dövlət vəsaiti hesabına ucuz evlər tikir.

ABŞ SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİNDƏ İSRAR EDİR

«Azadlıq» qəzeti yazır ki, siyasi məhbus problemi beynəlxalq aləmin diqqətində olan bir nömrəli məsələdir. Amma hakimiyyət bu problemin həlli istiqamətində elə bir addım atmaq niyyətində görünmür. Belə olan halda beynəlxalq aləmdən gələn ciddi basqını nəzərə alsaq, situasiya ilə bağlı gözləntilər necədir? «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, beynəlxalq aləmin hakimiyyətə sərt təpkisi nəticəsiz qalmayacaq və iqtidar bu məsələdə mövqelərindən geri çəkilməyə məcbur olacaq. Amma hətta hazırkı siyasi məhbusların bəzilərinin azadlığa çıxmasından sonra hakimiyyətin heç kimi həbs etməyəcəyinə heç kimi zəmanət verə bilməyəcəyini söyləyən M. Əliyev vurğuladı ki, siyasi məhbus kriteriyaları cəmiyyət, siyasi partiyalar, hakimiyyət tərəfindən müzakirə edilərək qəbul edilməlidir.

«XALQA ARXALANMAQ DÖVRÜDÜR»

«Media forum» saytı professor Rafiq Əliyevlə müsahibə dərc edib. Professor Azərbaycan elmində inkişaf görmədiyini deyir. «Gəlin göstəricilərə baxaq. Ölkədə istinadlı jurnallarda olan məqalələrin adambaşına düşən sayı Azərbaycanda çox aşağı səviyyədədir. Bir dəfə qəzetdə saytın ünvanını da göstərmişdim. Dünyanın qəbul etdiyi istinadlı jurnallardakı adambaşına düşən məqalələrinin sayına görə, ürək ağrısı ilə deyim ki, Ermənistanı MDB məkanında ikinci yerdə gördüm. Dünya bu elmi nailiyyətləri qəbul edir. Bizdə isə elmin vəziyyəti heç ürəkaçan deyil.

«...Cəmiyyət məsələsinə gəldikdə, cəmiyyətdə sosial acizlik sindromu var. Cəmiyyəti xarakterizə etmək üçün müxtəlif eksperimentlər aparıblar. Məsələn, uçan böcəkləri doldurublar qaba, qabın ağzını açıq qoyublar, onlar da uçub gedib. Başqa bir eksperimentdə isə qabın ağzını bağlayıblar. Açanda böcək uçmayıb. Çünki böcəyin oradan çıxmaq cəhdləri uğursuzluğa düçar olduğundan onda acizlik sindromu yaranıb... Bu xalq həmin 80-ci illərin xalqı deyilmi? Genetik olaraq həmin xalqdır. Amma o zaman qapaq açılmışdı. Mən cəmiyyətin vəziyyətini bu cür xarakterizə edirəm. İndi o qapağı açmaq və elə o vəziyyətdə – açıq saxlamaq, xalqa arxalanmaq dövrüdür».

VALYUTA QAÇAQMALÇILIĞININ QARŞISI ALINIB

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları valyuta qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Rusiya Federasiyası vətəndaşı Zaur Raqimov «Samur» gömrük postunun giriş qapısına yaxınlaşaraq əlindəki bağlamanı sərhədin Azərbaycana məxsus tərəfində dayanmış bir nəfərə verib. Bağlamanı alan şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilmiş və hadisə ilə bağlı sorğu-sual olunub. Həmin şəxs ona ötürülən bağlamada xarici valyuta olduğunu bildirib. Bağlamaya şahidlərin iştirakı ilə baxış keçirilib və orada 69 ədəd 500-lük avro olduğu müəyyən edilib.

NƏRGiZ PAŞAYEVA AMEA-NIN MÜXBİR ÜZVÜ OLDU

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub. «Qafqazinfo»nun xəbərinə görə, AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın da adı var. O, «Ədəbiyyatşünaslıq» ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG