Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28

-

İyunun 28-dən 29-a keçən gecə Koxanəbi kəndinin sakinləri güllə səsinə oyanıblar. Daha sonra mal-qaranın atəşə tutulduğu anlaşılıb. Tovuzun Ermənistan postlarından cəmi 300 metr məsafədə olan Koxanəbi kəndində köhnə uçuq evlərlə yanaşı, Tağıyevlər ailəsinin dağ ətəyində yerləşən mal-qara tövləsi və buraya bitişik ikiotaqlı ev də atəşə tutulub. Ailənin oğlu Ruslan Tağıyev belə deyir və tövlədə bağlı olan 2 inəyə də güllə dəydiyini bildirir:

«DOLANMAQ ÜÇÜN MALDARLIĞA GÖZ DİKMİŞİK»

«Gecə haradasa saat 1-ə işləmişdi. Burada bağlı idi heyvan. Güllə dəyib ona. Qanını torpaqla örtmüşük. Buralara bağlamışdıq heyvanları. İşıq yanırdı. İriçaplı snayperdən atırdılar deyə çıxmaq olmurdu. Gördük inəyin biri canını tapşırıb, biri də yaralıdır. Əkin-biçin yoxdur, su yoxdur. Dolanmaq üçün maldarlığa göz dikmişik. Pendir-qatıqla, südlə dolanırıq».

Tağıyevlər ailəsinin tövləsinə bitişik ev Ermənistan postlarından apaydın görünür. Ruslan Tağıyevin sözlərinə görə, indiyədək evlərinə atılan güllələrin sayını itiriblər. Dam örtüklərində də, evlərinin qapısında da tutar qalmayıb. Ötən gecə bir neçə saatlıq atışmada evlərinə, nə az-nə çox, 8 pulemyot gülləsi dəyib.

«İLDƏ 10 HEYVAN QURBAN VERİRİK»

Ruslan Tağıyev gileylənir ki, inəyinin ölməsini rəsmi qurumlara bildirsələr də, hələ bir nəfər də gəlib maraqlanmayıb:

« «Qaynar xətt»ə də zəng edib dedik, hərbçilərə də, amma heç kim gəlmədi. O biri inəyi həkim müayinə elədi, örüşə buraxdıq. İldə 10 heyvan qurban veririk. Sərhəd kəndində yaşayırıq. Düşmənin qabağını kəsəsi deyillər ki... Amma belə olanda, imkansıza yardım edə bilərlər. Gedib başqa yerdə yaşaya bilərəm, amma alınmır, axı. Mən köçəcəyəm, sonra o biri kənd də köçəcək... Torpağı vermək olmur ki...».

İki uşağını bu kənddə əlinin zəhməti ilə dolandıran Sürəyya Tağıyeva indi krediti necə ödəyəcəyindən rahatsızdır. O, ailələrinə maddi yardım umur. İstəyir ki, onlara dəymiş zərər ödənsin:

«ÖLDÜRÜLƏN İNƏYİN KREDİTİNİN 2-CƏ AYINI VERMİŞƏM»

«Axşam saat 1-dən başlayıb 4-dək Ermənistan tərəfdən güllə atıblar, mən də çarpayının altına girib qorunmuşam. Çıxanda gördüm ki, inəyimin biri ölüb, biri də yaralanıb. Ölən inəyi kreditlə almışdım. Onun kreditinin 2-cə ayını vermişəm. Güllə inəyin boğazından girib başından çıxaraq, onu öldürüb. O birinin də boğazının boş ətindən girib, digər tərəfdən çıxıb. Yaxşı ki sağ qalıb. Bu kənddə düşmən tərəfdən atılan güllədən adam da öldürülüb, heyvan da. Heç kim də yardım görməyib. Əlimdə ağac dağların döşündə otarırdım malımı. O da elə getdi, qaldım belə...».

Koxanəbi kəndində biçin vaxtıdır. Gənc sakinlərdən Mirailm də deyir ki, biçənəkdə işləyən kimi, qarşı tərəfdən gülləyə tuturlar. Ona görə, gündüzün gündüz çağında da işləməyə gizli yollarla, kolların arası ilə getməyə məcbur qalırlar:

«GİZLƏNƏ-GİZLƏNƏ İŞLƏMƏYƏ GEDİRİK»

«Atışma oldu. Evlərimizə ziyan dəydi. Pəncərənin çərçivəsi dağılıb. Dünən çox atıblar. Həmişə atırlar. Məni də vuracaqdılar, amma qaçmağa macal tapdım. Mal-qaranı yerinə salırdım, o vaxt oldu... İndi biçənəyə gedirəm. Hara getsək, atırlar. Gizlənə-gizlənə gedirik».

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyev deyir ki, sərhəd kəndlərində vaxtaşırı mal-qara da tələf olur, insanlar da yaralanır. O, hər gecə atılan güllələrdən evlərin dam örtüyünün sıradan çıxmasına da diqqət çəkir. Zərər görən ailələrə yardım məsələsinə gəlincə, Fikrət Tağıyev deyir ki, yaralanan sakinlərə icra hakimiyyətində daxili imkanlar hesabına yardım göstərilir. Mal və mülkə dəyən ziyanı rayonun fövqəladə komissiyası qeydə alaraq, Nazirlər kabinetinə göndərir.

«DİGƏR MAL-QARA GÜLLƏLƏRDƏN QORUNUB SAĞ QALSA...»

Kənd sakini Ruslan Tağıyev isə kredit götürüb min manata aldığı inəyin ölümü ilə hələ bir nəfər rəsmi şəxsin maraqlanmadığını söyləyir. Onun anası Sürəyya Tağıyeva deyir ki, o biri mal-heyvanın süd və qatığına qalıb ümidləri, bəlkə ağartı satmaqla krediti ödəyələr. Və dərhal da sözlərinə əlavə edir:

«Digər mal-qara atılan güllələrdən qorunub, sağ qalsa...».

XS
SM
MD
LG