Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

-

“Özünüzü Orxan Pamukdan sonra Nobel mükafatına ən şanslı türk yazar sayırsınızmı?”

Bunu Azadlıq Radiosunun əfqan xidmətinin müxbiri Freshta Jalalzai ünlü türk romançı Elif Şafakdan soruşub.

Xatırladaq ki, beynəlxalq mediada onun adının qarşısında “Nobel almağa şanslı” ifadəsi sıx-sıx işlədilir.

E.Şafakın cavabı belə olub:

- Mən məşğul olduğum işi, hekayətlər danışmağı çox sevirəm. Mənim üçün əsas olan budur: hekayətlər anlatmaq, oxumaq, yazmaq, öz təxəyyülümü canlı saxlamaq... Əlbəttə, bütün yazıçılar istəyərdi ki... istəyərdi ki, öz oxucuları ilə ünsiyyət qura bilsin və bu işdə uğur qazansın. Əgər hansısa yazıçı bunun əksini desə, mən ona inanmaram. Onu demək istəyirəm ki, mənim əsas motivim hekayətlər anlatmaqdır. Bu mənim ən böyük sevgimdir.

E.Şafak müsahibəsində müsəlman cəmiyyətlərində patriarxal qaydalardan törəyən problemlərdən də danışıb:

“Mən müşahidə etmişəm ki, bir çox türk və kürd ailələrində analar oğlan uşaqlarını qızlardan fərqli tərbiyə edirlər, onlarlı sultan kimi böyüdürlər.

Biz qızlara süfrə açmağı, sil-süpürü, ev işi görməyi öyrədirik. Oğlanlara gəldikdə isə, onlar heç mətbəxə gedib özlərinə su süzməyi də bacarmırlar”.

E.Şafakın fikrincə, patriarxallıq təkcə kişilərdən qaynaqlanan bir məsələ deyil:

“Mən dünyanın dörd bir tərəfində qapalı, patriarxal qaydalardan əziyyət çəkən qadınların halına acıyıram.

Bu bir həqiqətdir ki, patriarxallıq qadını bədbəxt edir. Amma həm də kişiyə bədbəxtlik gətirir.

Gənc oğlanlar kişilik, maskulinlik anlayışının, stereotiplərinin onların çiyninə qoyduğu yükü çəkməkdə çətinlik çəkirlər. Biz onlara da kömək etməliyik”.

Yazıçı hesab edir ki, patriarxal cəmiyyətlərdəki namus cinayətləri, qadına qarşı zorakılıq və s. çox mürəkkəb problemdir və onların aradan qaldırılması üçün qadınlar da özlərinə tənqidi yanaşmalıdırlar:

“Analar öz oğullarının tərbiyəsindəki rollarına, onları imtiyazlı övlad kimi böyütmələrinə də tənqidi yanaşmağı bacarmalıdırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG