Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55
-
«Gecələr yata bilmirdik, küçələrin başında nəzarətçilər dayanmışdı, küçələri qoruyurdu. Evdəkilər səksəkədəydi ki, bu dəqiqə qapıdan-pəncərədən içəri girəcəklər». O günlərin canlı şahidi, indi – 70 illik sürgündən sonra dədə-baba torpağına – Gürcüstanın Axısqa şəhərinə qayıdan Dursun Mərdəlioğlu 1989-cu ilin qanlı «Fərqanə hadisələri»ni belə xatırlayır.

«FƏRQANƏ FACİƏSİ»NİN SİRRİ ÇÖZÜLMƏYİB

Axısqa türklərinin Özbəkistanın Fərqanə bölgəsindən qovulmasından 25 il ötür. İlk sürgündən – 2-ci Dünya Müharibəsində Stalin sürgünündən sonra onların xeyli hissəsi məhz Fərqanə vadisində məskunlaşmışdı. Sovetlər Birliyi çökərkən Axısqa türkləri daha bir sürgün yaşadılar. Gözlənilmədən baş verən, sonralar «Fərqanə hadisələri» adlanan etnik qarşıdurma Axısqa türklərinə ikinci sürgün həyatını yaşatdı. Bu olaylardan 25 il ötsə də, qəfil toqquşmanın səbəbi hələ də tam bilinmir. Amma acı sonuclar göz önündədir: xeyli sayda insan tələfatı və bir etnik qrupun ikinci sürgünü.

Deyilənə görə, bir qrup adamın «onlar özbək qadınlarına təcavüz edir» qəbilindən qızışdırıcı təhrikləri qarşıdurmaya yol açıb. Bu cür təbliğat aparan insanların kimliyi hələ də məlum deyil. Onların Sovet KQB-sinə «işlədikləri» ehtimal olunur.

Axısqa türkləri hələ 50-ci illərin ortalarından, az da olsa, Azərbaycanda məskunlaşmışdılar (əsasən, Saatlı-Sabirabad bölgəsində). Amma Fərqanə olaylarından sonra Azərbaycan Axısqa türklərinə rəsmən qucaq açmış oldu. Onlar Azərbaycanın aran bölgəsində – Saatlı, Sabirabad və Şamaxıda, qismən də Xocalı və Gəncədə yerləşdirildilər.

70 İL ÖNCƏNİN NOYABR GECƏSİ
Ahıskada dəmiryolu stansiyası

Ahıskada dəmiryolu stansiyası

Dursun Mərdəlioğlu «Fərqanə hadisələri»ndən danışmağa çox da meylli deyil. Deyir ki, onsuz da orada qonaq idik, haçansa vətənimizə qayıdacağımıza inanırdıq. Amma qonağa gərək belə münasibət göstərilməyəydi. Dursun Mərdəlioğlu problemlərin başladığı ilk günə – 1944-cü ilin 14 noyabr gecəsinə qayıtmağı, sonrakı 70 il boyunca yaşanan bütün faciələri həmin gecədə axtarmağı məsləhət görür. Axı bu il Axısqa türklərinin Stalinin əmri ilə yurd yerindən sürgünə göndərilmələrinin də 70-ci ilidir.

İndinin Axısqasında oturub, yaşı 80-i keçmiş Məhəmməd kişinin xatirələri adamı məhz 70 il öncəki Axısqaya, o müdhiş gecəyə qaytarır:

«1944-cü il noyabrın 14-də gecə hərbiçilər gəlib atamı çağırdılar. Onun hara getdiyini bilmədik, amma dedilər ki, kəndin mərkəzində yığıncaq var. Təxminən bir saatdan sonra atam qayıtdı. Çox narahat idi, anama dedi ki, 20 dəqiqə vaxtımız var, uşaqları geyindir, nə götürə bilərsənsə də götür. Bizi sürgünə göndərirlər. Anam hara getdiyimizi soruşarkən, atam bilmədiyini söylədi. Bizim ölümlü, ağrılı günlərimiz həmin gecədən başladı».

O gecə yaşananlar 1944-cü il iyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsinin 6279 saylı məxfi qərarının icrası idi. Bu qərara əsasən, 91 minə yaxın Axısqa türkü zorla Gürcüstandan Qazaxıstana (40 min), Özbəkistana (30 min) və Qırğızıstana (20 min nəfərdən çox) – insansız çöllərə köçürülmüşdü.

«BİZ VARLIYKƏN YOXSUL, ONLAR DA YOXSULKƏN VARLI OLDULAR...»

Məhəmməd kişinin söylədiklərindən: «Axısqada nə qədər malımız-dövlətimiz vardısa, heç birinə dəymədik. Hamısı qaldı orada. Sonralar eşitdik ki, sürgündən sonra bizim evlərə erməni və gürcüləri yerləşdiriblər. Beləcə, bircə günün içində biz varlıykən yoxsul, onlar da yoxsulkən varlı oldular».

Məhəmməd kişidən sürgün yolculuğunun təfərrüatını soruşanda kövrəlir, gözləri dolur:
Məhəmməd kişi

Məhəmməd kişi

«18 gün yol getdik. Dəhşətli soyuq idi, amma bir vaqona o qədər sürgünlük adam doldurmuşdular ki, bədən-bədənin üstündəydi. Soyuğu hiss etmirdik. Amma acından ölənlər çox idi. Ural dağlarından keçib Özbəkistana, Mirzəçölə çatanadək qatar bir neçə dəfə bəzi stansiyalarda dayandı. Hər dayananda da məlum olurdu ki, sən demə, bayaqdan sənin yanında dayanmış adam ölüb. Qəribə hisslər idi, heç birimiz uşaq çağımızda bu qədər meyit görməmişdik. Bu 15-20 günün içində o qədər ölü gördük ki, ölüm bizə adiləşdi... Daha ölülərdən qorxmurduq. Qatar hər dayananda ölüləri vaqondan çıxarıb elə oraya – çöllük-biyabanlıq yerlərə atırdılar. Vaqonlar hər stansiyada bir az da boşalırdı».

«BİRCƏ AXISQAYA QAYIDA BİLMƏZSİNİZ»

Məhəmməd kişi Özbəkistanda məskunlaşmaqla problemlərin bitmədiyini, əksinə, başqa şəkil aldığını söyləyir: «1944-cü ildən 1956-cı ilədək tam nəzarət altında yaşadıq. Bir kənddən başqa kəndə gedəndə də mütləq aidiyyatı orqana məlumat verməliydik. Onların razılığı olmadan evdən də çıxa bilmirdik. 1956-cı ilədək belə davam etdi. Həmin il bizə bəraət verildi. Bəraət qərarında deyilirdi ki, hara istəsəniz gedə və orada yaşaya bilərsiniz, amma... bircə Axısqaya qayıda bilməzsiniz. Həmin vaxt bir kiçik köç başlandı: Bir-birini itirmiş ailə üzvləri axtarışa çıxdılar... Qardaş bacını axtarırdı, ata balanı. Bir çoxları, beləcə, sürgün olunduqları yerləri tərk etdilər.
Biz də həmin əfvdən yararlanıb Azərbaycana gəldik – həm vətənimizə yaxın idi, həm düşünürdük ki, vətənə buradan daha rahat qayıda bilərik, həm də Azərbaycan vətəndaşları ilə dilimiz, demək olar, fərqlənmirdi. O vaxt Azərbaycan rəhbərliyi də oraya gəlməyimizə çox yardım göstərdi. İnsanlar bizə qucaq açdı. Azərbaycan bizə vətən əvəzi oldu. Biz də 1964-cü ildə Saatlı rayonuna getdik. Orada Səməd Vurğun kolxozunu yaratdıq və nümunəvi kolxoza çevirdik».

YENİ PROBLEM – VƏTƏNDAŞSIZLIQ

Mən Məhəmməd kişini 2009-cu ildə, sürgünün 65 illiyi ilə bağlı fotoreportaj hazırlarkən, Saatlıda görmüşdüm. Onlarda qonaq da olmuşdum. Həmin vaxtlar o kişi vətən həsrəti ilə yanıb tutuşurdu, «ölümüm o torpaqlarda olsun!» – deyirdi. Məhəmməd kişi ölümündən əvvəl dədə-baba torpağına gedə bilməyəcəyindən qorxurdu...

İndi Axısqada gəzərkən, onu dərhal tanıdım. Hədsiz sevindim ki, 65 illik sürgün həyatından sonra – 2009-cu ilin sonlarında bu ixtiyar yaşlı adam yenidən öz vətəninə qayıdıb. Düzdür, burada axısqalılar əvvəlki kimi çox deyillər – sadəcə, 20-25 ailədirlər. Amma Məhəmməd kişi özünü xoşbəxt sayır. İndi onun evində başqaları qalsa da...
Məhəmməd kişinin söylədiklərindən: «İndi axısqalıların əsas problemi Gürcüstanda vətəndaşlıq ala bilməmələridir. Biz 3-4 il əvvəl bura gələndə, mənim iki nəvəmin 15-16 yaşı vardı. İndi 18-i keçiblər. Heç birinin Gürcüstan sənədi yoxdur. Vətəndaşlıq üçün müraciət edirik, Gürcüstan Prezident Aparatına məktub yazırıq. Hər məktubun qeydiyyata alınması 300 laridir (təxminən 150 manat). Bizə ordan cavab gəlir ki, sizə vətəndaşlıq vermək istərdik, amma Azərbaycan Respublikasının xahişi budur ki, Azərbaycan vətəndaşlarına heç yerdə vətəndaşlıq verilməsin. Özbəkistan və Qırğızıstandan bir il əvvəl gələn axısqalılar dərhal Gürcüstan vətəndaşlığı alıb, amma biz və ailələrimiz hələ də sənədsiz yaşayırıq. Sürgün, çəkdiyimiz acılar bir yana, burda başımıza gələnlər də bir yana...».

«AZƏRBAYCAN AXISQALILARIN GÜRCÜSTAN VƏTƏNDAŞI OLMAĞINA MANEÇİLİK TÖRƏDİR»
Axısqalı ailə

Axısqalı ailə

Söhbətə Dursun Mərdəlioğlu da qoşulur: «Həyat yoldaşım Gülcahan xanım hətta doğum vaxtı sənədsizlikdən əziyyət çəkdi. Övladımız dünyaya gələndə, burada sənədlərim olmadığı üçün, məcbur qalıb qeydiyyata düşdüyümüz Saatlı rayonuna qayıtdıq. Orada dünyaya gəldi övladımız. Ona orada sənəd düzəltdirib buraya gətirdik, amma Azərbaycan vətəndaşı kimi. Mən də yoldaşım kimi Axısqa türküyəm, amma Özbəkistandan gəldiyim üçün mənə Gürcüstan hökuməti dərhal vətəndaşlıq verib. Azərbaycan bir vaxtlar Axısqa türklərinə qucaq açdı, onlara sığınacaq verdi, amma indi Azərbaycan axısqalıların Gürcüstan vətəndaşı olmağına maneçilik törədir».

Dursun Mərdəlioğlu deyir ki, Azərbaycandan Axısqaya köçmüş 40-a yaxın ailə bu problemlə üzləşdiyindən, dədə-baba torpaqlarına qayıtmaq istəyən başqa Axısqa türkləri artıq qorxur, tərəddüd edir. Ona görə təmənnamız odur ki, Azərbaycan hökuməti tezliklə bu problemin həllində bizə kömək etsin.

Qeyd edək ki, 1944-cü il noyabrın 14-də sürgün edilmiş Axısqa türkləri 2005-ci ildən bəri tək-tək də olsa, yurdlarına qayıdırlar. Onlar qayıdarkən 44-cü ilə qədər sahib olduqları qanuni evlərinə deyil, öz pulları ilə aldıqları yerlərdə məskunlaşırlar. Bu maddi sıxıntılardan Axısqa türkləri çəkinmirlər. Sadəcə, üzləşdikləri başlıca əngəlin – sənədləşmə və vətəndaşlıq əngəlinin tez aşılmasını umurlar.

«AZƏRBAYCAN BUNU ETMƏMƏLİYDİ...»

«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Gürcüstanın Axısqa türklərinin geri qaytarılması ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürdüyünü bildirir:

«Azərbaycan 1998-ci ildə Özbəkistandan gələn Axısqa türklərinə sadələşdirilmiş qaydada öz vətəndaşlığını verdi. Əslində bunu etməli deyildi. Onların Gürcüstana qaçqın kimi yerləşməsini təmin, yaxud buna yardım etməli idi. Hazırda Azərbaycan Gürcüstanda Axısqa türklərinin məskunlaşmasına və ya vətəndaşlıq almasına qadağa qoymaq imkanına malik deyil. Eyni zamanda Gürcüstan kiməsə vətəndaşlığını verən zaman Azərbaycanın razılığını da tələb etmir və etməli deyil».

Bakı-Saatlı-Axısqa

Şərhləri göstər

XS
SM
MD
LG