Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:56

Keçmiş vitse-prezident: «Bəlkə Əliyevin ətrafında yaxşı müşavirlər yoxdur»


Goran Lindblad.
Goran Lindblad.
-
Avropa Şurası Parlament Assambleyasının keçmiş vitse-prezidenti, uzun illər İsveçi Avropa Şurasında təmsil etmiş Göran Lindblad bu günlərdə AzadlıqRadiosunun qonağı olub. O, Azərbaycanı da yaxından tanıyan siyasətçilərdəndir. Bir müddət Londonda Qarabağ məsələsində Azərbaycan üçün lobbiçilik edib, hazırda isə Avropanın Yaddaşı və Vicdanı Platforması adlı təşkilatın prezidentidir.

Bu günlərdə Bakıya səfərdən qayıdan Lindblad AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda avtoritar hakimiyyətin mövcud olduğunu deyir, hesab edir ki, Qarabağ problemin həlli ölkədə demokratiyanın bərqərar olmasından keçir.

Onun «Kürü diplomatiyası»nda iştirak edib-etməməsi, Ermənistan mediasının hədəfinə niyə düşməsi və başqa aktual mövzularda suallara cavablarını təqdim edirik.

- İcazə verin, tanışlıqdan başlayaq. Göran Lindblad kimdir?

- Mən 13 il İsveç parlamentinin üzvü olmuşam. 1997-dən 2010-cu ilədək. Bunlardan 6 ilini Avropa Şurası Parlament Assambleyasında İsveç parlamentini təmsil etmişəm. İxtisasca diş həkimiyəm.

Türkiyə və Azərbaycanda çoxlu dostlarım var. Biz onlarla birlikdə Parlament Assambleyasında işləmişik. Azərbaycan problemli ölkədir. Son 2 ildə, deyərdim ki, azadlıqların vəziyyəti pisləşib. Rejim daha repressiv olub.

Düşünmürəm ki, bu, Azərbaycanın maraqlarına xidmət edir. Çünki Azərbaycanın böyük potensialı var. Parlamenti tərk etdikdən sonra mən 18 ay Avropa Azərbaycan Cəmiyyəti üçün Qarabağ məsələsində lobbiçi kimi işləmişəm. Bu təşkilat Londonda yerləşir və mən düşünmürəm ki, orada çalışanlar Azərbaycanın maraqlarına xidmət edirlər. Onlar daha çox britaniyalıdırlar və Avropada nələrin baş verdiyini başa düşmürlər.

- Azərbaycanda bəzi adamlar deyə bilərlər ki, əgər bu təşkilata işləmisinizsə, deməli «Kürü diplomatiyası»nın bir hissəsi olmusunuz?

- Mən heç vaxt belə olmamışam. Mən yalnız Parlamenti Assambleyasını tərk edəndən sonra eşitmişəm ki, kimlərəsə kürü, və ya xalça verilib. Maraqlıdır ki, mənə belə bir təklif olmayıb. Yəqin bilirmişlər ki, mən sifarişli iş görmürəm.

Mən sifarişli işi yalnız siyasi həyatım başa çatdıqdan sonra qəbul etmişəm. Növbəti müddətə seçilməyəndə. Və mən Azərbaycanın dünyada ən mükəmməl yer olduğuna inandırmaq üçün lobbiçilik etməmişəm. Mən inandığım bir məsələyə, Azərbaycanın Qarabağı geri almaq hüququ üçün lobbiçilik etmişəm. Əlbəttə, bu zaman ölkə haqqında məlumatlar da vermişəm. Bu mənim inandığım bütün işlərə aiddir.

- Qarabağ məsələsində siz Azərbaycanın haqlı mövqedə olmasına inanırsınız. Buna görə hətta Ermənistan mətbuatı sizi hədəfə almışdı...

- Əlbəttə. BMT-nin iki qətnaməsi var. Bu torpaqlar qanunsuz işğal edilib və Ermənistan bu ərazini dərhal tərk etməlidir. Azərbaycanın problemi budur ki, hökumət nümayəndələri daim deyirlər: «Bilirsiniz, biz Qarabağ münaqişəsi həll olunmamış demokratiyaya meydan, və ya daha çox azadlıqlar verə bilmərik». Mən isə onlara həmişə deyirəm ki, «əksinə, siz Avropa və ABŞ-dakı siyasətçiləri inandıra bilsəniz ki, azadlıqlara açıqsınız, sizdə jurnalistlərin sərbəst işləmək imkanları var, yalnız o zaman Qarabağ məsələsində onların dəstəyini ala bilərsiniz».

Qarabağ məsələsində əsas oyunçu Rusiyadır. Rusiya Ermənistana silah verir və Ermənistanda silahlı qüvvə saxlayır. Rusiya Azərbaycana da silah satır. Onlar istəyirlər ki, münaqişə daim çətin nəzarət olunan səviyyədə saxlansın. Rusiya bu problemin həllini istəsəydi, məsələ çoxdan həll olunardı. Odur ki, ATƏT-in Minsk qrupu da daha çox teatra bənzəyir.

- Siz ixtisasca diş həkimsiz. Təsəvvür edək ki, sizi 6 ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edirsiz. Eyni zamanda da həbsxanada saxladığınız 150 siyasi məhbus var. Bu problemi ağrıyan dişə bənzətsək, siz bu məsələni necə həll edərdiz? Onun müalicəsinə çalışar, yoxsa dişi çəkib çıxaran kimi məhbusları da birdəfəlik azad edərdiz?

- Əlbəttə, prezident Əliyevin müşaviri olsaydım, ona məsləhət görərdim ki, hələ Avropa Şurası nazirlər Komitəsinin sədri olmadan bu məhbuslar azad edilsin. Bu, Azərbaycan üçün yaxşı təbliğat olardı. O zaman onlar deyə bilərdilər ki, biz indi demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində gedirik. Bunlar Avropa Şurasının üstündə dayandığı üç ayaqdır. Mən bilmirəm, bəlkə də Əliyevin ətrafında yaxşı müşavirlər yoxdur.

- Sizcə, belə avtoritar rejimlər niyə daha azad və demokratik ola bilmirlər?

- Onların çoxlu pulu, nefti, qazı var. Və onlar elə düşünürlər ki, istədiklərini edə bilərlər. Onlar həm azadlıqdan, həm də şimaldakı böyük qonşudan – Rusiyadan çəkinirlər. Rusiya çox da azadlıq istəmir, çünki istəsə tənqidlərə daha çox açılmalı olacaq. Bu, səbəblərdən biri ola bilər.

Mən Gürcüstan müharibəsindən əvvəl və sonrakı iki Azərbaycanı görürəm. Ukraynada baş verənlərdən, Krımın işğalından sonra vəziyyətin necə olduğunu bilmirəm, amma yəqin ki, Azərbaycan hökuməti daha ehtiyatlı tərpənməyi qərara alıb. Bütün bunlar səbəb ola bilər. Amma dəqiq deyə bilmirəm.

- Azərbaycan Avropa Şurasına üzv olanda bəziləri deyirdilər ki, indi ölkədə insan haqları və azadlıqların vəziyyəti daha da yüksələcək, lakin proseslərin əksinə getməsi barədə tənqidlər səslənir. Sizcə, niyə bundan sonra Avropa Şurasının özü, öz qaydalarının tətbiqində Azərbaycanın səviyyəsinə endi?

- Söhbət Azərbaycanın səviyyəsindən getmir. Şurada Rusiya nümayəndə heyətinin böyük təsiri var. Putinin partiyası assambleyadakı Avropa Demokrat Qrupu fraksiyası üzərində nəzarətə malikdir.

Zənnimcə, axmaqlıq edərək, torilər (Böyük Britaniyanın muhafizəkarlar partiyası) də bu qrupa daxil olublar, elə Türkiyə də. Bu, çox mühafizəkar qrupdur və onu dəstəkləməklə torilər və bir neçə başqaları faydalı maymağa çevriliblər.

Bəlkə də bunun müqabilində onlara pullar ödənib. Mən bunu deyə bilmərəm. Bu məsələlərə təhqiqatçı jurnalist gözü ilə baxmamışam.

Mənim 2006-cı ildə qəbul edilmiş hesabatım totalitar kommunist rejimlərin cinayətləri haqqında idi. İnanmıram ki, bundan iki il sonra həmin məruzə qəbul olunardı. Bir neçə ildə assambleyada ab-hava dəyişib, təmsilçilik dəyişib, Rusiyadan gələn təsir dəyişib.

Ukrayna hadisələrində gördüyümüz kimi Rusiyanın problemi öz tarixləri ilə haqq-hesabı bitirməməsidir. Azərbaycan da öz tarixi ilə haqq-hesabı tam çürütməyib. Totalitar rejimlərin hakimiyyətində olmuş bütün ölkələr tarixləri ilə haqq-hesabı çəkib qurtarmalıdırlar.

Almaniya bunu çox ağıllı bir şəkildə edə bilib. Rusiya və bəzi başqa ölkələr isə bunu çox ehtiyatla etməlidirlər. Əks halda biz indi gördüyümüz nəticələrin şahidi olacağıq.

Yenə də totalitarlıq öz eybəcər üzü ilə qayıdır. Tam mənada yox, lakin qismən qayıdır. Kimsə kimdənsə torpaq qoparır. Biz İkinci Dünya müharibəsindən sonra, Gürcüstandakı müharibəyədək belə bir şey görməmişdik.

- Siz Azərbaycanın yerini harada görürsünüz? Azərbaycan özünü müəyyən mənada Avropanın, sivil dünyanın bir hissəsi kimi görmək, beynəlxalq tədbirlərə ev sahibliyi etmək istəyir, lakin digər tərəfdən bunun əksi olan avtoritar siyasətlər yeridilir. Bunların hər ikisi bir yerdə ola bilərmi?

- Bu mümkün deyil. Bu, əvvəla Avropa Şurasının qaydalarına uyğun deyil. Bu, Avropa İttifaqı standartlarına da uyğun gəlmir.

Əlbəttə, Azərbaycanın böyük potensialı var. Və bu potensial imkanlardan beynəlxalq səhnədə böyük oyunçuya çevrilmək üçün istifadə edilməlidir. Bu isə o vaxt baş verə bilər ki, ölkə daxilindəki vəziyyət yaxşılaşsın.

İlham Əliyev ötən seçkilərdə onsuz da seçiləcəkdi.

- Azərbaycanda bu qiymətləndirmənizlə sizinlə razılaşmayanlar ola bilər...

- Anlayıram. Amma İlham Əliyev adamların arasında çox populyardır. Buna baxmayaraq, o müxalifəti və jurnalistləri repressiya edir.

Mən düşünürəm ki, o təkrar seçiləcəkdi. Əlbəttə eyni göstəricilərlə yox. 50 faizdən bir az çox səs əksər demokratik ölkələr üçün yaxşı göstərici sayılır. Lakin elə bir cəmiyyətin yaradılmasına ehtiyac var ki, orada fərqlilik ola bilsin. Bu cəmiyyətdə hər bir şey azad şəkildə müzakirə oluna bilməlidir. Burada medianın azadlığı tam olmalıdır. Cəmiyyətdə insanların həqiqəti və ya həqiqət olduğunu düşündüklərini, lap yanlış olsa belə, demək imkanı olmalıdır.

Baxın, bu dəyişikləri etmədən, sosial təhlükəsizlik sistemi yaradılmadan, Azərbaycan çətin ki, Avropa ailəsinə qəbul oluna bilsin.

Rumıniya və Bolqarıstandakı vəziyyətə baxın. Orada vəziyyət lazım olduğu qədər yaxşılaşmayıb. Avropa onları ittifaqa belə sürətlə üzv götürməklə səhvə yol verib. Ola bilsin ki, Avropa Şurası da Rusiya, Azərbaycan və Ermənistan kimi ölkələr barədə belə bir səhvə yol verib.

Burada belə bir prinsipə yol vermək olmaz ki, «kiminsə təbii ehtiyacını çöldən içəriyə etməsindənsə, içəri gəlib çölə etməsi daha yaxşıdır...». Zənnimcə, bu ifadəni ilk dəfə Lindon Johnson Hoover-lə söhbətində cəmiyyət barədə deyib. Lakin bu düzgün yanaşma deyil. Kimisə içəri buraxmaq üçün onun tələbləri necə yetirdiyinə, nəticələrinə baxılmalıdır. Sonradan bunu düzəltmək çox çətin olur.

- Bəlkə bu onunla bağlıdır ki, Azərbaycanın nefti və qazına Avropanın ehtiyacı var. Lap kəskin ehtiyacı olmasa da, Rusiya ilə bağlı münasibətlərə görə hər halda ehtiyacı var?

- Bu, Azərbaycan üçün yaxşı danışıq alətidir. Yəni Azərbaycanın elə bir şeyi var ki, başqaları onu almaq istəyirlər. Amma zənnimcə, Rusiyanın Krıma müdaxiləsindən sonra Avropa bu kimi məsələlərə bir az fərqli baxacaq.

- Necə fərqli?

- Bu mənada fərqli ki, Avropanın münasibət qurduğu ölkə Avropanın bir sıra standartlarına uyğun olmalıdır. Əks halda Ukrayna vəziyyəti yaranır. Bu kimi şeylər demokratiya olmayanda, korrupsiya ilə mübarizə aparılmayanda, militarizmdən, zorun dili ilə danışmaqdan çəkinməyəndə baş verir.

- Necə bilirsiniz, İsveçin bəxti gətirib ki, nefti və qazı yoxdur? Yoxsa bunlarsız da İsveçin vəziyyəti Norveç kimi yaxşı olacaqdı?

- Mən zarafatla məsələni başqa cür qoyuram. Heyf ki, biz bir vaxt Norveçin ayrılmasına yol vermişik. Bu, 1905-ci ildə tam dinc şəkildə baş verib. Norveç uğurlu ölkədir. Hərçənd orada da korrupsiya var.

Hər yerdə korrupsiya var. İsveçdə də... Lakin sözü gedən miqyaslarda yox. Korrupsiya ilə mübarizə üçün müstəqil ədliyyə sistemi lazımdır. Ancaq Rusiyadakı, yəqin ki, elə Azərbaycandakı kimi ədliyyə sistemi olanda, ümid hökumətə qalır. Bu halda isə korrupsiya ilə mübarizə mümkünsüz olur.

Kommunist Çinində olduğu kimi. Qismən Türkiyə kimi. Ayaq üstdə durmaq üçün üç ayaq lazımdır: Demokratiya, insan haqları, qanunun aliliyi. Qanunun aliliyi olmadan bu sistem işləmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG