Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

AYB qurultayı: Anar, bina, ədəbiyyat və kitab oxumayan məmur söhbəti


-
Milli Dram Teatrının tamaşaçı zalı ağzınacan dolmuşdu... Lojalarda da yer qalmamışdı. Azərbaycan Yazıçılar Birliyinin qurultayına nümayəndə seçilənlərin hamısı – 440 nəfər gəlsəydi, yəqin ki, ayaq üstə qalanlar olacaqdı. İyunun 17-də keçirilən sayca 12-ci qurultaya azı 10 nəfər xarici qonaq da gəlmişdi...

...Aralarında Qazaxıstanın ictimai-siyasi xadimi, şair və yazıçı Oljas Süleymenov (Olzhas Suleimenov) da vardı. Azərbaycan oxucusuna «Az i ya» kitabı («İqor polku dastanı»nın slavyan və türk xalqlarının ortaq əsəri olduğunu iddia edən və sovetlər dönəmində ciddi akademik mübahisələrə yol açan kitab) ilə tanış olan Oljas Süleymenov qurultayda diqqət mərkəzindəydi. Azərbaycanın qurultaya qatılan bəzi tanınmış ictimai xadimləri və yüksəkvəzifəli dövlət məmurları kimi heç kimdən, özəlliklə jurnalistlərdən yan keçməməsi, arxa qapıya üz tutmaması da ona olan diqqəti artırırdı...

Oljas Süleymenovun ədəbiyyatla bağlı düşüncələri barədə daha sonra, indi başlıca məsələyə keçək...

QONAQLAR DA SƏDRLİKDƏN DANIŞIRLAR

Qurultayqabağı daha çox müzakirə hədəfi köhnə sədrin yenidən sədr olub-olmayacağı idi. Heç ortada başqa namizəd adı da hallanmırdı. Yazıçılar Birliyinə müxalif yazarlar Anarın sədr kürsüsündə çoxillik qalışını tənqidə tuturdular, amma Anar, qurultaya az qalmış, sədrliyə yenidən namizəd olacağını dilə gətirdi.

Sədrlik məsələsinin ölkə ədəbiyyatının ən ciddi dartışılan mövzularından olduğunu, deyəsən, xarici qonaqlar da duymuşdular. Əks halda, tribunaya qalxarkən, məhz Anarın seçilməsini belə təkidlə tövsiyə etməzdilər.

Ötən dəfəkindən fərqli olaraq bu dəfə qurultayın gündəliyində hər hansı struktur dəyişikliyinə və ya yeni idarəçilik siyasətinə dair təkliflər yox idi. Qurultay daha çox hesabat xarakteri daşıyırdı. Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu



«BEŞAÇILANIMI HAZIRLADIM...»

Ağır xəstəliklə çarpışsa da, qurultaya qatılmağa özündə güc tapan Vaqif Səmədoğlu zarafat dolu çıxışı ilə auditoriyanın kökləndiyi protokol havasını azacıq dağıtdı:

«Mən AYB-də Ağsaqqallar Şurasının sədriyəm. Qurultayda hamı hesabat verir, gərək mən də buna əməl edim. Ağsaqqallar Şurası hər gün 7-8 saatlıq iclas keçirir. İclaslarda siyasi məsələlərdən tutmuş ədəbiyyata qədər hər mövzu müzakirə olunur. Çünki hamısı ölüb, bircə mən qalmışam... Xərçəng ağzımda deyil, mədəmdədir. İstənilən qədər danışa bilərəm».

Vaqif Səmədoğlu 20 il əvvələ qayıdıb:

«Bir dəfə evdə oturmuşam, qardaşım Yusif zəng elədi ki, arxanca maşın göndərirəm, tüfənglərindən birini götür gəl Yazıçılar Birliyinə. Mən də yaxşı bir beşaçılan hazırladım, oturub gözlədim. Yarım saat sonra Yusif zəng elədi ki, Heydər Əliyevlə danışdıq, Yazıçılar Birliyinin binası daha İngiltərə səfirliyinə verilmir. Demə, Yusif Heydər Əliyevlə telefonla danışıb ki, əlimdə tapança oturub gözləyirəm. İçəri girənin 6-sına atıb birini də özümə vuracam. Yusif deyir, Heydər Əliyev gülüb, deyib ki, o tapançanı sənə kim verib, tapşıracam geri alsınlar, amma qərarımı da dəyişirəm, bina İngiltərə səfirliyinə verilməyəcək».

«MƏN TƏK ANARA SƏS VERMİRƏM…»

Xalq şairi paytaxtın mərkəzində yerləşən Yazıçılar Birliyinin binasında çoxlarının gözü olduğunu dedi: Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı


«Mən tək Anara səs vermirəm, həm də o binaya səs verəcəyəm, öz xatirələrimə, uşaqlığıma səs verəcəyəm. Bilmirəm, kim namizəd olacaq, amma deyirəm ki, Anardan savayı heç kəs o binanı bizim üçün saxlaya bilməyəcək».

«ƏDƏBİYYATA YOL XƏRİTƏSİ KİMİ BAXMAQ LAZIMDIR»

Millət vəkili Sabir Rüstəmxanlı çıxışında Azərbaycan ədəbiyyatının problemlərindən söz açdı. O dedi ki, «cahil təfəkkürlü sözə bir təhlükə» kimi baxır:
«Halbuki ədəbiyyata dərman, həkim məsləhəti, yol xəritəsi, ilahi qüdrət kimi baxmaq lazımdır».

Natiq ölkədə bədii ədəbiyyatın təbliğ olunmadığından gileyləndi:

«Son vaxtlar belə fikir formalaşdırırlar ki, azərbaycanlılar kitab oxumur. Hörmətli mədəniyyət naziri də burdadır, əgər 200 min nəfərlik, – məsələn, Tovuz rayonu kimi bir yerdə, – kitab dükanı yoxdursa, bu camaat kitabı haradan alıb oxusun? Gedirsən, hansısa rayonun icra başçısının kabinetində yalnız qanunlar, sənədlər var, amma bir bədii kitab yoxdur. Çingiz Abdullayev

Çingiz Abdullayev

Soruşanda hələ fəxrlə də deyir ki, kitab oxumuram. Necə yəni oxumursan?! Oxumursan, rayona necə rəhbərlik edirsən?».

«AXMAQ MƏMUR, KİTAB OXUMAYAN MƏMUR XALQA LAZIM DEYİL»

Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bu qurumun dövlət büdcəsindən maliyyələşməsini böyük uğur kimi dəyərləndirdi:

«Dünyanın heç bir ölkəsində Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşdirilmir, qəzet və jurnallarına vəsait ayrılmır. Bunu vaxtilə Anar, Yusif Səmədoğlu və Heydər Əliyev elədi».

Detektivləri ilə ad çıxaran yazar da nitqində kitabdan qaçan məmurlara toxundu:

«Axmaq məmur, kitab oxumayan məmur xalqa lazım deyil. Kitab oxumayan rektor dərhal işdən uzaqlaşdırılmalıdır».

«ƏDƏBİYYAT ARTIQ ƏMTƏƏYƏ ÇEVRİLİB»

«Bizim yazıçıların Avropaya çıxmasında problemlər, maneələr çoxdur. Amma sizə deyim ki, sizdə olan maneələr elə Rusiyada da, Qazaxıstanda da var. Əvvəl dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz azadlığıdır, ədəbiyyatla özünüz qazanın. Yəni, ədəbiyyat artıq bazara çıxıb, əmtəəyə çevrilib. Amma təəssüf ki, gəlir azdır», – jurnalistlərə müsahibəsində Oljas Süleymenov belə deyir. Oljas Süleymanov

Oljas Süleymanov



«KLASSİKLƏRİ OXUYUN Kİ, ƏDƏBİ ZÖVQÜNÜZ FORMALAŞSIN»

O, sovet dövründə kitabların yüz minlərlə tirajla çap olunmasını, yüksək qonorarı xatırlayır və əlavə edir ki, dövlətin ədəbiyyata dəstək verməsi yaxşı haldır:

«İki-üç ildən sonra biz kitabların yayım sistemini quracağıq. Onda yazmağa da maraq yaranacaq. Axı qonorar olacaq. Onda yaradıcılığa maraq olacaq və əsl oxucu da yetişəcək».

Oljas Süleymenov bildirib ki, gənclər klassikanı mütləq oxumalıdırlar:

«Klassik əsərlər onların ədəbi zövqünü formalaşdıracaq. Azərbaycan, rus, dünya klassiklərini oxumaq lazımdır. Bir böyük riyaziyyatçıdan, deyəsən, familiyası Moiseyeviçdir, soruşublar ki, məktəblərdə uşaqların fizika və riyaziyyatı yaxşı oxuması üçün nə etmək lazımdır? O, deyib ki, keyfiyyəti artırmaq üçün yalnız bir yol var: ədəbiyyat dərslərinin sayını artırmaq! Sual verənlər təəccüblənərkən, həmin riyaziyyatçı deyib ki, ədəbiyyat beyni genişləndirir, onun imkanlarını açır. Ədəbiyyat oxuyan adama riyaziyyatı, fizikanı öyrənmək daha asan olacaq. Buna görə də tərbiyəyə oxumaqdan başlayaq».

Səsvermədən sonra Anar yenidən AYB-nin sədri seçilib.

Şərhləri göstər

XS
SM
MD
LG