Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

Zirzəmi qovğası


-
“Hacıyeva Zümrüd, Rəhimov Cavanşir, Rzayeva Zenfira mülkiyyətçilərdir. 1967-ci ildə alınmış xüsusi mülkdür. Bu mülkün zirzəmisi var. Anam həmin zirzəmini müqavilə ilə Emin Şahbazova icarəyə vermişdi. Bir də xəbər tutduq ki, həmin adam zirzəmini öz adına özəlləşdirib”.

77 kvadratmetrlik mülkünüz olarsa, əvəzində, ən azı, nə qədər pul istəyərsiz? Çox uzaq yox, elə sovetski olaylarını götürək. Onlara hər kvadratmetrə görə 1500 manat təklif edilir. Amma bu 77 kvadratmetrlik zirzəmi cəmi – 2 min 706 manata bir şəxsə satılıb. Kim satıb, necə satıb – elə zirzəminin üstündə yaşayanları da bu suallar rahat buraxmır.

Şikayətçi Göyçək Rəhimova

Şikayətçi Göyçək Rəhimova

"DEDİ, SİZƏ KÖMƏK EDƏRƏM, AMMA..."

Evin mülkiyyətçisi Zümrüd Hacıyevanın qızı Göyçək Rəhimiova “Qaynar xətt”ə danışır ki, bu zirzəmini ayrı-ayrı adamlara icarəyə verməklə çörəkpulu qazanırmışlar. Sonuncu icarəyə götürən də Cəlilabad sakini Emin Şahbazov olub. Ancaq bir də xəbər tutublar ki, o, icarəyə götürdüyü zirzəmini öz adına özəlləşdirib:

“Bir müddət icarəhaqqı verdi. Sonra maraqlandı ki, nə əcəb bu zirzəmini özəlləşdirmirsiniz? Bildirdik ki, maliyyə imkanımız yoxdur. Dedi, mənim Dövlət Reyestr Xidmətində dostum işləyir, o sizə kömək edə bilər. Anamı notariat kontorlardan birinə aparıb etibarnamə aldı. Üstündən bir neçə ay keçmişdi, növbəti dəfə ondan icarəhaqqı istəyəndə dedi ki, bu zirzəmi mənimdir, bu da sənədlərim”.

Göyçək Rəhimova deyir, bundan əvvəl onlar dəfələrlə Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə özəlləşdirmə ilə bağlı müraciət etsələr də, müvəffəq olmayıblar:

“Bizə bildirdilər ki, həmin ərazi söküləcək, bu səbəbdən də oradakı əmlaklarla bağlı bütün sənədləşdirmələr dayandırılıb. Ancaq bundan xeyli sonra eyni qurum vaxtilə bizə vermədiyi sənədi Emin Şahbazova rahatca verib. Həm də Fövqəladə Hallar Nazirliyinin rəyi var ki, zirzəmi qəzalı və istifadəyə yararsızdır, ondan obyekt kimi istifadə etməyə icazə verilmir. Belə olan halda o zirzəmiyə görə necə sənəd verilə bilərdi?”

Emin Şahbazov məhkəmədə bildirib ki, 2006-cı ildən mübahisəli zirzəmini icarəyə götürüb. Orada əlvan metalla bağlı iş təşkil edib. Əvvəllər icarədar Zümrüd Hacıyeva ilə aralarında şifahi razılıq olub. Ancaq vergi işçiləri ona bildiriblər ki, vergi ödəyicisi kimi qeydiyyata alınması üçün icarəyə verənlə mütləq müqavilə bağlanmalıdır. Bundan sonra aralarında müqavilə bağlanıb:

"SAVADI OLMADIĞINA GÖRƏ ƏRİZƏNİ MƏN YAZDIM"

“Bir müddət sonra ərazinin söküləcəyi, satılacağı ilə bağlı xəbərlər çıxdı. İcarəçi məni yanına çağırıb dedi ki, həmin yer söküləcək, ancaq sənədi olmadığına görə dövlət zirzəmi üçün kompensasiya ödəməyəcək. Mənə zirzəminin sənədləşdirmə məsələsində kömək etməyimi xahiş edi, həmçinin təklif etdi ki, zirzəmini ondan satın ala da bilərəm. Bu işin həll olunması üçün birlikdə 43 saylı notariat kontora getdik. Zümrüd Hacıyeva özü yaza bilmədiyinə görə kontorda mənə ərizə yazdırıldı. Beləliklə, mənə etibarnamə verdi. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri zirzəmini ölçüb biçdilər. Əgər özəlləşdirməyə etirazı olsaydı, əməkdaşlar tərəfindən müxtəlif cihazlarla ölçülər götürüləndə bildirərdi. Zirzəminin özəlləşməsinə razılıq verdiyinə görə ona qeyri-rəsmi şəkildə 20 min manat verdim. Hər şey həll olduqdan sonra məndən yenə icarəhaqqı tələb etməyə başladı. Bildirdim ki, bu zirzəmini mənə satmısansa və mənim adıma özəlləşibsə artıq mənim mülkiyyətimdədir . Bundan sonra aramızda mübahisə yarandı”.

"ƏLİNDƏ SƏNƏD GÖRƏNDƏ MƏƏTTƏL QALDIQ"

Göyçək Rəhimova deyir, icarəyə götürənin əlində zirzəminin mülkiyyətçisi olması barədə sənədləri görəndə məəttəl qalıblar:

“Sən demə anamı notariat kontora etibarnamə almağa aparanda qocağılından və savadsızlığından istifadə edib eibarnamə ilə bərabər ona bir saxta, özlərinin dəst-xətti ilə yazılmış ərizəyə də imza atdırıblar. Həmin ərizədən məhkəmə vaxtı xəbər tutduq. Anamın adından yazılmışdı ki, guya zirzəmini 20 min manata Emin Şahbazova satıb. Söhbət 20 min manatdan gedir, 20 manatdan yox. Hanı qəbz? Hanı pulun verilməsini sübut edən başqa sənəd?"

Zirzəminin keçmiş sənədsiz sahibi onu məhkəmədə indiki sənədli sahibinə uduzub. Zirzəmi Zümdür Hacıyevadan Emin Şahbazova keçib. Məhkəmə bu qərarında Zümrüd Hacıyevanın adından notariat kontorda yazılmış razılıq ərizəsini əsas götürüb.
Hüquqşünas Vaqif Alıyev

Hüquqşünas Vaqif Alıyev

ÇIXIŞ YOLU VARMI?..

Hüquqşünas Vaqif Alıyev deyir, Zümrüd Hacıyeva bu işlə əlaqədar ilk növbədə prokurorluq orqanlarına müraciət etməlidir:

"Onun bütün hüquqlarının pozulması 43 saylı notariat kontor tərəfindən verilmiş 14 mart 2013-cü il tarixli etibarnaməni aldatma yolu ilə əldə edildikdən sonra pozulub. Yəni Zümrüd xanımın həmin mənzilin zirzəmisinə olan üstünlük hüququ, onun özəlləşdirilməsi, digər hüquqları Emin Şahbazovun tərəfindən aldığı etibarnamə ilə pozulub. İlk növbədə bu fakt araşdırılmalıdır. Çünki bu işdə ipucu həmin etbarnamədir".

Hüquqşünas deyir, bundan başqa, işə baxan məhkəmə dərhal qərardad çıxarıb həmin mənzilin zirzəmisində hər hansı fəaliyyəti dayandırmalı idi. Çünki müvafiq qurumun zirzəminin qəzalı və istifadəyə yararsız olması barədə məktubu vardı. Məhkəmə bunu mütləq nəzərə almalıydı.

Mübahisəli zirzəmim üstündəki mülkün sahibəsi indi ümidini Ali Məhkəməyə bağlayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG