Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53
-
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Qurtuluş Günü münasibəti ilə 20 nəfər əlilə «NAZ Lifan 320» avtomobilinin açarlarını təqdim edib.

Bu haqda Ali Məclisin Mətbuat xidməti məlumat verib.

Avtomobil alanlardan 5-i Azərbaycan Vətən müharibəsi, 4-ü Çernobıl əlili , 11-i isə müharibə əlilinə bərabər tutulan şəxslərdir.

Təqdimetmə mərasimindəki çıxışında Vasif Talıbov bu tədbirin keçirilməsini iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirib:
«Bu həm də sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Bu kateqoriyadan olan insanların çəkdikləri zəhmət, göstərdikləri xidmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar minik avtomobilləri ilə təmin olunurlar».

Hissələri Çindən gətirilən «NAZ Lifan» markalı minik avtomobilləri Naxçıvan Avtomobil Zavodunda yığılır. Bəzi yerli sakinlərin bildirdiyinə görə, bu zavod Naxçıvandakı yüksəkvəzifəli məmurlardan birinə məxsusdur.

Əlillərə verilən «NAZ Lifan 320» avtomobilinin qiyməti 7200 manatdır.

2011-ci ildən bəri Naxçıvanda taksi fəaliyyəti üçün yalnız «NAZ Lifan» markalı avtomobillərə icazə verilir. Taksi sürücüləri bu avtomobillərin keyfiyyətsiz olduğunu deyirdilər. Sürücülər bazarda alıcı tapa bilmədiyinə görə avtomobillərin zorla onlara satılmasından da şikayət edirdilər.

O vaxt rəsmilər avtomobil zavodunun yüksəkvəzifəli məmurlardan birinə məxsus olması ilə bağlı deyilənləri təkzib etmişdilər. Rəsmilər digər avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulmasını «NAZ Lifan»ın rahat və taksi xidmətinə yararlı olması ilə əsaslandırmışdılar.
XS
SM
MD
LG