Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05
-

Xəyalə Sevil


Yağış qarğışındı bulud

Yağış qarğışındı bulud,
Qarğışına yol tutulur.
Sən, ey göylərin ağası,
Yer, bu qara qul tutulur.

Dərdimi yozum içimdə,
Dərdim var tozun içində.
Daha bu qızın içində
Bir kimsəsiz çöl tutulur.

Düş aşağı, gözüm yaşı,
Çoxaltginən bu yağışı.
Ölmüşəm, başımın daşı
Məzarımda dul tutulur.


Mənim ulduzum tək qaldı

Gəl kəs daha ümidimi,
De ki, dönəsi deyiləm.
Yoluna yağan yağışam,
Mən qar dənəsi deyiləm.

Yolun da boyu uzandı,
Yüyürdüm, sənə çatmadım.
Ömrümdən il düşüb itdi,
Bircə gününü tapmadım.

Göy üzündən xəbər gəldi,
Dedi: “ay sizi boşadı”
Mənim ulduzum tək qaldı,
Sənin ulduzun qoşadı.


Bu bahar da sənsiz gəldi

Bu bahar da sənsiz gəldi,
Ömrüm bir bahar da gödəldi sənsiz.
Ağaclar bir az da böyüdü,
Yollar bir az da uzandı.
Yenə qayıtmadın,
Yenə ayrılıq qazandı.
Ulduz-ulduz çiçəklədi göy üzü,
Göy üzündən bir saxlım ay asıldı.
Göydə bizim taleyimiz yanaşı,
Yerdə ayrı ünvanlara yazıldı.
Ana oldum, ata oldun,
Evladımız bir olmadı.
Ayrılıqdan gizlənməyə
Belə böyük dünyada
Balaca bir yer olmadı.
Gözümün yaşıyla yazdım
Axırıncı sözümü,
Yolları kəndir kimi
Doladım boynuma
Asdım özümü.


Təzə-təzə sevgilərə çıxmısan

Qışa düşdü bu ayrılıq,
“Əlvida” nı paltar kimi
O üşüyən dodağına
Geyib getdin.
Ürəyim yad qapısımı,
Döyüb getdin?!

Yollar da kəsmədi yolunu,
Açıldı üzünə taybatay,
Qapı kimi.
...Yollardan da küsmüşəm.
Doğdu-törədi həsrətin
Gözümdəki yaşları,
Həsrətindən bezmişəm.

Pəncərəmdən içəri
Boylanan yaşıl yarpağa
Yaşıl gözlərin deyirəm.
Sən, elə bir, boşluq oldun,
Dolmadı yerin deyirəm.

Təzə-təzə sevgilərə çıxmısan...
...Ayrılıq da bir yazıdı, həyatdı.
Daha bəyənməzsən mənim eşqimi,
Eşqim ötən ildən qalıb, boyatdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG