Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55
-

İyunun 11-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


«PREZİDENTƏ MÜRACİƏT EDƏN MƏHBUSLARA İŞGƏNCƏ VERİLİR»

«Son zamanlar Azərbaycan həbsxanalarında saxlanma şəraitinin dözülməz vəziyyətdə olması, məhbuslara qarşı törədilən qanunazidd hərəkətlər, işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə barışmayan bir sıra məhbus aidiyyəti qurumlara və dövlət başçısına müraciət edərək kömək istəyiblər. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri həll etmək əvəzinə müraciət müəlliflərinə müxtəlif yollarla təzyiq edir».

Bu barədə «Yeni Müsavat»a «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansından məlumat daxil olub. Məlumatda deyilir ki, bir neçə gün öncə 12 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluq, korrupsiya və işgəncə halları barədə dövlət başçısına müraciət edən məhbuslara müəssisənin rəhbərliyi tərəfindən şiddətli təzyiqlər başlayıb.

11 BANK NİYƏ ZƏRƏRLƏ İŞLƏYİR?

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda zərərlə işləyən bankların sayında artım var. Mərkəzi Bankın mayın 1-nə olan məlumatına əsasən, ölkəmizdə fəaliyyət göstərən 44 kommersiya bankının 11-i zərərlə işləyib. Bu göstərici 2011-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. 2011-ci ilin sonuncu ayını 14 bank zərərlə başa vurmuşdu. Zərərlə işləyən bankların sayında artım 2013-cü ilin dekabr ayından sonra müşahidə olunur. Dekabrın sonunda 4 bank zərərlə işləmişdi. Ötən 4 ay ərzində onların sayı təxminən 3 dəfə artıb. Bankların cəmi zərəri 33,67 milyon manat olub. 33 bank isə mənfəətlə işləyib. Onların mənfəəti 171,4 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bank mənfəətində artım var. Zərər və mənfəət nəzərə alınarsa, bankların cəmi gəliri 137,72 milyon manat olub.

YOLLARA 2.1 MİLYARD MANAT GEDİB

Ziya Məmmədov

Ziya Məmmədov

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov yap.org.az saytına müsahibə verib.

Nazir deyib ki, 2013-cü il ərzində avtomobil yollarının saxlanmasına ayrılmış 222,0 milyon manat vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 2,1 milyard manat vəsait yönəldilib. Bu dövrdə 584,7 km, o cümlədən 266,0 km respublika əhəmiyyətli, 318,7 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 39 ədəd körpü tikilib, 17 ədəd körpü təmir edilib.

AZƏRBAYCAN NÜMAYƏNDƏSİ BMT-DƏ

İyunun 10-da Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Ki-Moon-a təqdim edib.

AzərTac-ın məlumatına görə, Yaşar Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. O, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş katibin diqqətinə çatdırıb.

TƏHSİLDƏN YAYINMA(!)

Rövşən Ağayev

Rövşən Ağayev

«Media Forum» saytı təhsildən yayınmadan bəhs edən araşdırma dərc edib.
İqtisadçı ekspert Rövşən Ağayevin demoqrafik məlumatların əsasında təhlili göstərir ki, Azərbaycanda məktəbdən yayınma halları ilə bağlı problem rəsmi hesabatlarda təqdim olunandan daha kəskindir və onun dərin tədqiqatına ehtiyac var. Rövşən Ağayev deyib:

«Məsələn, 1998-1999-cu tədris ilində ölkədə 172 min nəfər uşaq 1-ci sinfə daxil olub. Həmin uşaqların sayı 2006-2007-ci tədris ilində ildə 9-cu sinfə çatdıqda 156 min, 2007-2008-ci tədris ilində ildə 10-cu sinfə çatdıqda 116 min, 2008-2009-cu tədris ilində ildə 11-ci sinfə çatdıqda 103 min nəfər təşkil edib».

CİBİMİZƏ GİRƏN ELM

«ANSPRESS» elmi dərəcələrin pulla alınmasından yazır.

«Statistik məlumatları tədqiq etdikdə, orta hesabla Azərbaycanda ildə təxminən 300 fəlsəfə doktorunun müdafiə etdiyini görmək olur. Statistikaya görə, əgər 2006-cı ilin əvvəlinə Azərbaycanda 2 min 306 nəfər fəlsəfə doktoru tədqiqatla məşğul olubsa, 2013-cü ilin əvvəlinə bu rəqəm 5 min 312-yə çatıb. Yəni 7 il müddətinə ölkə üzrə fəlsəfə doktorluğu müdafiə edənlərin sayı 2006 nəfərdən çox olub. Və bu 2006 nəfərin demək olar ki, əksəriyyəti elmi işini bir qəpik qazanmadan, böyük pullar xərcləyə-xərcləyə yazıb. Məhz bu səbəbdən indi elmi dərəcə alanların xeyli hissəsi elmdən uzaq, imkanlı iş və vəzifə adamlarıdır. Yəni elmi dərəcə alanların içində çörəyini elmi fəaliyyətdən çıxarmayanlar yetərincədir. Bu adamlara titullar sadəcə şöhrət üçün lazımdır. Yəni indi iş otağının girişinə «doktor filankəs» sözləri yazmaq dəb düşüb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG