Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49
-
Andlılar Məhkəməsinə dair fəsil «Məhkəmələr və hakimlər haqqında» qanundan çıxarılıb.

Layihə haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Baş Prokurorluq tərəfindən daxil olub:

«Vaxtilə qanun hazırlanarkən Andlılar Məhkəməsinə dair ayrıca fəsil vardı. Hüquq sferasında müzakirədən sonra və məhkəmə sisteminin demokratikləşməsi istiqamətində aparılan islahatlar fonunda bu fəsli yazmışdıq. Amma qeyd olunurdu ki, islahatlar başa çatanda, bunun tətbiqinə başlanılacaq. Demək, qanunumuzda uzun müddətdir işləməyən bu fəsil mövcuddur. Qeyd edim ki, hüquq ictimaiyyətinin böyük hissəsi bunun əleyhinədir... Komitəmizdə bunun əleyhinə və lehinə çıxanlar da olub. Azərbaycanın praktik hüquq ictimaiyyəti bu işləməyən fəslin qanundan çıxarılmasını təklif edir. Xahiş edirəm bu dəyişikliyi dəstəkləyin».

«ANDLILAR DAHA DOĞRU QƏRAR QƏBUL EDƏ BİLİRLƏR»

Deputat Qüdrət Həsənquliyev deyib ki, hüquq dövləti quruculuğunda addımlayan ölkələr üçün Andlılar Məhkəməsi çox əhəmiyyətlidir. Amma bu pilot layihə kimi təqdim edilmədən belə, qanundan çıxarılır: Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev


«Avropa dövlətlərinin əksəriyyəti andlılar institutundan yararlanırlar. Konstitusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ var. İndi bu hüquq onların əlindən alınır. Prokurorluq hesab edir ki, andlı iclaslar çətin işlərdən baş çıxara bilməz, hisslərə üstünlük verirlər və s. Bizim cinayət qanunvericiliyindən bu institutu çıxarmaq olmaz. Qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil, amma bir nəfər məruzə edir və sonda qanun qəbul olunur. Andlılar iclasında da bu metod tətbiq edilir. Andlı iclasları daha doğru qərar qəbul edə bilirlər. Onlar hakimiyyətdən daha az asılıdırlar və karyera haqda düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır. Burada səbəb kimi andlıların qanuna tabe olmamaq məsələsini qaldırırlar. Bu, doğrudur. Andlılar daha çox sosial məsələlər haqda düşünürlər və onların çıxardığı bəraət hökmləri digər məhkəmələrlə müqayisədə daha çoxdur. Mən düşünürəm ki, bu institutun qanundan çıxarılması geriyə atılan addım olardı».
Siyavuş Novruzov

Siyavuş Novruzov

«ELƏ HAKİMLƏR VAR Kİ, ÖZ ŞƏXSİ MARAĞINA GÖRƏ...»

Deputat Siyavuş Novruzov bildirib ki, əgər bu fəsil qanunvericilikdə varsa, onu çıxarmağa nə ehtiyac var? Bunun nə zaman lazımsızlığı sübut edilsə, çıxarmaq olar:

«Milli Məclisə çıxarmazdan əvvəl bu məsələnin ictimai müzakirəsini təşkil etmək lazımdır. Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi vardı və proseslərdə iştirak edirdi. Andlılar Məhkəməsinin olması həm də vəkillik institutunun inkişafına yol açır. Andlılar Məhkəməsi bəzi neqativ halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına görə, ədalətsiz hökmlər çıxarır. Məncə, Andlılar Məhkəməsi bunun da qarşısını alır. Mən hesab edirəm ki, bu məsələ qanunvericilikdə qalmalıdır».

«ÖLÜ QANUN PİS QANUNDAN DAHA PİSDİR»

Deputat Rəfael Cəbrayılov Andlılar Məhkəməsinin qanunda qalmasını dəstəkləmədiyini söyləyib: Rəfael Cəbrayılov

Rəfael Cəbrayılov


«Bu, ölü müddəalardır. Bu, Azərbaycanın sürətli inkişafı fonunda görünmür. Ölü qanun pis qanundan daha pisdir. Andlılar məhkəmədə klassik formada təqsirlilik məsələsini həll edirlər. Amma peşəkar hüquqşünaslar var ki, bunu müəyyən edə bilmirlər. Dünya statistikasına baxanda görərik k, dünyada Andlılar Məhkəməsinin baxdığı işlər ümumilikdə baxılan işlərin 1 faizini təşkil edir. Qüdrət müəllimin arqumentləri ilə razılaşmıram».

Deputat Fəzail İbrahimli deyib ki, Andlılar Məhkəməsi ancaq hüquqi məsələ deyil:
«Bizim qanunlarımız roman-german prinsipləri üzərində qurulub. Hesab edirəm ki, Azərbaycanın reallığı nəzərə alınmalıdır. Bu institutun Azərbaycanda işləməsi qeyri-realdır».

Ziyafət Əsgərov də bu məsələdə Baş Prokurorluğun mövqeyini müdafiə edib:

«Bu məsələni hüquqi biliyi olanlar həll etməlidir. Təsəvvür edin, naşı adama cərrahlığı həvalə edirsən. Bu, doğru deyil».

Dəyişiklik səs çoxluğu ilə qəbul edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG