Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:46

Naxçıvanlı «demaqoq»: «Məni işdən çıxaran müdirə 15 sutka verdilər...»


Qadir Quliyev

Qadir Quliyev

-
«Filankəs demaqoqdur, ondan kənar dur!», «Onun belə demaqoq olduğunu nə biləydim»... Sovetlər dönəmində bu və ya buna bənzər deyimləri tez-tez eşitmək olardı. Elə indinin özündə də «demaqoq» sözü heç də yaxşı mənada işlənmir. Qədim yunancadan çevirəndə «savadlı xalqın sözünü deyən kimsə» mənasını versə də...

RAYKOM KATİBLƏRİ «DEMAQOQ»LARDAN QORXARMIŞ...

Sovetlər dönəmində yaşayanların sözlərinə görə, «demaqoq»lardan ən çox kolxoz sədrləri, raykom katibləri qorxarmış. Niyə? Axı «demaqoq»lar, adətən, rəhbər vəzifədə çalışanların əyər-əskiyini yuxarılara çatdırarmışlar.

Azərbaycanda «demaqoq» sözünü eşidərkən, yarızarafat-yarıciddi, ilk ağla gələn naxçıvanlılar olurdu. Demək, o dövrdə Azərbaycanın bu ayrılmaz və bənzərsiz məkanında «xalqın sözünü demək»dən çəkinməzlərmiş. Azərbaycan müstəqillik qazanandan sonra, tədricən də olsa, Naxçıvan beynəlxalq təşkilatların hesabatlarında azad sözün ən çox boğulduğu yer kimi tanınmağa başladı. Beləcə, «demaqoq»ların da sayı sürətlə azaldı...

Babək rayondakı Sirab kəndinin 55 yaşlı sakini Qadir Quliyev özünü «Naxçıvanda tək-tük qalan haqq sözü deyənlərdən» sayır. O deyir ki, bu xasiyyətinə görə, hakimiyyət orqanlarında onu «demoqoq» çağırırlar. Azadlıqradiosu bu «demaqoq»la müsahibəni diqqətə yetirir.

– Kəndinizdə daha hansı taxma adlar – ayamalar var?

– Onları neynirsiz? (gülür...) Ağzıgen İbrahim, Daz Əmir, Şöypapaq Vəli. Bu köhnə kişilərin vaxtında olub. İndi yoxdur belə şeylər. Mənə də «demaqoq» ayamasını kənd sakinləri yox, məmurlar qoyub.

– Taxma adla adamın özü arasında nə dərəcədə bir bənzərlik və ya uyğunluq var?

– Çox güman, bənzədib deyirlər. Kötük Əli qısaboy, dolu adam idi. 3 nəfər onu qaldıra bilməzdi. «Dadik» – tez hirslənən, özündən çıxan idi. Ağzıgen də, yəqin ki, söz saxlamayan adammış...

– Yaxşı, niyə «demaqoq» deyirlər sizə?

– Bu ayamanı ona görə qoyublar ki, Muxtar Respublikanın Nazirlər Kabinetində, icra orqanlarında tez-tez şikayətlərə gedirəm. Mən nə kimisə aldadan, nə də kiməsə aldanmaq istəyən adamam. Bu, mənim həyat şüarımdır. Kommunist partiyasının allı-güllü vaxtından bəri haqqımı tələb etmişəm. Bir əhvalat danışım: Bir gün çalışdığım işıq idarəsində attestasiya keçirilirdi. Dedilər ki, 25 manatdan pul yığın, hamınızı attestasiyadan keçirək.

Özümə arxayın olduğumdan, razılaşmadım. Fizikanı çox yaxşı bilsəm də, məni işdən çıxardılar. Məhkəməyə üz tutdum. Həmkarlar təşkilatı da onların tərəfini saxlayırdı. İlk dəfə idi məhkəməyə müraciət edirdim. Məhkəmə də onların tərəfini saxlayırdı. Getdim Ali Sovetə, şikayət etdim, – alınmadı. Şikayətimi deputatlara çatdırdım. Nəticədə, məni işdən çıxaran idarə müdirinə 15 sutka iş verdilər, partiya sıralarından və işindən azad etdilər.

– Sizcə, düzlük aşiqi olan adama, mübariz adama hansı adlar uyğun gəlir?

– İndi mənə cəbhəçi deyirlər. Əslində, cəbhəçi deyiləm. Uşaqlarımı da işə götürmürlər. Təvazökarlıqdan uzaq, mən özümü düzgün adam sayıram. Düzgünlük və haqq-ədalət tərəfdarlarının ətəyində namaz qılaram...

– Sizə «demaqoq» deyənlərin fikrini dəyişdirəcək hansı cavablarınız olub?

– Bir dəfə oğlumun işlə təmin olunması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə getdim. İş verməməkdən ötrü oğluma xəstə damğası vurdular. Süründürürdülər deyə, mübahisə edirdim. Mənə «sən demaqoqsan!» – deyəndə cavab qaytardım: –– Mən demaqoqamsa, sən də anormalsan!..
– Anormal olsam, məni kim burada işlədər?
– Demək, təkcə sən yox, bütövlükdə bu sistem anormaldır. Sən kimdənsə pul almağı, kimisə aldatmağı düşünürsən. Necə olur ki, sizin uşaqlar salamat sayılır, bizimkilər xəstə? Mənim oğlum universitet bitirib, onu xəstə çıxarmaq istəyirlər. Mən həmişə hər kəsin üzünə sözümü deməyi bacarmışam.

– Kimdir sizin həyat müəlliminiz?

– Valideynlərim. Atam da mənim kimi sözünü deyən olub. Alın təri ilə pul qazanıb, həmişə bizi düzgün yola səsləyib. Hər dəfə evdən çıxanda tapşırırdılar ki, qonşuya ziyan verməyim, əxlaqlı olum. Sizə bir əhvalat da danışım: Bir dəfə orta məktəbdə müəllim əxlaq dərsi keçirdi. Üzünü mənə çevirib soruşdu ki, «düz deyirəm?».

Cavab verdim ki, yox, sadaladıqlarınızın heç yarısı da sizdə yoxdur. Dedi ki, sənin mənimlə nə işin var, dediklərimi yadında saxla. Dedim ki, «sözünüzlə əməliniz tutmur. Yaltaq, rüşvətxor, oğru müəllim əxlaq dərsi keçə bilməz. İmkanlının oxumayan uşağına «5» yazırsınız, mən kasıb uşağıyam, – «4» yazırsınız». Tənəffüsdə müəllim mənə yaxınlaşıb dedi ki, mən bu yaşda səndən əxlaq dərsi aldım.

– «Demaqoq»luğun nəyi yaxşı, nəyi pisdir?

– Demaqoq sözünü ilk dəfə bayaq danışdığım məhkəmədə hakim mənə dedi. Sözün mənasını bilmirdim. Təxminən bilirdim ki, ərizə yazan adamlara deyirlər. Sonra ora-bura şikayətə gedəndə, mənə tez-tez bu sözü deməyə başladılar. Daha sonra öyrəndim ki, demoqoq, əslində, xalqın sözünü deyən adama deyilməlidir. Mən bu hərəkətlərimdən çox razıyam. Təqib də ediblər, ölümlə də hədələyiblər, yolumdan dönməmişəm.

Bir dəfə 2005-ci ildə məhkəmədə məni ölümlə hədələdilər, mən də bunu protokola saldırdım. Ondan sonra mənə çoxlu pul təklif etdilər ki, iddiamı geri götürüm. Uşağıma görə iddia qaldırmışdım. Mənə dedilər ki, bu qədər pul təklif edirlər, niyə razılaşmırsan. Dedim, bu gün mənim uşağımın başına oyun açacaqlar, sabah sənin, birisigün o birisinin. Pis odur ki, ora-bura şikayətə getməkdən, əsəbiləşməkdən şəkər xəstəliyi tapmışam. Ancaq heç peşman deyiləm.

Şərhləri göstər

XS
SM
MD
LG