Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Milli Məclisin sessiyası başa çatıb


-

Yazı yeniləndiyindən ən son xəbərlər mətnin əvvəlindədir

İyunun 27-də Milli Məclisin ikinci növbədənkənar iclasının gündəliyinə 6 məsələ daxil edilib.

«İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» konstitusiya qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əlcəzairdə Azərbaycan səfirliyinin təsis edilməsi, Fransız liseyinin yaradılması ilə bağlı Azərbaycan və Fransa hökumətləri arasında qanun layihələrini müzakirə edəcəklər. Gündəliyin digər üç məsələsi şəhərsalma və tikinti məcəlləsinə, «Balıqçılıq haqqında» qanuna dəyişiklik, bir də Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad adlandırılması ilə bağlı qanun layihələridir.

Bu, 2014-cü ildə Milli Məclisdə keçirilən sayca 12-ci iclasdır. Parlamentin ilk iclası fevralın 14-də başlayıb.

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATIB

Bu barədə parlamentin spikeri Oqtay Əsədov iyunun 27-də məlumat verib. Parlament sədri deyib ki, növbədənkənar sessiya başa çatsa da, onlar iyulun 15-dək fəaliyyətlərini davam etdirəcəklər:

«Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlər keçirilir. ATƏT-in Parlament Assambleyasının yay sessiyası Bakıda keçiriləcək. Hazırda 400-dən çox nümayəndə heyəti Azərbaycana gəlib. Odur ki, istəyirəm bu tədbirlərdə aktiv iştirak edəsiniz».

2014-cü ilin yaz sessiyasında növbədənkənar iclaslar da daxil olmaqla Azərbaycan parlamenti 12 iclas keçirib.

NƏRƏ BALIĞINI KASIBLAR DA DADACAQ

İyunun 27-də Milli Məclis «Balıqçılıq haqqında» qanuna dəyişiklikləri qəbul edib. Layihə müəlliflərindən biri Samir İsayevin Azadlıqradiosuna dediyinə görə, yeni dəyişiklər balıq saxlanması və balıq məhsullarına əlçatımlığını xeyli yaxşılaşdıracaq.

«Azərbaycan bu vaxtadək dünyaya balıq ixrac edən ölkə olmayıb. Biz yalnız nərə balığı kürüsü və müəyyən miqdarda nərə əti ixrac edirik. Bu gün Azərbaycanda nərə balığının əti çox bahadır. Çünki bu növ balığın sayı azalır və ferma - akvakultura şəraitində yetişdirilmir. Dünyanın əksər restoranlarında verilən balıq ətləri akvakultura təsərrüfatlarında yetişdirilən balıqların ətidir. Çaydan, dənizdən tutulan balıqlar mində bir adamın masasına gəlir. Bu baxımdan balıqçılıq fermalarının yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər mühüm addımdır». Samir İsayev deyir ki, «Balıqçılıq haqqında» qanuna edilən dəyişiklik Azərbaycanda çoxları üçün əlçatmaz olan nərə balıqlarının da yetişdirilməsinə imkan verəcək.

«Biz nərə balığı yeməyə öyrəşmiş bir millətik, Xəzər dənizi sahilində yaşayan bir xalq kimi buna mənəvi haqqımız çatır. Bu baxımdan qanuna edilən dəyişiklik adamların nərə balığına əlçatımlığını artıracaq».

Layihə həmmüəllifinin dediyinə görə, bundan sonra qayda və texnologiyalara əməl etmək şərti ilə istənilən adam nərə və digər balıqlar saxlaya biləcək. Qanuna edilən bir dəyişiklik də balıq ovuna qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

«Köhnə qanundan fərqli olaraq yeni qanun insanların balıq ovu etməsinə tam sərbəst şərait yaradır. Bunun əksinə olaraq yeni qanunvericilik xaricdən balıq gətirilməsini məhdudlaşdıracaq. Yetişdirmək üçün xaricdən gətiriləcək balıqlarla bağlı ekspertiza keçiriləcək. Müəyyən ediləcək həmin balıqlar Azərbaycan şəraitinə uyğundur ya, yox. Birdən həmin balıqların saxlandığı su hövzələrinin bəndləri dağıldı və həmin balıqlar çaylardakı balıqları məhv edə bilər. Bu baxımdan yeni qanunvericilikdə bu məsələyə də ciddi önəm verilib».

FRANSIZ LİSEYİ İLƏ BAĞLANAN SAZİŞ PARLAMENTDƏ TƏSDİQLƏNDİ

Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında 2011-ci il oktyabrın 7-də imzalanan sazişi Milli Məclis iyunun 27-də təsdiqləyib.

Sazişin birinci maddəsində deyilir ki, adı çəkilən lisey Azərbaycan qanunvericiliyi və Fransa Milli Təhsil Nazirliyinin proqramına uyğun olaraq şagirdlərə dünyəvi orta təhsil verəcək.

Fransız Liseyinin İdarəetmə Komitəsi Dövlət Neft Şirkətinin təyin etdiyi sədrdən, Azərbaycan Təhsil Nazirliyinin təyin etdiyi sədr müavindən, Heydər Əliyev Fondunun təyin etdiyi xəzinədardan və Fransa səfirliyinin təyin etdiyi katibdən ibarət olacaq.

Liseyin verdiyi attestatlar hər iki ölkə tərəfindən qarşılıqlı tanınır.

OMBUDSMAN HAQQINDA QANUNA DƏYİŞİKLİK EDİLİB

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Konstitusiya Qanununda dəyişiklik qəbul edilib. Dəyişiklik barədə deputat Əli Hüseynli məlumat verib. O bu dəyişikliyin maddi təminatla bağlı olduğunu deyib.

Qanunun 16.1-ci maddəsinə edilən dəyişikliyə görə, ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılıb. Ombudsmanın əmək haqqında edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək.

Dəyişiklik 2013-cü ilin dekabrından tətbiq edilib.

«ÖTƏN İL 2 MİLYON YARIM ADAM MEALİCƏ ÜÇÜN İRANA GEDİB»

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İcbari tibbi sığorta haqqında qanunun hələ də işlək olmamasının Azərbaycanın tibb sisteminə ciddi zərbə vurduğunu deyib:

«Mən statistikaya baxdım, ötən il 2 milyon yarım Azərbaycan vətəndaşı öz səhiyyə problemlərinin həlli üçün İrana müraciət edib. Azərbaycan uğurla qanunların tətbiqinə nail ola bilməsə biz Azərbaycan xalqının sağlamlığına nail ola bilməyəcəyik».

«AZƏRBAYCAN XALQI ÖZ PREZİDENTİ İLƏ FƏXR EDİR»

«Prezident İlham Əliyev Azərbaycanı Avropaya layiqincə təqdim etdi. Azərbaycanın beynəlxalq birliyin layiqli üzvü olduğunu, beynəlxalq ictimaiyyət qarşısında alnıaçıq olduğunu sübut etdi. Cənab İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan xalqı öz prezidenti ilə fəxr edir».

Parlamentin son iclasının açılışında spiker Oqtay Əsədov prezidentin AŞPA-dakı çıxışına münasibəti zamanı bu sözləri deyib.

«AZƏRBAYCAN VƏTƏNDAŞI KİMİ HEYRAN OLDUM»

Fəzail Ağamalının sözlərinə görə, prezident özünün dərin məzmunlu çıxışı ilə ölkədə həyata keçirilən islahatlar, qarşıda dayanan problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıb.

Digər deputatlar da Strasburqda dövlət başçısının çıxışı ilə bağlı fikirlərini açıqladılar. Millət vəkili Fəzail Ağamalı «yüksək intellekti, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə bir Azərbaycan vətəndaşı kimi heyran oldum, prezident kimi onunla fəxr etdim»- deyib.

«NİYAZOBA NİYƏ NİYAZABAD OLMALIDIR Kİ?»

Deputat İqbal Ağazadə diqqəti gündəlikdəki başqa bir məsələyə yönəldib. «Gündəlikdə Xaçmaz rayonunun Niyazoba kəndinin adının Niyazabad adlandırılması ilə bağlı məsələ salınıb. Mən bu məsələnin gündəlikdən çıxarılmasını istəyirəm. Niyazoba təmiz türk sözüdür, bunu niyə fars sözü olan «abad» kimi verməliyik. Buna qəti etiraz edirəm»

Spiker Oqtay Əsədov isə bu məsələnin komitədə müzakirə olunandan sonra gündəlikdən çıxarıldığını deyib:

«İndi bu məsələnin gündəliyə salınması mənə aydın deyil. Onu deyim ki, deputatlara təqdim olunmasına baxmayaraq bu gün bu məsələ gündəlikdə yoxdur»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG