Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Böyük şairin yeni «Divan»ı tapıldı


Türkmən şairi Məxdumqulu Fəraqi
Türkmən şairi Məxdumqulu Fəraqi

-

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı böyük türkmən şairi Məxdumqulu Fəraqinin indiyədək elmə məlum olmayan «Divan»ını üzə çıxarıb.

AMEA Əlyazmalar İnstitutunun yaydığı xəbərə görə, daşbasma üsulu ilə 1888-ci ildə nəşr edilən, 164 səhifədən ibarət bu kitab hazırda institutda saxlanılır.

İnstitutun direktor müavini Paşa Kərimov qısa müddətdə həmin «Divan»dakı şeirlərdən bir neçəsini transliterasiya edib. Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunub ki, «Divan»dakı şeirlərin əksəriyyəti bugünədək çap olunmayıb.

AMEA Əlyazmalar İnstitutunda kitabın elmi ictimaiyyətə təqdimat mərasimi keçirilib. Tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov və AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı çıxış ediblər.

T. Komekov görkəmli şairin Azərbaycanda tapılmış yeni «Divan»ı barəsində ölkəsinə məlumat verdiyini bildirib. Səfir Türkmənistanın Daşoğuz vilayətində ölkə prezidenti Q. Berdimühəmədovun iştirakı ilə Türkmənistan Həftəsi keçirildiyini və bu tədbirə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Paşa Kərimovun və İsmixan Osmanlının dəvət olunduğunu bildirib.

Səfir tədbirlər çərçivəsində İ.Osmanlının hazırladığı Məxdumqulunun şeirlərindən ibarət «Seçilmiş əsərləri»nin təqdimat mərasiminin keçiriləcəyini də vurğulayıb. Fəraqinin «Divan»ının transliterasiya və tərcümə edilərək nəşrə hazırlanması nəzərdə tutulub.

Bu il görkəmli türkmən şairi Məxdumqulu Fəraqinin (1724-1807) anadan olmasının 290 ili tamam olur.

Beynəlxalq TÜRKSOY təşkilatı 2014-cü ili «Türkmən şairi Məxdumqulu ili» elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG