Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Konqresmen Ted Poe ABŞ-Azərbaycan əlaqələrindən danışıb [Video]


-

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası növbəti «Konqres Təqdimatları Seriyası»nı keçirib. İyun ayının 15-də keçirilən «ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq» adlı tədbirin qonağı konqresmen Ted Poe olub.

Tədbiri giriş sözü ilə açan ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru Süsən Sadıqova Texas konqresmeni haqda məlumat verib. O bildirib ki, 2011-ci ildə Texasın 2-ci dairəsindən 4 il müddətə konqresmen seçilən Ted Poe bundan əvvəl 22 il Hyuston şəhərində Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Çıxışına Rusiyanın tənqidi ilə başlayan Konqresin Xarici Əlaqələr Komitəsinin Terrorizm, Silahsızlaşdırma və Ticarət alt komitəsinin sədri Ted Poe deyib ki, Moskva Avropaya alternativ qaz təchizatı olmasını istəmir. Bu kontekstdə Azərbaycanın qaz ehtiyatlarının mühümlüyünü vurğulayan konqresmen deyib ki, ABŞ və Azərbaycan qazı birlikdə satmağa çalışmalıdır:

«Növbəti 20 il ərzində dünyanın 30 faiz daha çox enerjiyə ehtiyacı olacaq. Biz daha çox enerji istifadə edirik, ona görə də daha çox enerji mənbəyi tapmalıyıq. Bu tələbatı ödəmək üçün enerji hasilatçıları olan ABŞ və Azərbaycan birgə çalışa bilər».

TANAP 4 MİN ADAMA İŞ VERƏCƏK

Hazırda Avropaya gələn qazın «Gazprom»un inhisarında olduğunu dilə gətirən konqresmen Ted Poe TANAP layihəsinin həyata keçirilməsinin mühümlüyünü vurğulayıb. O deyib ki, ortaq maraqlara xidmət edən bu boru xətti Azərbaycandan İtaliyayadək uzana bilər. Onun sözlərinə görə, Nyu-Yorkdan Los-Ancelesədək uzunluqda məsafəni əhatə edəcək bu layihə həm də 4 mindən çox yeni iş yeri açacaq:

«Fikrimcə, ABŞ ictimai şəkildə bu layihəni dəstəkləməli və bunun baş tutması üçün əlindən gələni etməlidir. Diplomatlarımız bu istiqamətdə ciddi çalışmalıdırlar. Bu fəaliyyət həm bizim öz ölkəmizin, həm də Avropadakı müttəfiqlərimizin milli təhlükəsizliyinə kömək edə bilər».

Konqresmen ABŞ-Azərbaycan əlaqələrinin yalnız enerji ilə məhdudlaşmadığını bildirib. İki ölkə arasında birbaşa təyyarə uçuşlarının bu günlərdə açılacağını xatırladan Ted Poe deyib ki, bu, iki ölkənin biznes əlaqələri üçün çox mühümdür. O habelə deyib ki, yük daşınması üçün birbaşa uçuşlar vacibdir. Konqresmen iki ölkə arasında əlaqələrin daha da güclənəcəyinə əmin olduğunu da dilə gətirib.

Çıxışından sonra konqresmen sualları cavablandırıb və tədbir naharla başa çatıb.

Amerikanın səsi

Günün bütün mövzuları

XS
SM
MD
LG