Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

Dostoyevsky: "Xristianlar Məhəmməd hümmətinin qamçısı altında əzab çəkir"


Russia -- Russian writer Fyodor Mikhaylovich Dostoyevsky
Russia -- Russian writer Fyodor Mikhaylovich Dostoyevsky

-

Dostoyevsky-dən rus çarı haqqında xoş sözlər

Rus yazıçısı Fyodor Dostoyevsky öz müasiri olan Lev Tolstoyun "Anna Karenina" romanının qəhrəmanlarını - Levini və başqa liberalları tənqid edir. Türkiyə ilə savaşa qarşı çıxdıqları, Balkanlardakı xristianların müdafiəsinə qoşulmadıqları üçün.

Fyodor Dostoyevsky

YAZIÇININ GÜNDƏLİYİ

əvvəli burda

III. Təhsilsiz və savadsız rus xalqının Şərq məsələsinin məhiyyətini dəqiq bilməyi barədə


Rus xalqının və dövlətinin tarixinin başlandığı, rus torpağının xeyir-dua aldığı vaxtdan etibarən buranın insanları müqəddəs torpaqlara, tanrı məzarına, Afona zəvvarlıqlarını başlayıblar.

Hələ xaç yürüşlərinə qədər bir rus iqumen Yerusəlimə getmiş, Yerusəlim kralı "Baldvin" tərəfindən mehribanlıqla qəbul edilmişdi ki, sonra zəvvar bunu öz gündəliyində gözəl bir şəkildə təsvir etmişdi.

Sonradan Şərqdəki müqəddəs yerlərə başlanılan zəvvarlıq bu günümüzə qədər davam edir.

İndi də Rusiyada Afon dağında olmuş çoxlu rus rahibləri var.

Beləliklə, qara və savadsız rus xalqı, yəni həmin kəndli mujiklər coğrafiyadan və tarixdən başları çıxmadığı halda, yaxşı bilirlər ki, o müqədəs yerlər də, ordakı xristianlar da sonradan Məhəmməd hümmətinin, türklərin əlinə keçdi və indi xristianların bütün Şərqdəki yaşayışı necə çətindir.

Rus xalqı bunu ürək ağrısı ilə anlayır, bu da onun rus xislətinin tarixi halıdır, o bir vaxtlar zəvvarlıq elədiyi yerləri həmişə dəyərləndirir. Onun ürəyi həmişə o yerləri istəyir – tarixi xüsusiyyətdir bu.

Bir qəpiyi olmayan adamlar, qocalar, istefada olan əsgərlər, qarılar coğrafiyadan başları çıxmadığı halda, kasıb düyünçələrini çiyinlərinə atıb, öz kəndlərini tərk edir və çox vaxt uzun sürən bədbəxtliklərdən, çətinliklərdən sonra müqəddəs torpaqlara çatırdılar.

Onlar öz doğma yerlərinə qayıdanda, insanlar bu adamların səyahətləri barədə söhbətlərə acgözlüklə qulaq kəsilirdilər. Axı, rus xalqı «ilahi» şeylər barədə söhbətləri çox xoşlayır.

Mujiklər, onların uşaqları, şəhərlərdəki zatlar, tacirlər bu söhbətlərə heyranlıqla qulaq kəsilib, köks ötürürlər.

Məsələn, belə bir sual verim: «Çetyi-Minei»ni kim oxuyub?

Monastırdakılardan kimsə, ya bilavasitə mövzuya dəxli olan professor, ya da ömrü sona yaxınlaşan hansısa hoqqabaz qoca. O kitabları tapmaq da çətindir, gərək satın alasan, ya da baş çəkdiyiniz kilsədən istəməyə cəhd edin – dünyasında verməzlər.

Baxın, indi siz inanırsınızmı ki, bu təlim rus torpaqlarında geniş yayılıb? Amma təlimin ən azından ruhu geniş yayılıb – bu niyə bilədir? Çünki, müqəddəslərin həyatları barədə həddən artıq hekayətlər və bu hekayətləri danışan nağılçılar var. Onlar bu kitabədəkiləri gözəl, dəqiq, bir kəlmə artırıb-əskiltmədən nağıl edirlər, insanlar da onlara qulaq asır.

Mən özüm oxumağı öyrənməmişdən, belə hekayətlərə çox qulaq asırdım. Sonra bu hekayətləri cinayətkarların arasında olanda da eşidirdim, elə cinayətkarlar da diqqətlə qulaq asıb, köks ötürürdülər. Bu hekayətləri kitab oxumaqla öyrənmirlər, onlar dillərdə gəzə-gəzə ötürülür.

Rus xalqı üçün nəsə təmiz, ruhi bildiyi şeylər bu hekayətlərdə və müqəddəs yerlər barədəki hekayətlərdədir. Hətta kasıb, səfil adamların da nə vaxtsa səyahət eləmək, zəhmətlə, qəhrəmanlıqla təmizlənmək, çoxdankı əhdini yerinə yetirmək kimi qarşısıalınmaz istəkləri olurdu.

Şərqə, Yerusəlimə olmasa da, onlar rusların müqəddəs yerlərinə – Kiyevə, Solovetski möcüzəkarlarının yanına yollanırdılar. Öz nəhəng «Vlas»ını yaradanda, Nekrasov, əsl dahi sənətkar kimi, onu günahları yumağa hesablanmış sərkərdanlıq, zəvvarlıq kimi təsəvvür etməyə bilməzdi.

Xalqımızın həyatındakı bu tarixi xətt diqqətdən kənarda qala bilməz, ən azından ona görə ki, bu xasiyyət daha heç bir Avropa xalqında yoxdu. Bundan nə çıxacaq – bunu demək çətindir, bir də ki, indi xalqımız məktəb və təhsil yolu ilə maariflənir, yeni sualları yaranır ki, bunlar da çox şeyi dəyişə bilər. Amma ötən il rəsmi olaraq, bu il isə kinayə ilə «slavyan qardaşlarımıza yardım» adlandırılan hərəkatı xalqımızın hələ ki, məhz bu yeganə cəhəti ilə izah etmək olar.

Bu düzdü ki, xalqımız demək olar ki, slavyanlar barədə heç nə bilmirdi, özü də nəinki Levinin dediyi minlər, on minlərlə adamdan cəmi biri bilirdi ki, ya da bəlkə nə vaxtsa, hardasa ötəri eşitmişdi ki, serblər, çernoqorlar, bolqarlar bizimlə bir dindəndirlər. Amma bizim xalqımız, demək olar ki, bütün xalq, ya da ən azı, böyük əksəriyyəti eşidib və bilir ki, pravoslav xristianlar Məhəmməd hümmətinin qamçısı altında əzab çəkir və hətta ən müqəddəs yerlər, Yerusəlim, Afon dağı da yad dindən olanların əlindədir.

Lev Tolstoy
Lev Tolstoy

Xalq mərhum çarın əvvəl Türkiyəyə, sonra da Avropaya qarşı Sevastopolla nəticələnən müharibə elan elədiyini lap iyirmi il əvvəl eşidə bilərdi. Hələ onda, müharibə başlayanda, o müqəddəs yerlərin söhbəti gedirdi və bu söhbəti xalq elə o vaxtdan yadda saxlaya bilərdi. Bundan başqa, slavyanların əzilməsi hələ, slavyanlara kömək üçün yaradılan ötənilki hərakata qədər var idi, düz bir il idi ki, Rusiyada bu barədə danışır və yazırdılar. Mən özüm eşitmişəm ki, hələ o vaxt xalq arasında bu suallar gəzirdi: "Düzdü ki, türklər yenə baş qaldırıb?" Bundan başqa (hərçənd, elə bu da ayrıca bir məsələdir), mənə elə gəlir ki, zaman özü də buna, yəni ötənilki hərəkata zəmin yaratdı. Şərti desək, bizdə artıq çoxdandı ki, təhkimlilər azad olunub, illər keçdi – bəs xalq öz çevrəsində nə gördü? O, öz aramızdı, artan əyyaşlığı, artan və güclənən yumruqları, dörd yanda səfalət, özünün isə çox vaxt vəhşi obrazını gördü - çoxlarının, lap çoxlarının ürəyində artıq günah hissi, təmiz, müqəddəs bir şeyin axtarışı başlamışdı...

Və budur, qəfildən başını İsa yolunda qoyub, xaç ardınca gedən (çünki xaçdan imtina edib, Məhəmmədin dinini qəbul eləsəydilər, buna görə əfv olunar və təltif edilərdilər – aydın məsələdi) xristian qardaşların əzilməyi barədə xəbər yayılır.

İanələrə çağırışlar başladı, sonra xristianlara kömək eləmək üçün gedən rus generalı barədəki söhbətlər, sonra da könüllülər söhbəti başladı – və xalq sarsıldı.

Məhz, bayaq yuxarıda da qeyd elədiyim kimi, sarsıldı, günahlarını yumağa, özünü fəda eləməyə tələsdi. Kim özü gedə bilmirdisə, axırıncı qəpiklərini bu işə bağışladı, könüllüləri isə, bütün, bütün Rusiya yola salırdı.

Karlsbadda oturmuş qoca knyaz bu hərəkətın mahiyyətini başa düşə bilməzdi, buna görə də, könüllülər söhbəti onun üçün zarafat mövzusuna çevrildi. Axı axşamlarını klublarda keçirən bu zadəgan qoca Rusiya və rus insanı barədə nə bilə bilərdi ki?

Ağıllı Levin ondan daha çox şey başa düşə bilərdi, amma xalqın coğrafiyanı, tarixi bilməməyi onu çaşdırıb, hansısa Raqozovların ondan soruşmadan müharibə elan eləməyi isə onun xətrinə dəyib. Amma müharibə elan olunmayıb, xalqın isə yekdil ianə vermə, tövbə etmə, müqəddəs savaşda iştirak etmə yanğısı alovlanırdı – məsələ bundan ibarət idi.

Odur ki, bu hərəkat bir növ tövbə hərəkatı, eyni zamanda, tarixi hərəkat idi. Fikir verin, rus xalqının bu tarixi cəhəti, yəni «tanrı işinə», müqəddəs yerlərə, əzilmiş xristianlara, bir sözlə, bütün ilahi şeylərə ehtiraslı sevgisindan danışanda, mən heç də rus xalqını tərifləmirəm. Nə tərifləmirəm, nə də ittiham etmirəm, mən sadəcə faktı nəzərinizə çatdırıram – o faktı ki, bütün bunları izah edir. Əgər bizim belə bir tarixi xüsusiyyətimiz varsa, nə etməli?

Bilmirəm, bundan nə çıxacaq, amma ola bilər ki, doğrudan da nəsə çıxsın. Xalqların həyatında həmişə vacib şeylər onların ən vacib, ən xarakterik milli xüsusiyyətləri ilə uyğunlaşır. Məsələn, nə qədər ki, bizim yuxarıda qeyd elədiyim tarixi xüsusiyyətmiz hər dəfə Rusiyanın sultanla müharibəsi ilə, xalqımızın belə müharibələrə milli-şüuri münasibəti ilə nəticələnir, onda xalqın coğrafiya və tarixi bilməməyini əsas gətirib, belə müharibələrdə qızğın iştirakına təəccüblənmək də lazım deyil. Ona nə lazımdısa, xalq onu bilir. Hə, xalqımız cahildir, savadsızdır, bu, şübhəsizdir. Hətta ona qədim, tarixi xüsusiyyətinə görə xeyli yaxşı və maarifləndirici şeylər də təlqin etmək olardı.

Bu rus xalqına başa salmaq olardı ki, onların bütün sərkərdanlıqları, zəvvarlıqları – onların borc və öhdəliklərini nə qədər dar mənada qavramasının göstəricisidir. Demək olardı ki, xeyir iş görmək üçün, o qədər uzaqlara getməyin mənası yoxdur. Yaxşı olardı ki, o, əyyaşlığından əl çəkə, öz rifahı barədə düşünə, iqtisadi gücünü bərpa edə, arvadını döyməyə, məktəblərinə, şosse yollarına fikir verə və s. Bir sözlə, Rusiyanın, öz doğma ölkəsinin «irəli getmiş Avropa dövlətlərinə» nə iləsə oxşamağına kömək edə.

Ona, bu zəvvara nəhayət, təlqin etmək olardı ki, onun müqəddəs yerlərə zəvvarlıq eləməyinə ehtiyac yoxdur, çünki, bu zəvvarlığın nə ona, nə də ailəsinə, nə də başqa heç kimə heç bir xeyri yoxdur. Əksinə, bu zəvvarlıq zərərlidir, çünki səyahətə çıxan adam, uzun müddət öz evini, vətənini mahiyyət etibarilə eqoist bir məqsəd, öz ruhunun xilası üçün tərk edir. Hərçənd, əgər o öz boş vaxtını yaxınlarına köməyə, xeyri dəyən bir işə həsr eləsə, bostanına əl gəzdirsə, buzovlarını yemləsə tanrıya daha xoş gələrdi.

Bir sözlə, çoxlu gözəl şeylər demək olardı. Amma nə etmək olar ki, xalqımızın xeyir əməl axtarışındakı bu tarixi xüsusiyyəti başqa şəkil alıb və bu, tövbə, zəvvarlıq və qurbanvermə şəklidir? Həqiqətə çatmaq gözləntisində olan ağıllı Levin, ən azından, xalqın bu tarixi xüsusiyyətini nəzərə ala bilərdi. O başa düşə bilərdi ki, könüllülərin çoxu və onları yola salan xalq, doğrudan da xeyir iş tutmaq niyyəti güdürdülər (bununla razılaşmamaq mümkün deyil). Deməli, bu adamlar xalqın yaxşı nümayəndələri idilər, doğrudur, onlar savad, elm sarıdan o qədər parlaq nümayəndələr olmasalar da, hər halda, itirilmiş adamlar, avaralar, strütskilər deyil, əksinə, bəlkə də xalqın ən yaxşı nümayəndələridir.
Bu işi açıq-aydın xristian məsələsi elan etmişdilər, çoxları, lap çoxları da bu işi tövbə məsələsi, paklayacı bir iş kimi qəbul edir.

Heç kim, xalqın arasından bircə nəfər də bu işə görə özünü öz çarının qarşısında günahkar hesab eləmirdi! Əksinə, bilirdi ki, onun xilaskar çarı öz mehriban qəlbi ilə öz xalqının yanındadır.

Hamı çarın qərarını, çarın sözünü ümid və sevgi ilə gözləyirdi, bizsə öz künc-bucağımızda oturub, böyük rus xalqının ona bəslədiyimiz əbədi və əzəmətli ümidləri doğrultmağına sevinirdik.

Buna görə də necə ola bilərdi ki, onun hansısa cəhətini, xüsusilə də alicənab, təvazökar hərəkat fədakarlığını Puqaçov hərəkatı, kommuna ilə müqayisə eləyəsən?! Bunu ancaq əsəbi, sarsılmış ippoxondrik Levin deyə bilərdi.

Görün, inciklik adamı hara gətirib çıxarır!

ardı var

Tərcümə: Günel Mövlud

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG