Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

«Prezident... içdiyi andı pozmuş olacaq»


İlham Əliyevin andiçmə mərasimi, 2008
İlham Əliyevin andiçmə mərasimi, 2008
-
«Prezident «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna edilən dəyişikliyi imzalayacaqsa, içdiyi andı pozmuş olacaq. Çünki bu dəyişiklik konstitusiyaya ziddir».

«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin iyunun 9-da yaydığı bəyanatda belə deyilir.

Mayın 30-da Milli Məclis «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklər edib.

«Azərbaycan Miqrasiya Mərkəzi» hesab edir ki, doğum haqqında şəhadətnamənin şəxsiyyəti təsdiq edən sənədlərin siyahısından çıxarılması problem yaradacaq:

«Bu, o deməkdir ki, siz xaricdə doğulan və doğum haqqında şəhadətnamə ilə təmin olunan uşaqlarınıza Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alan zaman indiki vəziyyətlə müqayisədə daha ciddi problemlərlə rastlaşacaqsınız. Həmçinin, dəyişikliyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu məlumatı verməyən şəxslər üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət müəyyən olunacaq».

«SEÇMƏK VƏ SEÇİLMƏK HÜQUQUNUZU İTİRƏCƏKSİNİZ»

Bəyanat müəlliflərinin fikrincə, bu qanunun qüvvəyə minməsi əsassız olaraq vətəndaşlıqdan məhrumetməyə də yol açacaq:

«Bununla da siz cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək , dövlətin idarə olunmasında iştirak etmək hüququndan məhrum ediləcəksiniz. Həmçinin, özünüz və övladlarınızın dövlət orqanlarında qulluq etmək imkanından məhrum olunacaq, dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnuzu itirəcəksiniz».

«BUNLAR BİR-BİRİNƏ ZİDDİR»

Hüquqşünas Müzəffər Baxışov da qəbul olunan dəyişikliyi konstitusiyaya zidd sayır:
Müzəffər Baxışov
Müzəffər Baxışov

- Bu çox biabırçı bir dəyişiklikdir. Dəyişikliyə görə, əgər Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul edərsə və bu haqda məlumat verməzsə, cinayət məsuliyyəti daşıyır. Bəlkə də dünyanın heç bir yerində bunun kimi biabırçı hüquq aktı yoxdur. Deyək ki, Azərbaycan vətəndaşı başqa bir dövlətin vətəndaşlığını qəbul edir və bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat vermir. Bununla dövlətə, cəmiyyətə, şəxsiyyətə hansı ziyan dəyir ki, buna görə cinayət məsuliyyəti müəyyən olunur? Bu, necə ictimai təhlükə əməl ola bilər ki, dünyanın bütün dövlətlərində vətəndaşlar başqa dövlətin vətəndaşlığını qəbul edirlər? Burada ictimai təhlükədən söhbət gedə bilməz. Konstitusiyaya görə, Azərbaycan ərazisində doğulan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Yeni qanuna görə isə, valideynlərin hər ikisi əcnəbidirsə, onlardan doğula uşaq vətəndaş sayılmır. Bunlar biri-birinə tamamilə ziddir.

- Bəzi ekspertlər bu dəyişikliyə haqq qazandırırlar. Onlar bunu Rusiyadan Azərbaycana gözlənilən təhlükə ilə əlaqələndirirlər.

- Bunlar yalandan düşünülmüş bəhanələrdir. İkinci də hansı təhlükənin olmasından asılı olmayaraq, konstitusiyanı pozmaq olmaz. 1937-ci ildə də SSRİ üçün böyük təhlükə olduğunu bəhanə gətirərək xeyli adam qırdılar.

- Bu dəyişiklik ikili vətəndaşlığı olanlara təsir edəcəkmi?

- Konstitusiyaya görə, ikili vətəndaşlığı tanıma var. Burada problem yoxdur. Maraqlı budur ki, indiki dəyişikliyə görə, hansısa ölkənin vətəndaşlığını alacaqsınızsa, 30 gün ərzində Azərbaycana məlumat verməlisiniz. Orada dövlət qulluğuna qəbul olunsanız, hərbi xidmət keçsəniz, bundan sonra Azərbaycan vətəndaşlığını itirəcəksiniz.

- Bun dəyişikliyinin hakimiyyətin siyasi rəqiblərinə qarşı istifadə edəcəyi haqqında da fikirlər səslənir. Siz necə düşünürsünüz?

- Bəli. Hesab edirəm ki, bu dəyişikliyi etməkdə hakimiyyətin bir məqsədi də Azərbaycandan vaxtı ilə qaçan fəal insanların bir daha Azərbaycana gəlməsinin qarşısını almaqdır. Bununla da hakimiyyətə iddialı olan şəxslərin qarşısını almaq istəyirlər.
XS
SM
MD
LG