Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

Qasırğa və leysan Gəncəyə ciddi ziyan vurub, xəsarət alanlar var [Video/Foto]


-
İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağışı ciddi fəsadlar törədib.

APA-nın məlumatına görə, güclü yağış nəticəsində obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra yenidən dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev baş verənləri böyük təbii fəlakət kimi xarakterizə edib:

«Böyük bir təbii fəlakətdir. Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər».

«GƏNCƏYƏ ÇOX BÖYÜK ZİYAN DƏYİB»


Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub:

«Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib».

İcra başçısı əhalini narahat olmamağa çağıraraq qeyd edib ki, Gəncədə təbii fəlakətin yaratdığı bütün problemlər bu gün günortayadək aradan qaldırılacaq.

FHN: «KATOSTROFİK DOLU, BURULĞANLI HAVA VƏ GÜCLÜ KÜLƏK OLUB»

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir neçə rayonunda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Bildirilir ki, Gəncə, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub. Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb. Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

DOLU 6 MAŞININ ŞÜŞƏSİNİ SINDIRIB

Gədəbəy və Daşkəsənə dolu düşüb, yollar və evlərə ciddi ziyan dəyib

Bu barədə AzadlıqRadiosuna hər iki rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Məlumata görə, dolu Daşkəsənin Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Daşkəsən, Mədənçilər, Alunitdağ kəndlərinə daha çox düşüb.

Gədəbəydə isə dolu Saratovka və Kiçikqaramurad kəndlərində evlərə ziyan vurub. Dolu 6 maşının şüşəsini sındırıb.

Leysan yağışından sonra 3 saat ərzində yolların hərəkəti iflic olub. Enerji fasilələrlə verilib.

Hazırda hər iki rayona dəyən zərər hesablanır.

1000-DƏN ÇOX EVİ SU BASIB

İyunun 10-da axşam saatlarında Gəncədə aramsız yağan yağış və güclü külək nəticəsində 1000-dən çox fərdi yaşayış evini su basıb. 800-ə yaxın fərdi və ümumi yaşayış evinin dam örtüyü dağılıb. Xeyli işıq dirəyi, dayanacaq, zibil qutusu, parklarda oturacaqlar yararsız hala düşüb.

İyunun 11-də Gəncə şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə, 200-dən artıq iri gövdəli ağac aşaraq, küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb:

«50-yə qədər avtomobil ağacların aşması nəticəsində ziyan görüb. Gəncə şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün yaradılan fövqəladə komissiyanın ilkin araşdırmasına görə, 27 qaz təsərrüfatı, 30-dan artıq yarımstansiya sıradan çıxıb».

Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Gəncədə baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün paytaxtdan xüsusi komissiya ezam olunur.
XS
SM
MD
LG