Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:15

Çırpılan dizlərin səsi...


Aykhan Ayvaz
Aykhan Ayvaz
-

Oğuz Ayvaz


SƏN VƏ İNSANLAR


İnsanlara aldandım, inanma mənə
Sən uduzan adamları sevməzdin
Mən isə qalib olanları
Arxamızda ağlayan insanlar,
Yuxulu küçələr,
Çırpılan dizlərin səsi
Ayıltmalıydı bəlkə məni
əslində mən səni sevəndə
daha çox anladım
anladım ki, insanlar
mənə yox,
özlərinin
irəlidəki talelərinə acıyırlar
onları burax – qoy ağlasınlar
mən uduzmağı sevdim
səni sevməyi yadırğadım
bu həyat
bu insanlar
hamısı arxada
yalnız kiminsə pıçıltısını eşidirəm:
“Oğuz, orda da insanlar var...”


Yağışın fotosu

Yağış asfalt döşəməni yumşaldar, isladar
Acılara bir sərin su səpər
Xatirələri gətirən bir qucaq göz yaşıyla

Bir qız qaçar, gölməçələri şappıldadar
Pəncərə arxasından bir cüt göz izlər onu
Sevginin imistisi nəfəsini örtər
Yağış damlaları

Bir dilənçi göz yaşı axıda-axıda
əlini yağışa sarı uzadar
qəpik əvəzi yağış damlası düşər
qırışlı ovucuna...

bir oğlan gizlənər yağışdan
köhnə bir evin məhəccərində
fikirli-fikirli baxır yağışa
yağış damlaları isladar kimsəsizliyini
bir qırıq, soyuq xatirə hopur içərisinə
və yağış kəsilir...


AYRILIQ ŞEİRİ

Hələ çox şeirlər yazılacaq,
çox ayrılıqlar yaşanacaq,
bir gün hamımız görəcəyik
o məsum gözlərin
əslində yalan olduğunu,
ən sevdiyimiz insanlar
bir gün əlçatmaz olacaq,
xatirələrdə yox olacaq,
hələ çox şeirlər yazılacaq,
çox ayrılıqlar yaşanacaq,
bəlkə bir gün, balaca bir
qız uşağının gülüşündəki
biz olacağıq,
bəlkə də gözlərindəki
məsum baxışlarında
gizlənəcəyik,
kim bilir bəlkə də...


GECƏYƏ SONATA

Gecədir...
qaranlığın içində
sükutun dinməyən
səsi beynimdə
rəqs edir,
dünəni, sabahı
düşündürərkən
mən hələ yatmıram...
saatın səsi,
mənim bitmək
tükənməyən ümidlərim,
pəncərəmizdən asılı
qalan ay işığı,
şəhərin yatmış anı,
otağımızın hər
yerində illərin,
uşaqlığımızın
xatirəsi də
artıq yatıb...
hə bircə mən oyağam,
bir də mənim üçün
yuxusuz qalan
bir gilə siqaretim...


Gərəkli yağışlar

Yağışlarda kasıblar
neyləyir, görən?
bəlkə evlərinə dolan,
şırhaşır yağan
damlaların altında yuyunular
bəlkə də palçıqdan
bir adam düzəldirlər,
"ümid" qoyurlar adını...

Ya da kim bilir
kasıbların ümidi
yağış da ola bilər
ən azından
yağış damlaları
tozla örtülmüş köhnə evin
kirini-pasını atır
bir də ağlayan
körpələrin göz yaşını gizlədir...


PROTEST

Mən xoşbəxt və
ümidli adamları
yaxşı tanıyıram,
məsələn, tez-tez
məhəllədə qarşılaşdığımız
o sarı saçlı qızı
danışdırın,
hələ də həyatın
davam etdiyini,
ölkəmizin
günü-gündən
çiçəkləndiyini deyəcək,
uşaqları başına yığıb
nağıl danışan
o ümidli kişidən
danışmıram sizə,
tabut darlığında
otağında arvadına
gələcəkdə dövlətin
ev verəcəyindən danışır,
qadın da ümidlidir,
hər gün gözünü
televizordan çəkmir,
prezidentin uzun
nitqini dinləyir,
o kişidən danışmağa
dəyməz, elə
o qızdan da
amma onlar
yuxularını heç vaxt
unutmurlar...
nə vaxtsa,
suya danışacaqlarının
çin olacağına
inanırlar,
mən isə hər gün
o qızı da, o kişini də
öldürmək haqqında
düşünürəm...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG