Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

"Elə anlar gəlir ki, yazmasan, sadəcə boğula bilərsən"


Hədiyyə Şəfaqət

Hədiyyə Şəfaqət

-

"Doğrusu, mənim içimdə çoxdan bəri həm öz ölkəmizdəki, həm də ümumilikdə bütün dünyadakı müharibələrə bir etiraz vardı. Bu hekayə bütün dünya müharibələrinə etirazdır".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz Hədiyyə Şəfaqətdir. (Onluqdakı hekayəsini oxu)


- Hədiyyə xanım, bu il “Ədəbi Azadlıq” müsabiqəsində, tamamilə gözlənilməz, ədəbiyyatda yeni-yeni tanınan imzalar arasında siz də varsınız. Ədəbiyyatla nə vaxtdan məşğulsunuz, niyə indiyə qədər imzanız qarşımıza çıxmayıb?

- Ədəbiyyatla 15-16 yaşımdan məşğulam, 17 yaşım olanda dövlət radiosunda hekayələrim səslənirdi. O illərdən bəri dəfələrlə ədəbiyyatla tamam vidalaşıb sonra qayıtmışam. Ümumiyyətlə, istənilən işdə planlı, düşünülmüş addımlarla irəliləyə bilərəm, bircə ədəbiyyatda bunu bacarmıram. Mənə elə gəlir ki, mənim hansısa mistik bir yazar missiyam yox, sadəcə, içimə dolub məni narahat edən yazmaq həvəsim var. Elə anlar gəlir ki, yazmasan, sadəcə boğula bilərsən, buna görə də yazıram. Ancaq kimsə bilmir ki, hansı gün, ədəbiyyatla aram tamam soyuyacaq və hansı gün yenidən marağım yaranacaq.

- Bəlkə ixtisasınız ədəbiyyatdan uzaqdır və işlərinizin arasında vaxt tapa bilmirsiniz?

- Xeyr, mən ixtisasca ədəbiyyatçı, folklorşünasam, uzun müddət Şəkidə Elmlər Akademiyasının regional şöbəsində folklor toplamaqla məşğul olmuşam, amma deyim ki, şivə sözlərini, ləhcə danışığını yazıda istifadə etməyi heç də sevmirəm, çünki bunun mətni tərcümə üçün yarasızlaşdıracağını düşünürəm.

Əslində həmişə bir tərəfim ədəbiyyata yaxın olub, hal-hazırda Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dinləyicisiyəm. Sırf yaşadığım əyalət şəhəri ilə Bakıdakı ədəbi mühit arasında körpü qura bilmək üçün tez-tez Şəkidən Bakıya dərsə gəlirəm.

- Deməli, yazmaq sizin üçün qarşısıalınmaz bir ehtiyaca çevrilib. Bəs nələr sizi yazmağa vadar edir, ictima-sosial vəziyyət, siyasət, yoxsa...

- Mənim bircə mövzum var, o da insandır, məni insandan başqa heç nə maraqlandırmır. Bütün yazılarım insan və onun ətrafında cərəyan edir. Düşünürəm ki, biz insanın bir varlıq kimi təyinatını, kimliyini, hisslərini, taleyini öyrənməli və təsvir etməliyik.

- Müsabiqədəki “Barış” hekayəniz torpağını itirmiş, sonradan heç bir qan tökmədən torpağına qayıtmış bir şəxsin yaşantılarıdır. Bu hekayəni müharibələrə etiraz məqsədiyləmi yazıbsınız?

- Bilirsiniz, mən özüm heç vax əvvəldən yazılarımda bir mesaj gizləmirəm, sadəcə, yazıram və bu necəsə anlaşılır. Hekayəm onluğa düşəndə çoxları oxuyub məni qınadı ki, niyə hekayənin adını “Qələbə” yox, “Barış”qoyubsan. Doğrusu, mənim içimdə çoxdan bəri həm öz ölkəmizdəki, həm də ümumilikdə bütün dünyadakı müharibələrə bir etiraz vardı. Bu hekayə bütün dünya müharibələrinə etirazdır. Düşünürəm ki, müharibə varsa, kimsə ölürsə, kimsə yaxınını itirirsə, orda qələbə ola bilməz. İnsan ancaq barış vasitəsilə nə isə qazana bilər. Bayaq dediyim kimi, mənim əsas qəhrəmanım, əsas qayəm insandır, onun ətrafında baş verənlərdir. Mən insanı bir varlıq kimi hər şeydən üstün tuturam.

- Bildiyim qədərilə, “Ədəbi Azadlıq”da birinci dəfədir iştirak edirsiniz və elə ilk dəfədən hekayə onluğuna düşübsünüz, bu sizin üçün gözlənilən idimi?

- Xeyr, əvvəldən iyirmiliyə, onluğa düşmək kimi bir gözləntim yox idi. İyirmiliyə düşəndə çox sevindim, onluğa düşəndə isə əsl oxucu marağı ilə qarşılaşdım. Mənə Gürcüstandan, Türkiyədən, Danimarkadan məktublar gəldi, hekayəmlə bağlı oxucuların sualları və hissləriylə tanış oldum. Əlbəttə, bu mənim üçün hədsiz stimul oldu. Deyim ki, müsabiqəyə qatılanda hekayəmi ən sonuncu gün göndərmişdim, tələsik redaktə edib, əlavələrimi etmişdim, amma gözlədiyimin əksinə olaraq, bütün çatışmazlıqlarına baxmayaraq, hekayəm münsiflər və oxucular tərəfindən maraqla qarşılandı.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG