Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

Vyana sərgisində gənc Azərbaycan rəssamının əsərləri nümayiş olunur


MOYA-ANNUALE 2014

MOYA-ANNUALE 2014

-

İyunun 23-də Vyanada MOYA Gənc İncəsənət Muzeyində «MOYA-ANNUALE 2014» sərgisi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dünyanın 10-dan artıq ölkəsindən 30-dək rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə Azərbaycan da təmsil olunub.

Sərginin açılışında Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, incəsənət xadimləri, mətbuat nümayəndələri və sənətsevərlər iştirak edib.

Muzeyin direktoru Kolya Kramer əsası 2005-ci ildə qoyulmuş MOYA Gənc İncəsənət Muzeyi (MOYA-Museum of Young Art) haqqında məlumat verib.

Bu mədəniyyət ocağı Avstriyada XXI əsrdə gənclərin incəsənət sahəsindəki bütün uğurlarını dəstəkləyən və onların yaradıcı inkişafına təkan verən ilk muzeydir.

Hər il «MOYA-ANNUALE 2014» sərgisinə müxtəlif ölkələri təmsil edən istedadlı gənclər qatılır.

MOYA gənc istedadların sərgiyə cəlb olunması və əsl sənət əsərlərindən ibarət bir kolleksiyanın yaranması naminə müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri ilə koordinasiyalı iş aparır.

Muzeyin rəhbəri sayca 7-ci dəfə təşkil olunan sərginin ilbəil öz coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu və builki sərgidə Azərbaycanın da iştirakını məmnunluqla bildirib.

Sərgidə gənc rəssam Fərəc Rəhmanovun rəsm əsərləri nümayiş olunur.

Açılış mərasimində Azərbaycandan musiqili qonaqlar da iştirak edib. Gənc ifaçılar - Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanın belə mötəbər sərgidə təmsil olunmasına yaradılmış imkana görə muzey rəhbərliyinə minnətdarlığını bildirib.

L. Qasımova Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan mədəniyyətinin yaxından tanıdılması naminə gələcəkdə də MOYA və digər tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verəcəyini qeyd edib.

Sərgi iyulun 7-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG