Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22
-

İyunun 10-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


TAĞI ƏHMƏDOVA İNTİHAR XƏBƏRDARLIĞI

«Azadlıq» qəzeti yazır ki, ikinci qrup Qarabağ əlili Loğman Ağalarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədova 79 min manat pul verdiyini deyir. Loğman Ağalarov bu barədə «Azadlıq»a ünvanladığı müraciətində yazır: «Təxminən 2012-ci ildə sahibkarlıq fəaliyyətimin artırılması üçün əlimdəki vəsaitə uyğun olaraq, obyekt əldə etmək istəyirdim. Bunun üçün Bakı Metropoliteni ərazisində satılan dükanlarla maraqlandım. Bu zaman Metropoliten əməkdaşları bildirdilər ki, obyektlərin satışı işilə Metropoliten rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədov məşğul olur. Mən də buna görə Rauf Əhmədovla görüşməli oldum. Görüş zamanı Rauf Əhmədov metronun İnşaatçılar stansiyasındakı keçiddə hər dükana görə 15 min AZN pul ödəməli olduğumu bildirdi. Lakin 6 dükanı bir dəfəyə götürdüyümə görə, 79 min manat ödənişlə razılaşdı. Razılaşmadan sonra Rauf Əhmədov bildirdi ki, dükanlar istifadəyə veriləndən sonra onları mənim adıma sənədləşdirəcək».

Lakin Qarabağ əlili iki il müddətində sənədləşməylə bağlı dəfələrə Rauf Əhmədova müraciət etsə də, heç bir cavab ala bilmədiyini deyib: «Tağı Əhmədov işdən azad olunandan sonra metro keçidlərində fəaliyyət göstərən bütün dükanlar, eyni zamanda mənə məxsus 6 dükan heç bir kompensasiya ödənilmədən söküldü. Yeni rəhbərliyə bu barədə dəfələrlə müraciət etsəm də, «pulu kimə vermisiz, ondan da tələb edin» cavabını aldım. Şikayətçi bildirir ki çıxılmaz vəziyyətə düşdüyündən intihar etmək haqqında düşünür. Qəzet Tağı Əhmədovdan bu məsələyə münasibət öyrənmək istəsə də, onunla əlaqə yaratmaq cəhdi alınmayıb.

ORTA MƏKTƏBİ BİTİRMƏK ONA 7200 MANATA BAŞA GƏLİB

«Bizim Yol» qəzeti yazır ki, valideynlər uşaqlarının dərsdənkənar hazırlığına xeyli vəsait xərcləyir. Belə məktəblilərdən biri Rəhimdir. O deyir ki, siniflərində demək olar ki, hamı hazırlığa gedir. «Bizdə müəllimlərin hazırlıq qiyməti 40-50 manatdır, ondan ucuzu yoxdur. Hazırlığa ayda 210 manat ödəyirəm. O gün uşaqlar hesablamışdılar, sinif yoldaşlarım 2 ilə hazırlığa 7200 manat pul xərcləyib. Hələ mən dərslikləri, əlavə vəsaitlərin alınması xərclərini nəzərdə tutmuram».

«BU GÜN SƏHƏR YUXUDAN OYANDIM, GÖRDÜM SƏSİM YERİNDƏDİR»

«Mediaforum» saytı xalq artisti, diktor Rafiq Hüseynovla müsahibə hazırlayıb. Rafiq Hüseynov deyib ki, təxminin on beş gün əvvəl Türkiyədə dərin və hərtərəfli müayinədən keçib, analizlər götürülüb: «Xərçəng elə xəstəlikdir ki, bir müddət sonra metastaz verir. Həkimlər məndə də metastaz yaranacağından narahat idilər. Şükürlər olsun ki, müayinə və analizin nəticələri müsbət oldu. Kimya terapiyasına görə saçlarım tökülüb. Ümid edirəm ki, yerinə gələcək. Amma saç olmasa da olar. Ölümlə savaşdan sağ çıxan insanın gözünə saç-filan görünmür. İndi, şükür Allaha, səsim açılıb, özünüz də hiss edirsiniz».

ƏSGƏRLƏRİMİZİN QİDA RASİONUNDA NƏLƏR VAR?

Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov «Yeni Müsavat» qəzetinə açıqlamasında bildirib ki, əvvəllər əsgərlər qaynadılmamış su içirdilər, buna görə müxtəlif xəstəliklərə tutulurdular. İndi isə onlara plastik qablarda bağlı vəziyyətdə su verirlər: «Qəbul olunmuş qida rasionu hər bir əsgərə doğru və düzgün şəkildə çatdırılmalıdır. Bəzi yerlər var ki, orada komandirlər səhlənkarlığa yol verilər. Ayrılmış qidanı lazımi şəkildə əsgərlərə çatdırmırlar».

«AZƏRBAYCANDA LEYLA YUNUS KİMİ ADAMLARIN SÖZLƏRİNƏ DİQQƏT YETİRƏN YOXDUR»

Bunu «Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun yeni yaratdığı Müqavimət Hərəkatına münasibət bildirərkən deyib:

«O kimdir ki, yaratdığı mərkəzin də əhəmiyyəti yüksək ola. Leyla Yunusun şəklini Bakıda sakinlərə göstərsən, əksəriyyət tanımaz. O həmişə Azərbaycanın milli maraqlarına zidd hərəkətləri ilə tanınır».

FƏHLƏLİKDƏN NAZİRLİYƏ

AzVision.az saytı Azərbaycan nazirlərinin çalışdıqları ilk iş yerlərini araşdırıb.
Xarici işlər naziri Elmar Məmmədyarovun ilk iş yeri Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib vəzifəsi olub.

Daxili işlər naziri Ramil Usubov karyerasına elə daxili işlər orqanlarından başlayıb.
Müdafiə naziri Zakir Həsənov 1985-ci ildə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmətini bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

Ədliyyə naziri Fikrət Məmmədov isə əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.
Müdafiə sənayesi naziri Yavər Camalov karyerasına operator kimi başlayıb. Maliyyə naziri Samir Şərifov karyerasına iqtisadçı kimi başlayıb. İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əmək fəaliyyətinə 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirdikdən sonra başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov karyerasını qurmağa başlayanda ilk çalışdığı işlərdən biri fəhlə olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə karyerasına ingilis dili müəllimi kimi başlayıb.

Yeni nazirlərdən hesab olunan təhsil naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb.

Səhiyyə naziri Oqtay Şirəliyevin əmək fəaliyyəti ilə bağlı yeganə məlumat onun elmi fəaliyyəti və Diaqnostika Mərkəzinin başçısı kimi çalışmağıdır.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 1976-cı ildə Moskva Energetika İnstitutunu «Avtomatika və telemexanika№ ixtisası üzrə bitirdikdən sonra təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işləyib.

Gənclər və idman naziri Azad Rəhimov ali təhsilini ingilis dili müəllimliyi üzrə alıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə əmək fəaliyyətinə Təhsil Nazirliyində başlayıb. Nəqliyyat naziri Ziya Məmmədovun ilk işi isə maşinist köməkçisi olub.

AZƏRBAYCAN MƏHSULLARI AVROPA KEYFİYYƏT NİŞANI İLƏ MARKALANACAQ

2014-cü ilin sentyabrından Azərbaycan məhsulları CE keyfiyyət nişanı ilə markalanacaq. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.

«Azərbaycan mallarının CE nişanı ilə Avropa ölkələrinin bazarlarına əlavə tələblər olmadan maneəsiz çıxarılmasına imkan verir».

CE nişanı məhsulun Avropa İttifaqının direktivlərinin əsas tələblərinə və Aİ-nin harmoniziya edilmiş standartlarına uyğun olması, həmçinin məhsulun təlimatlara uyğun qiymətləndirmə prosedurunu keçdiyini göstərən xüsusi nişandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG