Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:15
-
«Yeni Müsavat» qəzeti Bakının Türkan və Zirə qəsəbələrində dəniz sahilinin hasarlanmasından yazılar və fotolar dərc edilib. Qəsəbə sakinlərinin rəsmi orqanlara göndərdiyi şikayət məktublarına məhəl qoyulmadığı vurğulanır. Xəzərin hasarlanması barədə parlamentdə də ara-sıra bəyanatlar səslənib.

Torpaq haqqında qanunda deyilir ki, dənizin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında, dənizə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasarlana bilər. Xəzər Rayon İcra Hakimiyyətindən məsələyə münasibət almaq mümkün olmayıb.

BOŞANMALARIN SAYI NİYƏ ARTIB?

«Azadlıq» qəzeti: ​Bu ilin əvvəlindən ölkədə 4 minə axın boşanma halı qeydə alınıb. Boşanmalara müxtəlif səbəblər göstərilir. Hüquqşünas Namizəd Səfərov başlıca səbəb kimi sosial və maddi problemləri göstərir. İqtisadi çətinliklər, işsizlik, evsizlik ailədə möhkəm təməlin yaradılmasına imkan vermir. Problemlər o qədər çox olur ki, ailə başçıları ailəni saxlamaq iqtidarında olmurlar. Uşaqların, ailənin saxlanılması yükünün altından çıxa bilmədiklərinə görə də ailə dağılır.

PREZİDENTLƏRİN SAATLARI VƏ ONLARIN QİYMƏTLƏRİ

Modern.az saytı siyasi liderlərin saat marağını araşdırmağa çalışıb.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev adi metaldan hazırlanmış, qiyməti baha olmayan sadə saat bağlayır. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da sadə saatlara üstünlük verir. Siravi amerikalılardan seçilmək istəməyən Amerika prezidenti idman üslubunda olan «Jorg Gray 6500» saatı ilə vaxtı izləyir. Bu saatların qiyməti 200-300 dollar arasındadır.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin saat brendlərinə münasibətdə siyasi həmkarlarından fərqlənir. Putin öz dəyərli vaxtını qiyməti 60 min dollar olan ağ qızıldan hazırlanmış «Patek Philippe Perpetual Calendar» saatı ilə izləyir.

XAOSDAN SABİTLİYƏ, GÜCLÜ DÖVLƏTƏ VƏ TƏRƏQQİYƏ

«Azərbaycan» qəzeti deputat Musa Quliyevin məqaləsini dərc edib. Müəllif iddia edir ki, 15 iyunadək və ondan sonrakı tarixdən ibrət alınası bir çox şeylər vardır.

​«Hər şeydən əvvəl, xalq öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməllərindən biridir.

Xalq əgər bunları istəyirsə, - heç şübhəsiz istəyir, - onda heç bir zaman anarxiyaya yol verməməlidir. Demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır».

AZƏRBAYCANDA TƏHLÜKƏLİ VİRUS YAYILIB

«Yeni Müsavat» yazır ki, ölkədə mənşəyi bəlli olmayan təhlükəli virus yayılıb. Yüksək hərarət, baş, qarın ağrısı, baş gicəllənməsi, iştahasızlıqla müşayiət olunan xəstəlik səbəbindən son bir neçə gündə tibb müəssisələrinə müraciət edənlərin sayı dəfələrlə çoxalıb. Ancaq həkimlər özləri də etiraf edirlər ki, onlar bu virusun qarşısının alınmasında acizdirlər və xəstəliyin qısa müddətdə aradan qaldırılması mümkün deyil.

​Səhiyyə işçiləri bu virusu «Hava virusu» adlandırırlar və yaş kateqoriyasından asılı olmayaraq insanların hava infeksiyası ilə yoluxduğunu deyirlər.

Professor Adil Qeybulla yayılan virusun kifayət qədər təhlükəli olduğu qənaətindədir. Onun sözlərinə görə, 15-ə yaxın xəstəliklərə yoluxma halında yuxarı tənəffüs yollarında mikroblar şəklində qalır və müqavimət həddən artıq aşağı düşdükdə onlar fəallaşa bilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirdi ki, məsələ ilə bağlı infeksioloqlarla birgə araşdırma aparıldıqdan sonra bu barədə açıqlama veriləcək.

«İHSANOĞLU UĞURLU NAMİZƏDDİR, AMMA...»

«Media Forum»: Tanınmış alim və ictimai xadim, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Türkiyə müxalifətinin (Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının) prezidentliyə vahid namizədi elan olunub. Ekmələddin İhsanoğlu avqustun 10-da Türkiyə Respublikası tarixində ilk ümumxalq prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasına, onun potensial namizədi olan baş nazir Rəcəb Teyyub Ərdoğana qalib gələ bilərmi?

Bir zamanlar Türkiyədə yaşamış Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, Ekmələddin İhsanoğlu uğurlu namizəddir:
Fazil Mustafa

Fazil Mustafa

«İhsanoğlu cəmiyyəti birləşdirmək gücünə və xarakterinə sahib olan alim və ziyalıdır. Amma söhbət prezident seçkisindən gedirsə, onda Türkiyə cəmiyyətin siyasiləşməsi dərəcəsinə diqqət etmək lazımdır.

Namizəd siyasiləşməmiş şəxs olanda cəmiyyətin onun haqda fikirləri birmənalı olmur, parçalanma yaranır... Ona görə də Ekmələddin İhsanoğlunun səs toplamaq və seçkidə qalib gəlmək şansı o qədər də böyük deyil».

TELAFARDAN QAÇAN TÜRKMƏN: «BÖLGƏDƏ İNSANLIQ DRAMI YAŞANIR»


Lent.az-ın İraqdakı əməkdaşı İŞİD qüvvələrinin işğalı nəticəsində Telafar şəhərindən qaçqın düşmüş Hüseyn Baytar adlı türkmənlə danışıb. Türkiyəyə qaçan H. Baytar 40-45 dərəcədə istidə yol gəldiklərini, yolda havasızlıqdan 2 nəfər uşağın həyatını itirdiyini söyləyib:

«Bölgədə insanlıq dramı yaşanır. Susuz halda 60 kilometrə yaxın yol gəlmişik. Uşaqları avtomobilin yük yerində gətirdik. Hətta yolda 2 uşaq havasızlıqdan öldü. Elə yolda basdırdıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG