Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19
-
AZƏRBAYCAN PREZİDENTİ FUTBOL ÇEMPİONATINI İZLƏYİRMİ?

Ötən həftədən Braziliyada dünya futbol çempionatı keçirilir. Bu yarış siyasətçilərin, dövlət və hökumət başçılarının da diqqətindədir.

«Media forum» saytı Azərbaycan prezidenti İlham Əliyevin dünya çempionatını izləyib-izləmədiyini, hansısa komandaya azarkeşlik edib-etmədiyini öyrənmək üçün prezidentin mətbuat katibi Azər Qasımova üz tutub. Azər Qasımov «Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir» sualını çox təəccüblə qarşılayıb və heç nə deyə bilməyəcəyini söyləyib. Sayt Azərbaycan prezidentinin rəsmi «Twitter» səhifəsinə də eyni sualı göndərib:

«Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir». Təəssüf ki, bu yolla da cavab almaq mümkün olmayıb...

«ABBAS ABBASOVUN «AZERROS» SƏDRİ OLMASINI İLHAM ƏLİYEV İSTƏMİŞDİ»

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin («AzerRos» FMMM) keçmiş prezidenti Söyün Sadıqov «Yeni Müsavat»ın suallarını cavablandırıb. Söyün Sadıqov deyir ki, bəzi sifarişlə yazan jurnalistlər isə mənimlə bağlı hər məsələni aqressiv tonda ictimaiyyətə çatdırırlar:

«Bu, mənə qarşı qara piardı. Azərbaycan mətbuatında bizim Azərbaycan və Gürcüstanda çevriliş edəcəyimiz barədə yazdıqları tamamilə yalandır. Mən və komandam «AzerRos» təşkilatını yaratmışıq və qeydiyyata aldırmışıq. Mən 13 il bu təşkilata rəhbərlik etmişəm. «AzerRos» sədri vəzifəsindən getmək istəyirdim və elə namizəd axtarırdım ki, həm Rusiyanı, həm də Azərbaycanı qane etsin. Belə vaxtda Abbas Abbasovun namizədliyi meydana çıxdı. Onun namizədliyini şəxsən prezident İlham Əliyev irəli sürüb. Vahid Ələkbərov Bakıdan qayıtdıqdan sonra xahiş elədi ki, görüşək. Görüşdə o, İlham Əliyevin istəyini mənə çatdırdı. Mən bu xahişi yerinə yetirdim. Vahid Ələkbərova söz verdim və sözümün sahibi oldum. O isə İlham Əliyevə söz vermişdi».

AZƏRBAYCAN AVROPA MƏKANINDA SÖZ SAHİBİ OLAN DÖVLƏTDİR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yap.org.az saytına müsahibəsində deyir ki, Azərbaycanla bağlı xüsusi qurumlar işlərini dayandırmırlar:

«Onlar müasir dünyanın metodlarından istifadə edirlər. Hansıdır bu metodlar? Birincisi, internet vasitəsilə dezinformasiyaların yayılmasıdır. İkincisi, insan haqları ilə məşğul olan təşkilatlardan istifadə edərək Azərbaycanda bu sahədə vəziyyətin guya pis olduğunu bildirirlər. Üçüncüsü, hər bir beynəlxalq qurumun içərisində Azərbaycan haqda elə bir məsələlər yayırlar ki, guya ölkəmiz ermənilərin hüquqlarını hansısa formada pozur. Yəni tamamilə yanlış olan məsələlərdir.

Bu, məqsədyönlü siyasətdir və onun yaradıcısı, kökü, maliyyələşməsini təşkil edənlər də var. Biz bunların hamısını bilirik. Ancaq Azərbaycanın inkişaf etdiyi, gücləndiyi dövrdə bu qüvvələr müqavimətini heç də azaltmırlar, əksinə çoxaldırlar. Doğrudur, əksər hallarda onlar məqsədlərinə nail ola bilmirlər. Amma arxayınlaşmaq olmaz. Çünki proses davam edir».

«HAKİMİYYƏT ÖZÜNÜ YIXAN TƏKLİFƏ GEDƏ BİLMƏZ»

«Azadlıq» qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ilə bağlı politoloq Vəfa Quluzadə ilə müsahibə dərc edib. Politoloq Lavrovun Dağlıq Qarabağ münaqişəsinin artıq beynəlxalq məsələ olması barədə dediklərinə diqqət çəkir:

«Bizdə ictimaiyyət arasında belə şayiələr yayırdılar ki, Rusiya bu dəqiqə bizim torpaqlarımızı işğaldan azad edəcək. Heç olmasa, 2-3 rayon azad edəcək. Biz də gurultu ilə Gömrük İttifaqına daxil olacağıq. Mən də demişdim ki, bu mümkün olmayan məsələdir. Çünki Qarabağ məsələsi Rusiyanın çoxdan bəri, I Pyotrun, çarların vaxtından həyata keçirilən strategiyasıdır. Sovetlər İttifaqı da bunu davam etdi. Sovetlər çökəndən sonra Putin Rusiyası bunu davam etdirdi. Yəni gözləmək ki, rus imperiyası indi bu strategiyasından əl çəkəcək, bu sadəlövhlükdür.

İmperiya çökməmiş imperiya ideyaları Rusiyanı dağıtsa da, bu davam edəcək. Lavrovun da çıxışından heç nə gözləmək lazım deyil, Roqozinin də çıxışlarından. Hesab edirəm ki, Lavrovun əsas məqsədi Azərbaycanı razı salmaq idi ki, Avropa ilə qaz məsələsində olduqca ehtiyatlı davranın və bizim maraqlarımıza toxunmayın. Yoxsa sizin üçün bu baha başa gələ bilər. Onun mesajı bundan artıq ola bilməz. Roqozin də gəlib bizə lazım olmayan külli miqdarda silah satacaq».

MÜƏLLİMLƏR İMTAHANDA SƏHVLƏRƏ YOL VERİB

«Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq sınaq qiymətləndirilməsinin nəticələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Nəticələr ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəksiniz».

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi imtahan vermiş müəllimlərə müraciətində bəyan edib. İdarə qeyd edib ki, sınaq qiymətləndirilməsində iştirak edən bir qisim müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib. Artıq nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur. Ən qısa müddət ərzində müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər.

«UŞAQ BÖYÜDÜB SAVAD VERİRSƏN, SİYASİ BAXIŞINA GÖRƏ HƏBS EDİRLƏR»

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan bloqçu Ömər Məmmədovun atası Elyar Məmmədov iyunun 19-da «Media forum» saytına açıqlama verib. İyunun 18-də dövlət ittihamçısı gənc bloqçunun 6 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. Ömər

Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

«Bu hadisədə özünüzü günahlandırdığınız, səhvinizin olduğunu düşündüyünüz bir məqam varmı» sualına Elyar Məmmədovun cavabı belə olub:

«Var. Özü də böyük səhvim var. Boynuma alıram. Gərək mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına inanmazdım, qoymazdım oğlum Azərbaycana gəlsin. Ancaq mən onlara inandım. Günahım odur ki, vaxtında bunu ictimailəşdirmədim, mətbuatda yaymadım. Düzdür, bəlkə onda da başqa şeyə əl atardılar. Bilmirəm. Uşaq böyüdüb savad verirsən, günün birində siyasi baxışına görə həbs edirlər. Adam utanır. Anası Ömərin oxuduğu kitabları hakimə göstərib dedi ki, bu cür kitabları oxuyan uşaq narkotik satıcısı ola bilərmi? Niyə belə bir uşağı həbsdə çürütmək istəyirlər?»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG