Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlıya ailə üzvləri ilə görüş verilmir.
Bu haqda AzadlıqRadiosuna onun vəkili Fariz Namazlı məlumat verib.
Vəkil deyir ki, görüş məsələsini təcridxana rəhbərliyi qarşısında qaldırılıb. Cavabında bildirilib ki, təcridxanada 2000-nə qədər şəxs saxlanılır, onlar da doğmaları ilə görüş gözləyir. Bəşir Süleymanlıya növbə çatanda görüşəcək.
Fariz Namazlı Bəşir Süleymanlının yaxınları ilə görüş hüququnun məhdudlaşdırılmasını əsassız sayır:
«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 19.6-cı maddəsinə görə, həbs edilmiş şəxs ayda dörd dəfə 4 saatadək müddətə görüş hüququna malikdir».
Bəşir Süleymanlı mayın 26-da məhkəmə zalında həbs ediləndən sonra bir dəfə mayın 30-da şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşə bilib.
Mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 5,5 il, qurumun icraçı direktoru Bəşir Süleymanlı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.