Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17
-

Belə gənclərin əli ilə sillə yeyəcəyik. Özümüzdən olan baltalarla başımız bədənimizdən ayrılacaq.


Günel Eyvazlı


LABİRİNTVARİ AZƏRBAYCAN TƏHSİLİ


Uzun illər gənclərimiz ilə əcnəbi gəncləri müqayisə edirdim.

Çox uzaqla deyil, Universitetlərimizə daxil olan əcnəbilərlə: türklər, ərəblər, ruslar və. b. ilə.

Müşahidə zamanı beynimdə yaranan suallar mənə rahatlıq vermirdi.

Bəli, statistikaya əsaslansaq, bizlər bilik baxımından, savad baxımından üstünük.

Çünki Avropa təhsil meyarları birtərəfli inkişaf etdiyi halda, təhsilimizin verdiyi yekunlardan məlum olur ki, biz daha əhatəliyik.

Xaricdə təhsil almış bir azərbaycanlı tələbəmiz ilə həmsöhbət oldum. Çox qəribə və ağlabatan bir məqama toxundu. Əgər mən hüquqşünas olmağı qarşıma məqsəd qoymuşamsa, əcaba, digər, mənə aidiyyatı olmayan fənlərin öyrənməyimə və beynimi bu lazımsız (mənə lazım olmayan) informasiya ilə yükləməyimə nə ehtiyac var? Mübahisə etdim, amma, özlüyümdə həqiqətən belə olduğunu düşündüm.

Robert Kiyosakinin “Varlı ata, kasıb ata” kitabında, müəllif bütün problemlərin kökündə təhsilin dayandığını deyir. Qeyd edir ki, uşaqlarda hələ kiçik yaşlarından əlaçılıq kompleksi yaradılır. Yəni əgər 5 alarsansa, yaxşı oxuyarsansa, gələcəkdə pullu işin olar və.s.

Bu teoriyaya əsaslanan məktəb və universitetlər nəticə olaraq işçi buraxır, işləyən yox. Və cəmiyyəti saxta liderlərlə doldururlar. Eyni istiqamət və eyni çərçivədə yetişdirilmiş liderlər.

Baxın, Azərbaycanda nə baş verir: Biz laboratoriya siçanı kimi təcrübə masası üzərindəyik. Yadımdadır ki, 9-cu sinfə qədəm qoyanda, bizləri sinif olaraq təmayülə böldülər. Guya mən ədəbiyyat sinfinə daxil olduqda, dil və ədəbiyyat saatları daha çox tədris olunacaqdı. Bunu üzərimizdə təcrübə etdikdən sonra, 11-ci sinfə qədəm qoyanda və ali məktəbə imtahan zamanı yeni bir təhsil dalğası üzərimizə gəldi.

Nədənsə, dilçi olacağımız təqdirdə, tarixdən, coğrafiyadan imtahan verməliydik. İnanıram ki, vətənpərvər olaraq, “Hər kəs öz tarixini bilməlidir” kimi ağızdolusu, pafoslu kəlmələrdən istifadə edəcəyik. Tarixə bələd olmaq vətəni sevmək demək deyil, cənablar. Yaxşı, ali məktəbi bitirdik, magistratura pilləsinə qədəm qoymaq üçün imtahan verməliyik. Nə ilə rastlaşırıq: 9-cu sinifdən ədəbiyyat dərsləri ilə yüklənmiş şagird filologiya fakültəsinə daxil olur, 4 il sərasər ədəbiyyat və qrammatika oxuyur, amma, magistr pilləsində riyazi məntiqdən və informatikadan imtahan verməlidir.

Absurd. İnformatika ixtisası üzrə bilgilərə yiyələnmək, teoremləri bilmək məgər kompüteri, internet resurslarından istifadəni öyrənməyəmi xidmət edir? Əsla. Və ya riyaziyyatdan anlayışı olmayan tələbə, dilçi olduğu halda nədən yalnız söz məntiqləri ilə sınanmır? Onun riyazi məntiqə əsaslanmış test suallarına ehtiyacı varmı? Əsla.

Qeyd edim ki, dünyanın heç bir xalqı üzərində bu qədər təcrübə aparılmır. Labirintvari Azərbaycan təhsilindən baş çıxarmaq üçün Ariadna ipi də gücsüzdür. Həm də biz Tesey deyilik.

İndi məqaləmin əvvəlinə qayıdıb, açılışlar verəcəyəm. Azərbaycan gənci savadlıdır, elmlidir, amma, natamamdır. Cəmiyyətə inteqrasiya edə bilmir, az fəaldır. Fəallar isə müxtəlif kursları keçmiş, bir az Avropa havasını udmuş gənclərdir. Demək 11 illik Azərbaycan təhsili cəmiyyətə 60 faiz savadlı gənc təhvil verir, amma natamam şəxsiyyət ötürür. Şikəst şəxsiyyət ötürür. Məlumdur ki, Azərbaycanda bəzi ailələrdə qəribə bir ab-hava hökm sürür. Mən bəzilərini deyirəm. Əyalətlərə nəzər salsaq, lap elə şəhərlərə və statistika aparılsa, doğru dediyimə əmin olacaqsınız. Övlad ailədə sərbəst deyil. Sıxılır. Dərd ondadır ki, məktəblər də bu işdə ona yardımçı deyil. Psixoloji təzyiq, sarsıntı onu hər yerdə izləyir. Demək, mənəviyyat və psixologiya bilgilərində boşluq var. Bu boşluqlardan isə kənar, lazımsız cərəyanlar çox məharətlə istifadə edir.

Biz kiminsə diktəsi ilə hərəkət edirik. Bu eynilə uşaq bağçasında uşaqlarımıza müxtəlif tədbirlərdə guya sərbəst olmaq üçün kənardan göstərdiyimiz əl-qol hərəkətlərinə bənzəyir.
11-ci sinfi bitirmiş qız əgər onun ali məktəbə, kollecə daxil olmaq kimi amalı yoxdursa, avtomatik olaraq ərə gedir. Natamam psixologiyalı qız, qısa müddətə ana olur. Qeyd edim ki, başqa yolu da yoxdur. Çünki yazılmamış cəmiyyət qanunları bunu diktə edir. Oğlan isə ali məktəbə qəbul olmasa, əsgər gedir. Natamam gənc oğlan, düşdüyü mühitə uyğunlaşa bilmir. Bu səbəbdən də orduda dözümsüzlük hallarını şahidi oluruq.

Demək Azərbaycan təhsili, cəmiyyətə şəxsiyyət təhvil verə bilmir.


Bəzən düşünürəm, pafoslu sözlər bizləri daha da vətəndən uzaqlaşdırmırmı? Məgər müasir vətən maarifçiliyi dalğası bizləri vətəndən soyutmurmu? Müasir dərsliklərdə vətən haqqında olan mövzular çox bayağıdır.

Qəhrəmanlıq anlayışı mifə çevrilib. Bəlkə də qaranlıq dünyaya yol açan Məlikməmməd müxtəlif bilgilərə malik olan Azərbaycan gəncindən daha intellektual və mətiqi cəhətdən daha üstün idi. Məlikməmməd nağıl idimi? Nağıl idi, amma, sağlam təfəkkürlü bir aqilin dodaqlarından çıxmış bir nağıldır. O dövrün gəncləri daha güclü və qəhrəman idi. Onların bayağı vətən şeirlərinə, vətən müsabiqələrinə, vətən serenadalarına ehtiyacı yox idi. Bu onların canında və qanında idi.

Demək, Azərbaycan təhsili vətənpərvər yetişdirə bilmir.

Təcrübələr illər uzunu davam edir. Balonya sistemi, kurikulum və. s. Natamam layihələr məktəblərə yol açır. Kadr yoxdur, layihə və yenilik isə xirtdəyə qədərdir.

İbtidai sinfidə təhsil alan balalarımızın çantalarını ağırlıqdan daşımaq qeyri-mümkündür. Elə bil kimsə qəsdən xalqı fizioloji cəhətdən də şikəst etmək fikrinə düşüb!!!


Böyük məmnuniyyətlə uğurlardan da danışa bilərəm. Tanıdığım yüzlərcə savadlı gənclərimiz var. Amma, onlar layiqli yerlərini tutmayırlar və sonucda savadları yüksək qiymətləndirilməyən gənclər, onlara ehtiyac olan yerlərə üz tuturlar. Avropa elm qapıları onların üzünə taybatay açıqdır. Demək məktəblər təmirlidir, məktəblilər uniformaya keçdi və.s. Bu, zahirəndir. Və zahiri əlamət isə hələ keyfiyyət demək deyil.

Biz az attestasiya məsələsinə toxunmaq istərdim. Hamımız bilirik ki, bir müddət kitablardan yararlanan mütəxxəssis, sonradan praktik olaraq işində fəallıq göstərir. Yəni həkim hər dərman yazanda, kitab vərəqləyib teoremləri təkrarlamır. Ona lazım deyil. O praktik olaraq nəyin doğru, nəyin lazımsız olduğunu bilir. Yersiz attestasiyalar kadrları üzür. Məgər kiminsə savadsız olması haqqında nəticə çıxarılarsa, diplomu əlindən alınacaqmı? Əsla. Bu diplomu da ona verən elə Azərbaycan təhsilidir. O zaman attestasiya nəyə lazım idi?

Bilmirəm, nümunə nə qədər doğrudur. Amma, Cənubi Koreya təhsil üslubu alqışalayiqdir. 60-cı illərə qədər kasıb ölkə kimi tanınan, iqtisadiyyatı iməkləyən Cənubi Koreya dövləti möhtəşəm bir sıçrayış etdi. Savad və elmi nəticəsində.

Cənubi Koreyada ixtisaslaşma, 4 yaşdan aparılır. Dövlət, kadrları tənzimləyir. Məsələn 5 uşaq hüquqşünas kimi yetişməlidir. Və ya 2 müəllim bəs edər. Biz isə yalnız məktəbi bitirdikdə profilimizi təyin edirik. Sonra isə proqramsız çoxalan kadrlar iş tapmamaqda əziyyət çəkirlər.

Cənubi Koreyada 1-ci pillə 6 illik başlanğıc təhsildən ibarətdir. Bu vaxt şagirdlərə etika, Koreya dili, cəmiyyət, musiqi, bədən tərbiyəsi, riyaziyyat tədris olunur. Sonra 3 illik orta təhsil mərhələsi başlayır. Növbəti mərhələ isə, 4 illik universitet və kollec mərhələsidir. Həmçinin kolleclər, professional və texniki olaraq iki qismə bölünür.

Bizim ədəbiyyat dərsliklərimizdə də natamamlıq var. Sovet dövrünün ədəbiyyat nəzəriyyələrinin üzərindən xətt çəkilməlidir. Məsələyə yeni araşdırmaçılar, nəzəriyyəçilər cəlb olunmalıdır. Nizamiyə, Füzuliyə, Nəsimiyə, Sabirə 21-ci əsrin azərbaycanlı gözü ilə baxılmalıdır. Deyirik ki, film çəkə bilmirik, cizgi-filmi yarada bilmirik. Biz yeni obrazlar gətirə bilmirik. Natamamıq. Nəsə çatışmır. Boşluq var. Sərbəst deyilik. Sərbəst olaraq fikir yürüdə bilmirik. Elmimiz yeni kəşflərə imza ata bilmir, ədəbiyyat nümunələrimiz dünya qapılarını döyə bilmir. Yeni dalğalar Azərbaycan üzərindən külək kimi ötüb keçir. Yalnız keçmişlə öyünürük. Nizami olub. Niyə yeni Nizamilər yaranmır? Tusi olub. Niyə yeni Tusilər doğulmur? Xeyr, doğulur, biz istedadları aşkara çıxarmaqda acizik, sadəcə. Avropadan aldığımız təhsil dəyərləri ilə öz milli mənsubiyyətimiz üst-üstə düşmür. Və fəlakətin şahidi oluruq.

Xaricdə təhsil məsələsi asanlaşdırılmalıdır. Dövlət səviyyəsində təhsil almaq üçün, qoyulan şərtləri aşmaq mümkün deyil. Bu şərtləri yazan, qəlizləşdirən kimlərdir?

Hər şey sistemli şəkildə olmalıdır. İcbari olaraq. 10 tələbə Yaponiyaya, İspaniyaya, Türkiyəyə, Amerikaya, Ərəbistana, İrana və. s. göndərilməlidir. Onlar böyük psixoloji hazırlıq keçərək vətəni tərk etməlidirlər. “Avropalaşıb”, ”intellegentləşib” geri qayıtmamalıdırlar. Təfəkkürcə azərbaycanlı gedib, vətənə də azərbaycanlı olaraq dönməlidirlər. Onların qarşısına yalnız bilgi əldə edib, tətbiq etmək şərti qoyulmalıdır. Azərbaycanın gələcək sütunları belə savadlı gənclər olmalıdır. Dövlət maddi dəstəyini əsirgəməməlidir.

Çünki savadsızlıqla əhatələnmiş gənclərin sonunu hamımız gördük. Onlar təriqətlərə, xurafata uydular. Belə gənclərin əli ilə sillə yeyəcəyik. Özümüzdən olan baltalarla başımız bədənimizdən ayrılacaq. Bizə manqurt kütləsi lazım deyil. Azərbaycanın gerçək problemləri şəraitində bizləri ağ günə çıxardacaq kadrlara ehtiyacımız var. Beyni sekta təlimləri ilə silinmiş manqurt kütləsi yox. Məncə bu haqda hamımız papağımızı qarşımıza qoyub düşünməliyik. Bu gün laqeydlik edib, avtomobilə sahibləndik, evimiz var, filənkəsdən mənə nə - deyib, ətrafımızı yalnız qohumlarla çevrələməməliyik.

Azərbaycan insanının vətəni dörd divardir, evidir. Xalq deyəndə isə yalnız qohumlarını nəzərdə tutur. Yox, bu, düzgün deyil. Bu natamamlıqla biz uzağa gedə bilməyəcəyik. Geniş, çox geniş düşünməliyik. Bu geniş üfiqləri kəşf etməkdə isə yardımçımız təhsil olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG