Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:01

Bakının qız vaxtları...


Rasim Qaraca
Rasim Qaraca

-


İndiki tanınmış yazarları Bakı küçələrində görə bilməzsiniz. Çoxu kabinetlərdə həbs olunub. Hansı səbəblərə görəsə özlərini sadə adamların fövqündə hesab edirlər...

Rasim Qaraca

BAKININ QIZ VAXTLARI...

Bakı romantikasını qeyb edib.

Əvvəllər burada, bu şəhərin küçələrində şairlərə rast gəlmək olardı. Saçları dağınıq, gözləri dalğın, çiynində çantası didərgin şairlər. İndi şairlərin hamısı iş-güc sahibi olub, gündüzlər işdə, axşamlar evdə, bazar günlərindəsə şəhər kənarında. Şairlər məmurlaşdıqca Bakı şəhəri özünün romantik tablosundakı əlvan rəngləri qurban verməli olub.

Bakı kimi böyük şəhərdə yaşamağın avantajlarından biri də burada, aradabir TV-lərdə gördüyümüz tanınmış şəxslərlə qarşılaşmağımızdır.

Kim nə deyir-desin, bu hal həyatımıza rəng və məna qatır, insanlar tarixin bir parçası olduqlarını canlı şəkildə hiss edirlər, yeri gələndə bununla öyünürlər. Ekrandan tanıdığımız ən ucuz aktyorlar belə şəhər həyatına teatrallıq qatır, virtual həyatın real həyatdakı bu ani qığılcımları bizi sözün həqiqi mənasında sərxoş edir.

Təsəvvür edin, Bakının mərkəzi küçələrində ədəbiyyatımızın canlı klassikləriylə qarşılaşasan. İnanılası deyil ki, bu küçələrdə bir zamanlar Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Çəmənzəminli kimi tarixi şəxsiyyətlər sağa-sola addımlayıblar. Dayanıblar, başlarının üstündəki balkonlara baxıblar, siqaretlərini yerə atıblar. Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun izləri var şəhərin küçələrində. Büdrəyəndə divarlarından tutublar, boğazları gələndə hayxırıb yerə tüpürüblər. Onların izləri hər yerdə var...

İndi biz tarixin daha irəli səhifələrinə gəlib çıxmışıq və bu insanlar artıq keçmişdə qalıblar. Dünyadan köçüblər demədim, sadəcə keçmişdə qalıblar. İnsanların zaman maşınını geriyə fırladıb keçmişə səyahət edəcəyi gün gələcək, o zaman biz sadəcə bir düyməni basmaqla adlarını çəkdiyim bu insanlarla görüşə biləcəyik, lakin hələlik bu mümkün deyil.

Şəhərin küçələrində bir yazıçıya rast gəlmək elə ədəbiyyatın özünə rast gəlmək kimidir. Bir zamanlar, tələbəlik illərində Bəxtiyar Vahabzadəni küçədə görəndə atmosferin dəyişdiyini hiss etmişdim. Hələ o zamanlardan ədəbiyyatın rəngi və qoxusu olduğunu bilirəm.

İndiki tanınmış yazarları Bakı küçələrində görə bilməzsiniz. Çoxu kabinetlərdə həbs olunub. Hansı səbəblərə görəsə özlərini sadə adamların fövqündə hesab edirlər. Halbuki şəhəri şəhər edən bir az da çiyni çantalı şairlər və yazarlardır, gərək qələm adamları bunu bilsinlər. Rəhmətlik Elçin Səlcuq yadıma düşdü bunları yazarkən. Ədəbiyyatda ciddi bir iz qoya bilmədi, ancaq onsuz bu şəhərin nə dadı var, tanıyanlar desin.

Lap bu günlərdə təsadüfən Dram Teatrı binasının qarşısından keçəndə çoxdan görmədiyim yaşlı bir şairə rast gəldim. Sonra daha bir şairi və başqa bir yazarı gördüm. Və baxdım ki hər tərəf yazarlar və şairlərlə doludur. Yaxınlaşıb salam vermək və ya verməmək önəmli deyil. Önəmli olan odur ki şəhərdə şairlər vardı. Hələ mənəvi ekologiya o qədər də pozulmayıb.

Pilləkənlərin üzərində ağ köynəkli, gözlüyü iplə boynundan asılmış mükəddər Məmməd İsmayılı görürəm. Bir az sonra xırda addımlarla tələsərək yeriyən Abbas Abdulla gözümə dəyir. Bir az kənarda, ağacların kölgəliyində Əsəd Cahangir tanımadığım adamlarla dayanıb söhbət edir.

Lap pis şair olsun, ancaq yenə də Bakı küçələri şairlərsiz, yazarlarsız olmasın.

Bəzən, lap darıxdığın bir saatda Səlim Babullaoğluna rast gələ bilərsən, xəsis təbəssümüylə ötüb keçər, küçənin həm sağıyla həm də soluyla gedən (ifadənin müəllifi Əjdər Oldur) Əlisəmid Kürü görərsən. Şairlərin içindən keçib getmək mümkündür, çünki şəffafdırlar. Şəhərin mənzərəsini pozmazlar. Nə qədər sevmədiyin şair olsa belə yenə də içinə işıq doğar.

On il bundan əvvəlin Bakısı bir az da Murad Köhnəqalaya, Rafiq Tağıya, Adil Mirseyidə görə mənalı idi. Bəzi şairlər yaddaşımda şəhərin hansısa bir mənzərəsiylə birlikdə qalıb. Məsələn, yaddaşım Səməd Qaraçöpü 28 Mayda geri dönüb baxarkən kopyalayıb. Mehdi Bəyazidi Bakı Sovetinin qabağında, əlini qarnına vuraraq, "Dostoyevski buradadır ey, burada" deyərkən. Akif Səməd nəşriyyatın pilləkənlərində donub qalıb. 10 il əvvəl şairlərin, yazarların qız vaxtlarıydı. Səmimilik daha çoxdu, və dünya da indikindən bir az daha fani idi...

rasim.karaca@gmail.com

XS
SM
MD
LG