Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46

Futbolda sarı və qırmızı kartlar nə vaxtdan göstərilir?


Qırmızı kart

Qırmızı kart

-
İLK SARI KART SOVET FUTBOLÇUSUNA GÖSTƏRİLİB

Sizi intizarda qoymayıb həmən deyək ki, intizam cəzası kimi sarı və qırmızı kartlar ilk dəfə 1970-ci ildə Meksikada keçirilən Dünya Futbol Çempionatında göstərilib. Kimə göstərilib? Sovet futbolçusu Kakhi Asatiani-yə. Kim göstərib? Alman hakim Kurt Tschenscher.

KART CƏZALARINI İNGİLİS HAKİM KEN ASTON DÜŞÜNÜB

1966-cı il çempionatındakı dörddə bir final oyunundan – İngiltərə və Argentina yığmalarının matçından sonra intizam cəzalarından yararlanmaq gündəmə gəlmişdi. Baş hakim milliyyətcə alman olduğundan Argentina yığmasının kapitanına meydandan çıxmasını anlada bilməmişdi. Yalnız ingilis hakim Ken Aston-un müdaxiləsindən sonra məsələ həllini tapmışdı. Bu epizod təşkilatçıları referi və futbolçuların universal ünsiyyət vasitəsi haqqında düşünməyə vadar etmişdi.

İŞIQFORA BAXDI VƏ AĞLINA GƏLDİ Kİ...

İşıqfora baxan Aston-un ağlına gəlir ki, sarı və qırmızı rənglərdən futbolda ünsiyyət vasitəsi kimi istifadə etmək olar. Məsələn, sarı rəng futbolçuya sərt xəbərdarlıq anlamı daşıyar. İki dəfə sərt xəbərdarlıq alan və ya oyunda qabalıq edən futbolçu isə qırmızı kartı görüb meydandan çıxarılmaqla cəzalandırıldığını anlayar. FIFA ingilis referinin bu təklifini bəyənir.

FUTBOLÇUYA NƏ VAXT SARI KART GÖSTƏRİLİR?

Bu pozuntulara görə sarı kart verilir:

- bilərəkdən əllə oynayarkən («son çarə kimi əllə oynamaq» ayrıca cəzalandırılır. Söhbət elə haldan gedir ki, futbolçu rəqib komandanın qolunu önləmək üçün bilərəkdən əllə oynayır);
- vaxtı uzadarkən;
- hücumçunu tutub-saxlarkən;
- hakimin fitindən öncə topa zərbə vurarkən/«divar»dan önə çıxarkən (cərimə zərbəsi vurularkən);
- hakimin fitindən sonra topa zərbə vurarkən (oyundankənar vəziyyət və oyun dayandırılan zaman);
- kobud oynarkən;
- idmançıya yaraşmayan davranışa yol verərkən (oyunçunu, komanda personalını, azarkeşi təhqir edərkən);
- hakimlə mübahisəyə görə;
- hakimi aldatmağa görə;
- hakimdən icazəsiz oyuna girib-çıxmağa görə.

FUTBOLÇUYA NƏ VAXT QIRMIZI KART GÖSTƏRİLİR?

Bir oyunda iki sarı kart alan oyunçu meydandan çıxarılır.

Xüsusən qaba pozuntulara yol verən futbolçu sarı kart göstərilmədən, yəni xəbərdarlıqsız oyundan qovula bilər.

Oyunçu xüsusilə kobud pozuntulara və ya idmançıya yaraşmayan davranışlara yol verərsə, ona qırmızı kart göstərilə bilər. O cümlədən:

- rəqibini bilərəkdən vurarsa;
- rəqibinə tüpürərsə, onu təhqir edərsə;
- rəqibin arxasından sürüşərək topu almaq istərsə;
- ayaqla rəqibin bədəninə zərbə vurularsa;
- dikinə ayaqla rəqibə zərbə vurularsa.

Qırmızı kart alan futbolçu meydanı dərhal tərk etməyə borcludur. Onu heç kimlə əvəz etmək olmaz. Belə futbolçu 2 sarı kartdan sonra bir, xəbərdarlıqsız qırmızı kart alıbsa, bir neçə oyunu buraxmalıdır.
XS
SM
MD
LG