Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

Azərbaycan politoloqu: «Ukraynada Krım uğrunda mübarizə sonrakı mərhələyə saxlanıb»


Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
-
«Ukraynanın keçmiş prezidenti Victor Yushenko ilə görüşümüzdə o deyirdi ki, Rusiya Ukraynadan əl çəkən deyil. Axı Ukraynasız Rusiya böyük olmayacaq, imperiya olmayacaq».

AzadlıqRadiosuna müsahibəsində hazırda Ukraynada olan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə söyləyir. Onun sözlərinə görə, Yushenko düşünür ki, Ukraynasız Avrasiya İqtisadi Birliyinin də perspektivi yoxdur:

«Necə ki, bu 350 ildə Rusiya Ukraynanı idarə etməyə çalışıb, eləcə də indi bu siyasətindən vaz keçmir. Daha pisi ondadır ki, necə ki, Rusiya Moldovada Dnestr, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bu ölkələrin siyasətinə təsir edir, eləcə də Ukraynada separatçı bölgə yaradıb, bu siyasət vasitəsilə Ukraynadakı proseslərə təsir göstərməyə çalışacaq».

Elxan Şahinoğlu Ukraynada bu ölkədə baş verən hadisələri və bu hadisələrin Cənubi Qafqaza təsirini öyrənməyə çalışdığını sözlərinə artırır:

«Keçmiş prezident bir fikri də dönə-dönə vurğuladı ki, artıq Rusiya Ukraynanı itirdi. Əvvəllər Ukraynada Avropaya, yoxsa Rusiyaya inteqrasiya ilə bağlı iki fikir vardısa, Krımım işğalından sonra Ukraynada əksəriyyət Avropaya inteqrasiyadan başqa yol görmür».

«UKRAYNADA ƏSAS BİR FİKİR VAR – SEPARATÇILARIN SİLAHSIZLANDIRILMASI»

Elxan Şahinoğlu indi Ukraynaya bir düşüncənin – ölkənin şərqindəki separatçıların tərksilah olunması düşüncəsinin hakim kəsildiyini bildirir:

«Əsas fikir Luqansk və Donetskdə nəzarəti ələ keçirməkdir. Krımı da unutmayıblar, ancaq Krım uğrunda mübarizə sonrakı mərhələyə saxlanıb. Üstəlik, Donetsk və Luqanskda Rusiya ordusu yoxdur, amma Krım işğal olunub, orada Rusiya ordusu var. Krım uğrunda mübarizə beynəlxalq müstəvidə aparılacaq. Bu mövzuda Krım tatarlarının lideri Mustafa Cemilov-la da danışdıq. Cemilov da dedi ki, o Avropa liderləri, ABŞ prezidenti Barack Obama ilə görüşündə onlardan Krımı unutmamalarını xahiş edib. Krım unudulmayıb, sadəcə, bir az arxa plana keçib».

Elxan Şahinoğlu deyir ki, Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün Ukrayna siyasətçiləri, ekspertlər Azərbaycandan minnətdarlıqla danışırlar:

«Ancaq Ukrayna-Azərbaycan əlaqələrinin daha sıx olmasını, iqtisadi əlaqələrin genişləndirilməsini çox istəyirlər. Mustafa Cemilov Krıma mənəvi dəstək verilməsini, mədəni mərkəzlərin, məktəblərin tikintisinə kömək göstərilməsini istəyir».
XS
SM
MD
LG