Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

-
«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin hekayə 10-luğuna seçilmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz Nəcəf Talıbovdur. (Onluqdakı hekayəsini oxu)


- Nəcəf bəy, lütfən bizə bir qədər «Ədəbi Azadlıq»dakı hekayənizin yazılma tarixçəsindən danışın. Hekayədəki hadisələr gerçək olaylardımı?

- Bəli, yaşanmış və mənim yaxından iştirakçısı olduğum olaylardır. Məsələ ondadır ki, mən keçən il də «Ədəbi Azadlıq»da lirik bir hekayə ilə iştirak etdim, lakin hekayəm gözlənilən qədər maraqla qarşılanmadı. Müsabiqənin nəticələrini görəndə, onluğa düşmüş hekayələri nəzərdən keçirəndə bir qanunauyğunluğu anladım - bu müsabiqədə daha çox vətən, Qarabağ müharibəsi, müharibə zamanı Azərbaycan mövqelərinin informasiya blokadası və s. mövzularda əsərlərə üstünlük verirlər. Qarabağ müharibəsi dönəmində hərbiçi kimi cəbhədə vuruşduğum üçün oradakı yaşantılarımı bir hekayə şəklində yazmağı qərara aldım. Hekayədə 90-cı illərdə Leninqrad şəhər Sovetinin deputatlarının Qarabağ müharibəsi haqda yerində informasiya əldə etmək üçün Qarabağa gəlməsi təsvir olunur. Belə bir hadisə doğurdan da baş vermişdi və mən həmin deputatları müşayiət edirdim.


- Bəs, ədəbiyyata marağınız nədən yaranıb. İndiyə kimi nələr yazıbsınız?


- Deyim ki, indi 58 yaşım var və 8 yaşımdan bəri ədəbiyyat oxuyuram, daim kitab mağazalarına baş çəkən, ədəbi mühiti yaxından izləyən bir adamam. Həyatımın ən mühüm kitabı - Erix Mariya Remarkın «Zəfər tağı» kitabını oxuyandan sonra anladım ki, lazım olan vaxtda ən lazımlı kitablar insanı axtarıb tapa bilir və onu uzun müddət öz təsirində saxlayır. Başqa insanların həyatına təsir etmək, hisslərini ifadə edə bilmək mənim üçün heç nəylə əvəz edilə bilməyən bir qabiliyyətdir. Mənim özümə gəldikdə isə, mən ixtisasca iqtisadiyyatçıyam, iqtisadiyyat sahəsində elmi araşdırmalarla məşğul oluram, indiyə kimi iqtisadiyyat mövzusunda bir neçə kitabım çapdan çıxıb. Təqribən 10-12 il bundan qabağa qədər yazmaq kimi bir iddiam yox idi. Bir dəfə bir neçə yoldaşla Azərbaycan ədəbiyyatında elmi fantastikanın çox zəif inkişaf etməsindən, bu sahənin dirçəlməsinə ehtiyac duyulmasından danışarkən, həmsöhbətlərim məni qıcıqlandırdı və mərc gəldik ki, bu sahədə özümü sınaya bilərəm. Beləliklə savaş fantastikasına həsr olunmuş «Ekspedisiya» adlı povestimi yazdım. İş orasındadır ki, mən fantastik ədəbiyyatın vurğunuyam. Təəssüf edirəm ki, 60-cı illərdə Amerikada Rey Bredberi, Artur Klark, Ayzek Azimov kimi nəhəng fantastlar rus fantastika ədəbiyyatına təsir göstərsə də, bizim ədəbiyyatdan yan ötüb. Məqsədim fantastik təsvir və təhkiyə ilə Azərbaycan elmi fantastikasını, savaş fantastikasını inkişaf etdirməkdir.

- Doğurdan da bu sahədə böyük boşluq var. Bəs kitabınız çıxıbmı? Niyə saytlarda, mətbuatda bu mövzuda aktiv deyilsiniz?


- İnanırsınız, kitabımın redaktəsi də, korrektəsi də hazırdır. Ancaq 300-400 tirajla kitab çap edib, sonra əlimdə gəzdirməyi, mağazalara paylamağı və oturub satışını gözləməyi özümə sığdıra bilmirəm. Azərbaycanda kitab satılmır, oxucuların sayı azdır və bu, kitab çap etdirməklə bağlı həvəsimi tamam öldürür. Təsəvvür edin 19-cu əsrin ortalarında fransız yazarlar romanlarını yazmazdan öncə nəşriyyatla müqavilə bağlayırdılar, bizdə isə indi 21-ci əsrdə yazarlar kitabını 200-300 nüsxə çap edib evlərinə aparırlar. Hərdən mənə elə gəlir ki, kitab oxuyanların çoxu elə yazanlardır. Çox istərdim ki, ədəbiyyatımız xalq arasında indikindən daha populyar olsun. Min Azərbaycan yazarı arasında axırıncı olmağa da razı olardım, bundan özümü xoşbəxt sayardım. Bununla fəxr edərdim.


- Ədəbiyyat insana nə verir ki, indi gördüyünüz iş, yaxud məşğul olduğunuz elm sahəsi bunu verə bilmir?


- Mən öz işimdən də, məşğul olduğum elm sahəsindən də razıyam. Amma düşünürəm ki, insanın ailəsindən, işindən kənarda ancaq öz dünyasını əks etdirdiyi, öz hissləri ilə baş-başa qala biləcəyi bir məşğuliyyəti olmalıdır. Mütaliə və bədii mətn yaratmaq mənə belə bir zövq verir. Təkcə oxuduğum kitabların adını çəksəm, o kitablardan götürdüyüm insani hissləri sadalasam, bəlkə də onda məni anlayarsınız. Kitabların üzərimdə böyük təsiri olub. Əgər insan kiminsə yazdığı yazıda özünə münasib bir şey tapırsa, mən bunu yazar üçün böyük uğur hesab edirəm. Ədəbiyyat mənim üçün hobbidir, çox vaxt ilk oxucularım elə dostlarım olurlar, onlardan xahiş edirəm ki, tənqidlərini açıqca desinlər. Onların tənqidlərindən sonra bəzən yazdığım bir hissəni hekayədən tamam çıxarıram, bəzən yeni şeylər əlavə edirəm.

- «Ədəbi Azadlıq»ın builki onluğundan kimləri bəyəndiniz, özünüz kimlərə səs verdiniz? Müsabiqədən nələr gözləyirsiniz? Sizə nə kimi bir stimul yaradır müsabiqə?


- Şeir sahəsində Xəyalə Abbasovaya səs verdim, şeirləri çox xoşuma gəldi. Hekayə sahəsində isə Nahidin «Morqan» hekayəsini bəyəndim. Çox istedadlı gəncdir. «Pen Klub»da onu maraqla dinlədim. Bundan başqa builki müsabiqədə olmasa da, əvvəlki illərdə iştirakçı olmuş Azad Qaradərəlinin yazı dilini çox sevirəm. Onun «Lal çayın sahilində» hekayəsi tam ürəyimə yatır.

Əlbəttə, müsabiqə hər şeydən öncə mənə imzamı tanıtmaq, hekayəmə oxucuların və münsiflərin münasibətini görmək imkanı verdi. Əgər səsvermədə 12-13 nəfər də mənə səs veribsə, bu, mənim xoşbəxtliyimdir. Müsabiqədə bir sınaq kimi iştirak etdim, hekayəmə kütlənin marağını görə bildim. Bundan sonra onluğa düşmək imtiyazından istifadə edib fantastik janrda hekayələrimi «Oxu zalı»na göndərəcəyəm.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG