Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

Milli Ordu Günü və ordunun günü [Video]


-

Hərbi ekspertlər Cəsur Sümərinli və Emin Həsənli Azərbaycan Silahlı Qüvvələrinin bayram günündə ordunun durumunu qiymətləndirirlər.

Mövzu ilə əlaqədar oxu: «Azərbaycan ordusunda NATO standartları... haradasa 10 faiz civarındadır»

«ORDUDA İNSAN FAKTORU İKİNCİ PLANA ATILIR»

Cəsur Sümərinli ordunun problemlərini belə qruplaşdırır:

«Zabitlər məvaciblərinin artmasını gözləyirdilər. Təəssüf ki, bu, baş vermədi. Azərbaycan ordusunda daha çox diqqət texnikaya, silaha yönəldilir. İnsan faktoru ikinci plana atılır. Prezident iki il bundan öncə hərbçilərin mənzillə təmin edilməsi üçün sərəncam verdi. Yalnız orduda qüsursuz xidmət edənlərə mənzillərin verilməsi nəzərdə tutulmuşdu. Bu, çox səhv yanaşma oldu, hərbçilər arasında ayrı-seçkilik yarandı. 70-80 faiz zabit mənzilsizdir. Orduda aktual problemlərdən biri korrupsiyadır. Problemi həll etmək üçün elə bir addım atılmır. Silahlı Qüvvələrdə əvvəlki dövrlərdə baş verən bu cür hallara görə də cəzalandırılan yoxdur.

Cəsur Sümərinli

Cəsur Sümərinli

Əsgər ölümləri də ordunun əsas problemlərdəndir. 2014-cü ilin ilk altı ayı ərzində 34 hərbçi ölüb. Xəsarət alan, yaralanan hərbi qulluqçuların sayı 80-ə çatıb».

Ekspert müqaviləli orduya keçidi çıxış yollarından sayır:

«Zakir Həsənov çıxışında bildirib ki, Silahlı Qüvvələrdə mülki şəxslərin artırılmasına başlanıb. Təmizlik, yemək kimi işləri görmək üçün buna ehtiyac var. Mülki işçilərin cəlb olunması orduda «dedovşina» hallarını azalda bilər. Orduya 20 minə yaxın mülki şəxs cəlb olunacaq. 10 minə yaxın insan müddətdən artıq xidmət etmək istəyir. Bütün bunlar müqaviləli orduya keçid prosesi kimi başa düşülə bilər. Müqaviləli orduda fiziki cəhətdən özünü hazırlıqlı hiss edən vətəndaşlar özləri müraciət edib hərbi xidmətə başlayırlar. Ancaq reallıq budur ki, hökumətin qarşısında belə bir məqsəd, strategiya yoxdur. Qarışıq bir proses var. NATO sisteminə keçiriksə, generallardan çox, diqqət çavuşlara, aşağısəviyyəli komandirlərə yönəlməlidir. Onların sosial təminatı, döyüş hazırlığı yüksək olmalıdır».

«ORDUDA ÖLÜM HALLARINI SIFIRA ENDİRMƏK MÜMKÜN DEYİL»

Emin Həsənli hərbçilərin sosial durumunun yaxşılaşdırılması üçün addımların atıldığını deyir:

«Ordu müstəqil dövlətin əsas göstəricilərindəndir. Bu yaxınlarda cəbhə bölgəsində olmuşam. Hərbçilərin əhval-ruhiyyəsi yüksəkdir. İctimaiyyət nümayəndələri də, QHT-lər də tez-tez orduya baş çəkirlər. Hərbçilərin sosial təminatlarının ödənməsi üçün müvafiq addımlar atılır.

Emin Həsənli

Emin Həsənli

Qısa bir zamanda hərbçilərin mənzil məsələsi bütünlükdə həll olunacaq. Hələlik isə hərbiçilərə kirayə pulları verilir. Hərbiçilərin əməkhaqqının artırılması da daim diqqət mərkəzindədir».

Elmin Həsənli dünyanın bir çox ölkələrində orduda ölüm hallarının olduğunu vurğulayır:

«Heç kim istəməz ki, əsgər ölsün. Silahlı Qüvvələrin rəhbərləri əsgər ölümlərinin sayının azalmasında özləri maraqlıdırlar. Bunun üçün addımlar atılır. Orduya psixoloqların cəlb olunması, məktəblərdə hərbi hazırlığın yüksəldilməsi əsas istiqamətlərdəndir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orduda ölüm halları olmasın. Ölüm halları bir çox səbəblərdən ola bilər. Mülki işlərdə səhlənkarlıq hərbidə ölüm halına gətirib çıxarır. Heç kim bu səbəbləri gizlətmək istəmir. Hansısa gizirin, zabitin səhvi üzündən belə hallar olursa, ictimaiyyətə açıqlanır, lazımi ölçülər götürülür. Bütünlükdə bu halları sıfıra endirmək mümkün deyil».

Şərhləri göstər

XS
SM
MD
LG