Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51
-
İyunun 18-də Gəncədə yaşayan jurnalist Ərşad İbrahimov yerli Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qərarı ilə həbs olunub.

Jurnalistin qardaşı Tariyel İbrahimov AzadlıqRadiosuna bildirib ki, Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhərrəm Bağırovun şikayəti əsasında həbs olunub:

«Ötən il qardaşım Məhərrəm Bağırovun Kəlbəcər rayon təhsil şöbəsinin müdiri kimi yol verdiyi saxtakarlıqlardan araşdırma yazılar hazırlamışdı. Məhərrəm Bağırov 2013-cü ilin yayında Ərşaddan şikayət eləmişdi ki, guya ondan korrupsiya faktlarını açıqlamaması üçün 32 min manat tələb edib. Bu işə görə Ərşad polis nəzarəti altına verildi. Bu gün məhkəmədə isə onun barəsində həbs-qətimkan tədbiri seçilib».

Tariyel İbrahimov iddia edir ki, istintaq yalançı şahidlərin ifadələrinə əsaslanıb:
«Məhkəmə bu ilin aprel ayında başlayıb. Heç həmin şahidlər də məhkəməyə gəlmədilər. Ortada sübut yoxdur ki, Ərşad həqiqətən də Məhərrəm Bağırovdan pul istəyib».

BAŞ PROKURORLUQ: HƏDƏ İLƏ 30 MİN MANAT TƏLƏB EDİB

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında bildirib ki, Ərşad İbrahimov Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat tələb edib:

«Bağırov pulu verməkdən imtina etdiyi üçün Ərşad İbrahimov 2013-cü il aprelin 13-də «Youtube» internet portalında «Kəlbəcər Rayon Təhsil Şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb» başlıqlı informasiya yerləşdirib».

Baş Prokurorluğun məlumatına görə, Məhəmməd Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ərşad İbrahimovun məhkəmə zalında həbs edilməsinə gəlincə, Respublika Prokurorluğu bunu jurnalistin şahidlərə qanunsuz təsir göstərməyi və bununla məhkəmənin normal gedişinə mane olması ilə izah edir.
Ərşad İbrahimovun məhkəməsi iyunun 23-də davam edəcək.

Ərşad İbrahimov 2013-cü ilin noyabrına qədər «Azadlıq» qəzetinin əməkdaşı olub.
XS
SM
MD
LG