Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:51

«Sərhədsiz Reportyorlar» «Zerkalo»nun bağlanmasında hakimiyyəti günahlandırır


Johann Bihr

Johann Bihr

-
«Azərbaycanda aparıcı müstəqil qəzetlərdən biri olan «Zerkalo» nəşrini dayandırmalı olub. Çünki reklam bazarı və qəzet yayımı üzərində dövlət nəzarəti onu gəlirdən məhrum edib».

Bu haqda «Sərhədsiz Reportyorlar» jurnalistləri müdafiə təşkilatının məlumatında deyilir.

Təşkilatın Şərqi Avropa şöbəsinin rəhbəri Johann Bihr bildirir ki, «Zerkalo» qəzetinin üzləşdiyi iqtisadi çətinliklər hakimiyyətin strategiyasının reallaşmasının nəticəsidir:

«Biz hakimiyyəti yayım sistemində islahatlar aparmağa və reklam bazarında manipulyasiyaya son qoymağa çağırırıq».

Bəyanatda 2011-ci ildə Bakıda qəzetlərin küçə satışının qadağan edildiyi xatırladılır:

«Bundan əvvəl ölkənin digər aparıcı qəzeti «Azadlıq» zərər və cərimələrə görə buraxılışını dayandırmalı olmuşdu. 9 milyon əhalisi olan ölkədə müstəqil mətbuatı barmaqla saymaq olar».

«Sərhədsiz Reportyorlar» bildirir ki, hökumət KİV plüralizmini məhv etmək planını həyata keçirir. Buna görə də prezident İlham Əliyevin imzaladığı əfv fərmanları heç kimi aldatmamalıdır:

«Mayın sonunda əfv edilən 171 şəxsin arasında iki jurnalist olub. Ən azı səkkiz jurnalist indiyədək həbsdədir».

Azərbaycan mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 60-cı yeri tutur.

«Ayna» və «Zerkalo» qəzetləri mayın 31-də sonuncu saylarını buraxıblar.

Qəzetin baş redaktoru Elçin Şıxlı AzadlıqRadiosuna bildirib ki, maliyyə problemləri onu bu qərarı verməyə məcbur edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG