Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Vaşinqton və Tehran İraqda necə əməkdaşlıq edə bilər?


-
(TEASE) ABŞ və İran rəsmiləri bildiriblər ki, İraqda İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edə bilərlər. Lakin bu əməkdaşlıq hansı formada mümkündür?

Charles Recknagel

Birləşmiş Ştatlar və İran, hər ikisi Bağdadın müttəfiqi olsalar da, bu ölkədə həmişə rəqib olublar. Lakin indi, qiyamçılar ölkənin şimalı boyunca yeni əraziləri zəbt etdiyi bir vaxtda Vaşinqton və Tehranın birlikdə işləmək üçün əsasları var. Amma bu mümkündürmü? Burada beş məqama diqqət yetirmək lazımdır.

ƏMƏKDAŞLIQ BARƏDƏ DANIŞANLAR KİMLƏRDİR?

Hər iki tərəf əməkdaşlığa açıq olduğunu bildirsə də, belə bir əməkdaşlığı konkret təklif etməyib. Hər şey ondan başlanıb ki, İran prezidenti Hassan Rouhani iyunun 14-də verdiyi bəyanatda İranın Vaşinqtonla əməkdaşlıq məsələsinə baxa biləcəyini bildirib, bir şərtlə ki, Vaşinqton İraqdakı sünni yaraqlılara qarşı döyüşə başlasın. İyunun 16-da isə ABŞ dövlət katibi John Kerry bəyan edib ki, o, «gerçək sabitliyi təmin edəcək heç nəyi istisna etmir».

Bununla belə, ortalığa müəyyən qırmızı xətlər çıxıb. Pentaqon İranla hər hansı hərbi əməkdaşlığı istisna edir. Eyni zamanda İranın Milli Təhlükəsizlik Şurası da Vaşinqtonla hərbi əməkdaşlığın əleyhinədir.

Xəbərlərə görə, tərəflər arasında ilkin təmaslar İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilən danışıqların əsnasında baş verib. Danışıqlar iyunun 16-da başlanıb və iyunun 20-də başa çatmalıdır. Bu təmasların nəticəsi barədə heç bir məlumat verilməyib.

MOTİVLƏR NƏ DƏRƏCƏDƏ GÜCLÜDÜR?

Təhlilçilər bildirirlər ki, motivlər çox güclüdür, çünki İraq və Şamın İslam Dövləti təşkilatı (İŞİD) təkcə İraq yox, ondan çox uzaqlar üçün də təhlükə təşkil edir.

«İŞİD təkcə İraqın hüdudları daxilində deyil, Qərb də daxil olmaqla daha geniş regionda terrorçu hücumlar törətmək riski təşkil edir, - Londonda risklə bağlı məsləhətlər verən AKE qrupunun İraq üzrə eksperti John Drake deyir, - vəziyyətin təcililiyi təhlükənin yayılmasının qarşını almaq üçün əməkdaşlığa hər iki tərəfin əsası var».

İŞİD artıq Suriyanın cənubunda proto-İslam dövləti yarada bilib. Suriyada İŞİD Tehranın müttəfiqi olan Dəməşqlə münaqişədədir. Təşkilat Suriyada İranın rəsmi məzhəbi olan şiəliyə qarşı və əlbəttə, əl-Qaedadan qomuş qruplaşma kimi Qərbə qarşı mübarizə aparır. Onun məqsədi İraqda və Şamda xilafət yaratmaq və orada Şəriət qanunlarını öz ifrat modifikasiyalarında bərqərar etməkdir.

BU ƏMƏKDAŞLIQ FORMASI NECƏ OLA BİLƏR?


Təhlilçilər bu qənaətdədirlər ki, İŞİD-in geri oturdulması üçün əməkdaşlıq strategiyası iki hissədən ibarət ola bilər: qiyamçı koalisiyada ən ekstremist ünsürləri neytrallaşdırmaq və danışıqlara meylli ünsürlərlə əlaqə yaratmaq. Qiyamçı koalisiyaya qatı cihadçılar, Səddam dövrünün yenidən baş qaldırmış BƏƏS partiyasının üzvləri, çoxsaylı sünni yaraqlı qruplaşmaları və tayfa başçıları.

Təhlükəyə cavabın bir hissəsi, Bağdadın artıq istədiyi kimi, hərbi olmalıdır. İraqın ikinci böyük şəhəri Mosulu və başqa əraziləri itirdikdən sonra İraq ordusu indi Bağdad ətrafında cəmlənib. Ordu şiə yaraqlılar tərəfindən dəstəklənir.

Sinqapur Milli Universitetinin Yaxın Şərq İnstitutundan İraq üzrə ekspert Fanar Haddad deyir:

«Şiə yaraqlılar Suriyadan geri qayıdırlar, veteran yaraqlılar səfərbərliyə alınırlar və müəyyən ehtimal var ki, İranın İslam İnqilab Keşikçiləri korpusunun əsgərləri də, məhdud sayda olsa belə, İraqdadırlar».

İranın İraqdakı mövcudiyyəti Tehranın İraq hökumətini müdafiə etmək vədini səsləndirdiyi vaxtdan başlanıb. ABŞ prezidenti Barack Obama iyunun 13-də Birləşmiş Ştatların İraqa hərbi dəstək verməsini mümkün adlandırıb, lakin İraq torpağına qoşun çıxarılmasını istisna edib.

Ekspertlər deyirlər ki, burada əsas incəlik İraqın sünni icmasını düşmən etmədən İŞİD-lə döyüşdə qüvvələr balansını şiələrin rəhbərlik etdiyi hökumətin xeyrinə dəyişməkdən ibarətdir. Drake deyir:

Mötədil sünnilərlə əlaqə yaratmaq üçün Bağdad, Vaşinqton və Tehran onları əmin etməlidirlər ki, gələcək İraq sünnilərin icması üçün daha münasib olacaq. Bu işə başqa bir qüvvə mərkəzi olan kürdləri də cəlb etmək lazım gələcək.

«Bu işi həll edəcək yeganə vasitə əməkdaşlıq, dialoq və danışıqlardır» – deyir Drake, - «bu işdə nə qədər çox iştirakçı olsa, müxtəlif maraqlı tərəflər üçün bir o qədər yaxşıdır».

ƏMƏKDAŞLIĞA MANE OLAN NƏDİR?

Həm Tehran, həm də Vaşinqton öz əhalisi arasında belə bir əməkdaşlığın güclü şəkildə əleyhinə olanlarla dil tapmalı olacaq.

Haddad bildirir ki, mümkün əməkdaşlığa istər İran, istərsə də ABŞ ictimaiyyəti müşkül bir iş kimi baxacaq, o ki qalmışdı hər iki ölkədəki siyasətçilər olsun.

Vaşinqtonda İranla mümkün əməkdaşlıq barədə söz-söhbət Obama tənqidçilərinə hücum imkanı verib. Senator John McCain belə bir əməkdaşlığı «axmaqlığın zirvəsi» adlandırıb. Lakin Obamanın başqa bir tənqidçisi və McCain-in müttəfiqi senator Lindsey Graham belə bir əməkdaşlığa dəstək verdiyini bildirib.

Buna bənzər mürəkkəblik Tehranda da yarana bilər. Prezident Rouhani İranın nüvə proqramını Qərblə müzakirəyə çıxarmaqla qəzəbləndirdiyi ifrat mühafizəkarlarla toqquşa bilər. Lakin tərəzinin gözündə İraqda əməkdaşlıq İranın mövqeyini daha sanballı edərdi, beləki, nüvə danışıqlarında Tehranın dili daha uzun olardı.

Başqa bir qeyri-müəyyənlik İranı regional təhlükə hesab edən neftlə zəngin ərəb ölkələrinin mümkün reaksiyası ilə bağlıdır.

«İraqdakı vətəndaş münaqişəsinin intensivliyinin azalmasına yönələn hər hansı gələcək əməkdaşlıq Səudiyyə Ərəbistanın və xüsusən də Körfəz ölkələrinin incikliyinə səbəb olacaq» – deyir, Londonda mənzillənmiş Royal United Services Institute araşdırma mərkəzindən professor Neil Partrick:

«Digər tərəfdən bu ölkələr üçün nəyin alternativ ola biləcəyi də aydın deyil. Onlar bir tərəfdən al-Malikinin iranyönlü hökumətinə meydan oxunmasını görmək istəyirlər, digər tərəfdən isə İraqın dövlət kimi dağılmaq perspektivindən və Suriyada olduğu kimi, səudiyyəlilər də daxil olmaqla sünni ərəb yaraqlıların üstünlük qazanmasından ehtiyat edirlər».

SONRA NƏ OLACAQ?

Bu ziddiyyətə görədir ki, bəzi təhlilçilərin fikrincə, hər hansı ABŞ-İran əməkdaşlığı sakitcə baş verəcək.

Haddadın proqnozuna görə, kəşfiyyat məlumatının paylaşılmasından tutmuş İranın maliyyələşdirdiyi şiə yaraqlıların döyüşlərdə birbaşa iştirakınadək, nə olursa-olsun, Vaşinqton və İran bu əməkdaşlığı təbliğ etməyəcək, daha çox İraq hökumətinin rolunu qabardacaqlar.

«Bağdaddan qaynaqlanan media kampaniyasından görünür ki, əks-hücumu həyata keçirmək vəzifəsi İraq qüvvələrinin üzərinə düşməlidir» – deyir Haddad.

Bu gün hər hansı əməkdaşlığın baş tutacağını söyləmək çox tezdir. Lakin maraqlıdır ki, Vaşinqton və İran bundan əvvəl, 2001-ci il 11 sentyabr terror aktının ardınca Əfqanıstandakı Talibanla bağlı hərbi kəşfiyyat məlumatlarını mübadilə ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG