Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:57

İlham Əliyev deyir ki, KİV tam azaddır, söz azadlığı heç cür məhdudlaşdırıla bilməz


Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında deyib ki, Azərbaycan fəal şəkildə Avropa Şurasına üzv oldu.

“Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır.”

İlham Əliyev daha sonra deyib: “ Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir.

KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir.

Azərbaycanda 40-dan çox gündəlik qəzet, 200-dən çox həftəlik və aylıq qəzet,

ölkə üzrə 9 televiziya, 14 regional televiziya və 14 kabel televiziyası var.

Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir”

“Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir”.

“Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq.”

“Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da əsas uğurlarımızdan biridir”.

İlham Əliyev deyib: "Azərbaycanda siyasi məhbus yoxdur. Strasserin hesabatı burda uğursuzluğa düçar oldu, çünki yanlış informasiyaya əsaslanır. Bu hesabat şayiələrə əsaslanırdı. İndi siz də bunu etməyə çalışırsınız. Yanlış informasiyanı təkrar etməklə AŞPA-dakı fikri yanıltmağa çalışırsınız. Azərbaycanda siyasi məhbus yoxdur. "

İlham Əliyev bildirib ki, "Azərbaycanda jurnalistlər ittiham olunmur. Defamasiyaya görə 2009-cu ildən bəri heç kim tutulmayıb. İkinci yalan isə odur ki, seçkilər guya saxtalaşdırılıb. AŞPA müşahidəçilər göndərmişdi. Onların hesabatını oxuyun. Onlar seçkiləri müsbət qiymətləndirir. Azərbaycanda 1000-dən çox müşahidəçi vardı. Onların hamısı rəsmi nəticələri dəstəklədi".

İlham Əliyev AŞPA-da çıxış edən zaman insan haqları fəalları AŞPA binası daxilində və xaricində aksiya keçiriblər. Onlıarın əynində Azərbaycanda həbsdə olan ictimai fəalların şəkli olan köynəklər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG